“Naxçıvanbank”ASC-nin Şərur rayon filialı 2014-cü ilin aprel ayından fəaliyyət göstərir.
Filial Şərur, Sədərək və Kəngərli rayonlarındakı sahibkarların kiçik maliyyə resurslarına olan tələbatlarının ödənilməsini həyata keçirməklə, hüquqi və fiziki şəxslərə növbəlilik sistemi vasitəsilə müxtəlif bank xidmətləri göstərir. Belə ki, öz fəaliyyət proqramına uyğun olaraq yeni, eyni zamanda sərfəli xidmətlər tətbiq etməklə müştərilərinə biznes, kənd təsərrüfatı və istehlak kreditlərinin, kart kreditlərinin verilməsini həyata keçirir. “Naxçıvanbank” tərəfindən ölkə üzrə ən aşağı faiz dərəcələri ilə təklif edilən əkinçilik, heyvandarlıq, sənaye, ticarət, istehlak və sair kredit məhsullarının daha əlçatan olması çoxçeşidli elektron bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Filialın müdiri Fərman Quliyevlə söhbətimiz zamanı bildirdi ki, filial vasitəsilə əhaliyə göstərilən bank xidmətlərinin keyfiyyəti yüksəldilir, nağdsız ödəniş sistemləri inkişaf etdirilir. Müxtəlif ölkələrin ən məşhur və etibarlı pulköçürmə sistemlərinə qoşulan filialda sakinlər çətinlik çəkmədən dünyanın istənilən nöqtəsinə təcili pul köçürməsi həyata keçirə bilirlər.
Müsahibimiz onu da qeyd edir ki, bununla yanaşı, hökumət ödəniş portalı vasitəsilə kommunal, rabitə xərclərinin, dövlət rüsumlarının, vergi və cərimələrin ödənilməsi, bank hesablarının açılması və hesab üzrə əməliyyatların aparılması, plastik kartların verilməsi, bankomat xidməti, sahibkarlıq subyektləri ilə müqavilələr bağlamaqla rayon ərazisində fəaliyyət göstərən müxtəlif təyinatlı ticarət obyektlərində POS-terminalların quraşdırılması və digər əməliyyatların aparılması da reallaşdırılır. Artıq Şərur rayonunun müxtəlif təyinatlı ticarət obyektlərində quraşdırılmış POS-terminalların sayı 46-ya çatdırılıb. İlin ilk altı ayında POS-terminallar vasitəsilə aparılmış əməliyyatların həcmi, ümumilikdə, 66 min 565 manat təşkil edib.
Filial sahibkarlara səmərəli və güzəştli kreditlər verməklə onlara maliyyə xidmətləri göstərir, müştərilərin iqtisadi imkanlarını yaxşılaşdırmağa çalışır. 2018-ci ilin ilk 6 ayı ərzində, ümumilikdə, 2 milyon 191 min 400 manat məbləğində kənd təsərrüfatı, biznes, istehlak, kart və ipoteka kreditləri verilib.
Fərman Quliyevin sözlərinə görə, kənd təsərrüfatı və biznes sahələrinə verilən kreditlər məqsədli kreditlərdir və təyinatına uyğun istifadə olunmasına filial özü nəzarət edir. “Naxçıvanbank” ASC tərəfindən 2017-ci ilin yanvarından kənd təsərrüfatı sahələri üzrə verilən kreditlərin faiz dərəcələri 13-ə endirilib. 2018-ci ilin birinci yarısında heyvandarlıq üzrə 848,7, arıçılıq üzrə 39, əkinçilik üzrə 144,3 min manat həcmində kredit verilib. Kiçikhəcmli kreditlərin verilmə prosedurları isə sadələşdirilib.
Filialın fəaliyyətə başlaması rayon əhalisinin bank-maliyyə xidmətlərinə daha rahat şəkildə çıxışını və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin edib. Əvvəllər rayon əhalisi bu xidmətlərdən yararlanmaq üçün Naxçıvan şəhərində fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə müraciət etməli olurdu. Bu da, öz növbəsində, vəsait, vaxt itkisi və məsafə baxımından müəyyən çətinliklər yaradırdı. Bu gün isə xidmətlər daha əlçatandır və yerli əhalinin maliyyə resurslarına olan ehtiyacının adekvat ödənilməsinə imkan verib.
Məlumat üçün bildirək ki, hazırda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin 1-i paytaxt Bakı şəhərində, 4-ü muxtar respublikada olmaqla, ümumilikdə, 5 filialı fəaliyyət göstərir.
Ramiyyə ƏKBƏROVA