Şahbuz rayonunda əhalinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Rayonun torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulların təzə saxlanılması, qış aylarında əhalinin faraş tərəvəz məhsulları ilə təmin olunması məqsədilə bir neçə il öncə burada güzəştli kredit hesabına meyvə-tərəvəz anbarı yaradılmışdı. Lakin uzun müddət idi ki, o, təyinatı üzrə istifadə edilmirdi.
Bu yaxınlarda rayondakı meyvə-tərəvəz saxlanılması üçün nəzərdə tutulan soyuducu anbarın fəaliyyəti bərpa olunaraq “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlayıb. Cəmiyyət tərəfindən muxtar respublikanın rayonlarından, ümumilikdə, 100 ton kartof tədarük edilərək soyuducu anbara gətirilib. Qeyd edək ki, bu il rayonda, ümumilikdə, 435 hektara yaxın sahədə kartof əkini həyata keçirilib. Hazırda məhsulun bir hissəsi tədarük olunaraq sahələrdən toplanıb.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları münasib qiymətə həmin soyuducu anbara təhvil verirlər. Bu da bir zamanlar soyuducu anbarların olmaması səbəbindən tonlarla məhsulu zay olan zəhmət adamlarına göstərilən diqqət və qayğının nəticəsidir. Torpaq mülkiyyətçiləri bu qayğını yüksək qiymətləndirirlər.
Xəbərlər şöbəsi