Günü-gündən yeniləşən, gözəlləşən qədim diyarımızda tikinti-quruculuq tədbirlərinin miqyası ilbəil genişlənir. İndi paytaxt Naxçıvan şəhərindən başlayaraq ucqar dağ kəndlərinədək hansı səmtə yolun düşsə, görülən işlərin çalarları gözlərin önündə canlanar. Abad, geniş yollar, milli memarlıq elementlərini özündə əks etdirən müasir inzibati və yaşayış binaları, ən yeni avadanlıqlarla təchiz olunmuş təhsil, səhiyyə və mədəniyyət ocaqları müstəqillik illərində aparılan quruculuq işlərinin bəhrələridir.
Son illər Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işləri həyatın bütün sahələrini əhatə edir. İdarə, müəssisə və təşkilatlar üçün yeni binaların inşası da mütəmadi olaraq diqqətdə saxlanılır, işçilərin ilin bütün fəsillərində səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Cari ildə də bu istiqamətdə bir sıra işlər həyata keçirilib. Tikilən və ya yenidən qurulan bir neçə inzibati binada artıq son tamamlama işləri aparılır. Naxçıvan şəhərinin Xətai məhəlləsindəki “Araz” Elm-İstehsalat Birliyi, Bitkilərin Mühafizəsi və Toxumçuluq İdarəsi üçün inşa olunan binada da artıq işlər yekunlaşmaq üzrədir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Şəhər İdarəsinin inşaatçıları hazırda binanın həyətində abadlıq işləri aparır, ərazidə müasir işıqlandırma sistemləri quraşdırır, bordürləri səliqə ilə düzürlər. Binanın həyətində yaşıllıqlar, gülkarlıqlar da salınacaq.
Layihəyə əsasən 4 mərtəbədən ibarət olan binanın zirzəmisində yeməkxana, mətbəx, laboratoriyalar, anbar yerləşəcək. Birinci mərtəbədə Bitkilərin Mühafizəsi və Toxumçuluq İdarəsinin, 2-ci və 3-cü mərtəbələrdə isə “Araz” Elm-İstehsalat Birliyinin işçiləri üçün iş otaqları, akt zalı, kitabxana və digər otaqlar olacaq.
Quruculuq ərməğanından Naxçıvan şəhərinin 48-ci məhəlləsinə də pay düşüb. Belə ki, adıçəkilən ünvanda cari il aprel ayının əvvəllərindən etibarən 200 yerlik uşaq bağçası üçün bina inşa olunur. Obyektin tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarına həvalə olunub. İş icraçısı Şöhrət Qoçəliyevdən aldığımız məlumata görə, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binanın pəncərələri salınıb, dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib. Hazırda daxildəki divarlara alçı vurulur, yerə daş düzülür. Obyektə kifayət qədər işçi qüvvəsi cəlb edilib, onlar lazım olan tikinti materialı və geyimlə təmin olunublar. Ərazidə texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilir.
Naxçıvanda son illər ərzində təhsil müəssisələri üçün yeni binaların inşası, yararsız hala düşmüş köhnə tikililərin əsaslı şəkildə yenidən qurulması və təmir-bərpa işləri də uğurla həyata keçirilir.
Görülən tədbirlərin davamı olaraq bu il aprel ayının əvvəllərindən etibarən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin köhnə korpusu əsaslı şəkildə yenidən qurulur. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunan obyektdə işlər hazırda tam sürətlə davam edir. Obyektin iş icraçısı Orxan Orucovun bildirdiyinə görə, eni 6, uzunu 30 metr olan yeni korpus tikilərək əsas binaya əlavə olunub. Kommunikasiya xətləri çəkilib, daxildə alçı-suvaq işləri görülür, yerə beton qatı verilir, kafellər düzülür. Binanın dam örtüyü vurulur, pəncərələr salınır, fasad hissə üzlənir. Yeni tikililərin hər birində olduğu kimi, burada da yerli materiallardan istifadəyə üstünlük verilir.
Dörd mərtəbədən ibarət olacaq binanın zirzəmisində 7 laboratoriya, kitabxana, elektrik, təmizlik və qazanxana otaqları yerləşəcək. Mərtəbələrdə isə inzibati və sinif otaqları, müxtəlif auditoriyalar, anatomiya muzeyi, konfrans zalı və digər otaqlar fəaliyyət göstərəcək.
İndi muxtar respublikamızın şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, gözoxşayan səliqə-sahman yaradılır. Görülən işlər şəhər, qəsəbə və kəndlərimizin simasını gözəlləşdirməklə yanaşı, həm də sakinlərin sosial rifahının günbəgün daha da yaxşılaşmasına xidmət edir.
Nail ƏSGƏROV