Daxili bazarın çeşidli məhsullarla təminatında istehsal müəssisələri mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın bütün sahələrini əlaqələndirmək məqsədilə son illər muxtar respublikamızda dövlət qayğısı nəticəsində onlarla belə müəssisə fəaliyyətə başlayıb. Onlardan biri də “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Yaradılmasından cəmi bir il ötməsinə baxmayaraq, müəssisə muxtar respublikanın inşaat sektorunda xüsusi çəkisi olan subyektlərdən birinə çevrilib. Burada keyfiyyətli tikinti materialları istehsal olunur ki, bir vaxtlar muxtar respublika sakinlərinin inşaat işləri həmin materialların qıtlığı səbəbindən aylarla gecikir, bəzən isə onlar tələbat duyduqları materialları almaq üçün xarici ölkələrə yollanır, xeyli xərc çəkməli olurdular. İndi isə yerli istehsal hesabına bu problemlər tamamilə aradan qaldırılıb.
“Azelektrod” MMC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bu günlərdə həmin ünvanda olduq. Müəssisənin rəhbəri Zamin Abbasov bildirdi ki, muxtar respublikanı tikinti materialları ilə təmin edəcək müəssisələrin yaradılmasına ehtiyac var idi. Mən də sahibkar olaraq həmin sahənin daha vacib və gəlirli olmasını düşünərək işlərimi bu istiqamətdə qurmağa çalışdım. Təbii ki, dövlət dəstəyi olmasaydı, müəssisəni yaratmağa gücüm çatmazdı. Buna görə də müraciət etdim və mənə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 480 min manat vəsait ayrıldı. Göstərilən qayğıdan ruhlanaraq istehsal etdiyimiz məhsulları daxili bazarın tələbatını nəzərə alaraq çeşidlədik. Ən əsası isə keyfiyyət amilini qorumağa çalışdıq. Çünki indiki sərbəst bazardakı rəqabət nəticəsində keyfiyyətli məhsullar üstünlük qazanır.
Hazırda müəssisədə “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kafel, metlax, məsaməli beton-blok, mərmər və qranit yapışdırıcıları (ağ və boz rənglərdə), kimyəvi quru qarışıqlar, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı (bütün rənglərdə) kimi tikinti işlərində çox zəruri olan məhsullar istehsal edilir. Buradakı avadanlıqlar Türkiyə Respublikasından alınıb. İstifadə edilən xammalların – əhəng, kalsid, gips, sement və qumun yerli məhsullar olması isə keyfiyyət amilinə təsir göstərir, eyni zamanda qiymətlərin də daha münasib olmasını şərtləndirir.
Müəssisədə istehsal edilən məhsullarla tanış olarkən buraya sifariş vermək üçün gələn usta Səxavət Bayramovla qarşılaşdıq. Onunla söhbət əsnasında dedi: – 20 ildən artıqdır ki, evlərin təmiri işi ilə məşğulam. İşin çətinini də görmüşəm, asanını da, keyfiyyətlisini də, keyfiyyətsizini də. Vaxt var idi ki, camaat sadə bir təmirlə kifayətlənirdi. Zaman ötdükcə, belə yeni məhsullar istehsal olunduqca onların zövqləri də dəyişir. Hər kəs evində keyfiyyətli materiallarla ən müasir təmiri, gözəl görüntünü arzu edir. Bu məhsulların istehsalı, inanırsınız, biz ustaların da əməyini yüngülləşdirib. 20 il bundan əvvəl özüyayılan döşəmə qarışığı var idi? Əlbəttə, yox. Min bir əziyyətlə betonu hamarlayır, düz səth almağa çalışırdıq. Kafel-metlax yapışdırıcıları çox keyfiyyətsiz olurdu. İş bitəndən bir müddət sonra ev sahibinin giley-güzarı başlanırdı.
Usta onu da dedi ki, bu müəssisə fəaliyyətə başlayandan mən də burada istehsal olunan materialların daimi alıcısına çevrilmişəm. Həmin materiallardan təmirində istifadə etdiyim evlərdə yaşayanların hələ heç bir şikayəti ilə qarşılaşmamışam. Ötən illərin təcrübəsinə əsasən deyə bilərəm ki, həqiqətən də, bugünkü Naxçıvanla 20-25 il əvvəlki Naxçıvan arasında inşaat materiallarının bolluğu və çeşidliliyi baxımından da çox fərq var. Bu isə yeni tikintilərin aparılmasını asanlaşdırıb, onun keyfiyyətini artırıb.
Müəssisədə “Azelektrod” əmtəə nişanı ilə polad və dəmir qaynağı üçün 2,5, 3,2 və 4 millimetr qalınlıqda elektrodlar da qablaşdırılır. İş prosesi Türkiyə Respublikasından alınmış avadanlıqlar vasitəsilə həyata keçirilir. Zamin Abbasov söhbət zamanı onu da bildirdi ki, gələn ilin birinci yarısında müəssisə öz gücü hesabına elektrod istehsalına başlayacaqdır.
“Azelektrod”un istehsal gücü inşaat materialları üçün saatda 5 ton, elektrod üçün saatda 1 tondur. Müəssisədə istehsal olunan məhsulların yerli bazarlarla yanaşı, Azərbaycanın bütün rayonlarında və Gürcüstanda da satışı təşkil olunur. Burada istehsal edilən məhsulların reklamları yerli və respublika televiziya kanallarında yayımlanır. Bu məqsədlə Naxçıvan Biznes Mərkəzində stend də təşkil olunub.
Qeyd edək ki, müəssisədə 8 nəfər işçi çalışır. Onlardan 3 nəfərinin bu sahə üzrə təhsilli mütəxəssis olduğunu bildirən müəssisə rəhbəri yaxın gələcəkdə daha keyfiyyətli məhsul istehsalına nail olunması üçün belə kadrların sayının artırılacağını xüsusi vurğuladı. İşçilərə yaradılan şəraitdən də danışaraq dedi ki, onlar xüsusi geyimlə təmin olunublar. İş vaxtında yemək və çay müəssisə tərəfindən verilir, işçilər nəqliyyat xidməti ilə də təmin ediliblər. Yaradılan bu şərait isə müəssisənin daim keyfiyyət amilinin qorunduğu ünvan kimi tanınmasına, gələcəkdə fəaliyyətini daha da genişləndirməsinə imkan verir.
Mətanət MƏMMƏDOVA