Hər bir ölkənin inkişafını şərtləndirən mühüm göstəricilərindən biri də onun müasir yol-nəqliyyat infrastrukturuna malik olmasıdır. Çünki yollar yük və sərnişin daşımalarının rahat, təhlükəsiz və vaxtında həyata keçirilməsini təmin edən əsas vasitədir. Buna görə də tikinti-quruculuq tədbirləri sırasında yol-nəqliyyat sektoru strateji əhəmiyyət daşıyır. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri hər zaman öz aktuallığı ilə seçilir. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə yol infrastrukturunu diqqət mərkəzində saxlayıb, nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu strateji xətt muxtar respublikamızda da uğurla davam etdirilir, yol infrastrukturunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir.
Ötən dövrdə ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd, uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolları, 25,4 kilometr uzunluğa malik, habelə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib.
Bu sahədə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında Şərur rayonunun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli, Kəngərli rayonunun Qarabağlar kəndində avtomobil yollarının yenidən qurulması başa çatdırılıb. Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərdaxili avtomobil yollarının, həmçinin Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarının bir neçə kənd yaşayış məntəqələrində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avtobus parkının istifadəyə verilməsi, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal komplekslərinin inşa olunması Naxçıvanın qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılmasına öz töhfəsini verib.
Bu gün əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması tədbirləri də uğurla davam etdirilir. Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb və agentliyin yeni inzibati binası istifadəyə verilib. Cari ilin ötən dövründə müasir yol infrastrukturunun qurulması məqsədilə yeni texnikalar alınıb gətirilib. İki asfalt-beton zavodunun quraşdırılması hazırda davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkı da tikilməkdədir. Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması tamamlanıb.
Muxtar respublikada müasir dəmir yolu təsərrüfatının yaradılması da diqqət mərkəzində saxlanılır. Ötən dövrdə dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunub, Ordubad dəmir yolu sərnişin vağzalı və 4 saylı yol məntəqəsi binalarının, Ordubad yol sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılıb. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri isə hazırda davam etdirilir.
Təbii ki, nəqliyyat sektorunda həyata keçirilmiş tədbirlər yük və sərnişin daşınmasına öz müsbət təsirini göstərib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8, sərnişin daşınması isə 2 faiz artıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 26 milyon 904 min manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 3,5 faiz çoxdur.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda muxtar respublikanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar yenilənir. Bu il iyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub. Yeni avtobusların alınıb istifadəyə verilməsi sərnişindaşıma xidmətinin nümunəvi təşkilinə hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı isə avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi daşıyır. Bir sözlə, 2018-ci ilin ötən dövrünə qısa nəzər saldıqda görünür ki, hazırda özünün sürətli inkişaf dövrünü yaşayan muxtar respublikanın yol-nəqliyyat xidməti də artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Səbuhi HƏSƏNOV