23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın füsunkar gözəllikləri ilə gözoxşayan Ordubad rayonu qədim tarixə malik olan bölgələrimizdən biridir. Buradakı abidələr, qədim insan məskənləri, ayrı-ayrı ərazilərdən əldə olunan maddi-mədəniyyət nümunələri də bunu sübut edir. Son illərdə rayonda həyata keçirilən genişhəcmli tikinti­-quruculuq işləri bölgənin simasına yeni ab-hava gətirməklə tarixiliyin və müasirliyin vəhdətini yaradıb. Bu isə ordubadlıların qurub-yaratmaq əzminə öz müsbət təsirini göstərib, onları doğma yurd yerinə daha sıx tellərlə bağlayıb. Həmçinin buraya turist axınını gücləndirib.

Cari ildə də rayonda quruculuq işləri sürətlə davam etdirilir. Bu tədbirlərdən müxtəlif sahələrə pay düşüb. Rayon mərkəzində bir neçə aydır ki, rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, eləcə də 24 mənzilli yaşayış binalarında sürətli iş ahəngi ilə rastlaşırıq.
Rayon İcra Hakimiyyətinin yerləşəcəyi binada qapı və pəncərələrin, çardağın, daxili arakəsmələrin yenilənməsi işləri həyata keçirilir. Binanın fasadının da sıradan çıxmış suvaq örtüyü sökülərək yeni suvaq çəkilir. İnşaatçılar gördükləri işin keyfiyyətli olmasını diqqət mərkəzində saxlayır, obyektin vaxtında təhvil verilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edirlər.
Səməd Vurğun küçəsindəki Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası da yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifa­rişi ilə “Gəmiqaya Holdinq”in inşaatçılarının çalışdığı bu binada çardaq örtüyü yenilənib, pəncərələr daha keyfiyyətliləri ilə əvəzlənib. Binanın ətrafında istinad divarları ucaldılıb, yöndəmsiz tikililər sökülüb. Yaxınlıqdakı məişət xidməti evinin ətrafı da səliqə-sahmana salınıb.
Ordubad şəhərinin “İstanbul” küçəsində “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən 24 mənzilli 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Binanın çardağı, pəncərə və qapıları yenilənib, fasada suvaq üzlük çəkilib. Hazırda binanın ətrafında səliqə-sahman və abadlıq işləri aparılır. Bütün bunlar rayon mərkəzinin simasına əlavə çalarlar gətirəcək.
Muxtar respublikada quruculuq tədbirlərinə start veriləndən qədim diyarımızın kənd yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişib. Belə tədbirlər Ordubad rayonunu da əhatə edir. Qürurverici haldır ki, bu gün bölgənin əksər kəndləri müasirlik donundadır və belə ünvanlarda kompleks qurucu­luq işləri həyata keçirilib.
Dəstə kəndi Ordubad rayonunun iqtisadiyyatının gücləndirilməsində mühüm rolu olan ən böyük yaşayış məntəqələrindən biridir. Burada kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir. Artıq bu yaşayış məntəqəsinə də kompleks quruculuq tədbirlərindən pay düşüb. Bir neçə aydır ki, kənddə yeni məktəb, kənd və xidmət mərkəzləri və həkim ambulatoriyası üçün yeni binalar inşa edilir. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ordubad Rayon İdarəsinin inşaatçılarına həvalə olunub. Qısa müddət ərzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəb binasında tikinti işləri başa çatdırılıb, çardaq hissə qurulub, pəncərələr salınıb, fasad suvanıb, rabitə və elektrik xətləri çəkilib. Hazırda bina­daxili ağartma işləri aparılır.
Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı və geniş sinif otaqları, 2 elektron lövhəli, 2 kompüter, şahmat sinifləri, hərbi kabinə, idman zalı, zəngin kitab fondu olan kitabxana, kimya, biologiya, fizika laboratoriyaları veriləcək.
Kənd adamlarına daha bir qayğı yaşayış məntəqəsində 2 mərtəbədən ibarət həkim ambulatoriyası üçün yeni binanın tikintisidir. Bu obyektdə fasad və binadaxili suvaq işləri ­görülür.
İki mərtəbədən ibarət kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün normal iş şəraiti yaradılacaq. Bu obyektdə də hörgü işləri tamamlanıb, hazırda inşaatçılar digər tikinti tədbirlərini həyata keçirirlər.
Bir mərtəbədən ibarət xidmət mərkəzində sakinlərə ticarət və müxtəlif sahələr üzrə xidmətlər ­göstəriləcək.
Onu da qeyd edək ki, obyektlərin yerləşdiyi böyük ərazidəki həyətyanı təsərrüfatların divarları yenidən qurulur. Bu da əhali tərəfindən insanlara göstərilən dövlət qayğısı kimi dəyərləndirilir.
Kompleks quruculuq tədbirləri çərçivəsində 15 kilometrlik kəndarası yollarda yenidənqurma işləri aparılır. Torpaqbərkitmə tədbirləri görülür, suayırıcılar inşa olunur. Bu tədbiri isə Culfa rayonunun yol ­inşaatçıları həyata keçirirlər.
Beləcə, muxtar respublikanın daha bir yaşayış məntəqəsi müasirlik donuna bürünməkdədir. Bunun üçün inşaatçılar onlara tapşırılan işin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR