23 Dekabr 2024, Bazar ertəsi

Aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaq, daxili bazarda həmin məhsulların xüsusi çəkisini artırmaq məqsədilə torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin verilməsi, onların yüksək reproduksiyalı toxumlarla təchiz edilmələri həm də mütərəqqi təsərrüfat formalarının yaradılmasına stimul olub.
Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində fermer təsərrüfatlarının fəaliyyət göstərməsi məhz sadalanan qayğıların ifadəsidir. Artıq torpaq adamı bir daha dərk edir ki, güc birlikdədir. Əgər dünənə qədər hər bir ailə başçısı ona verilmiş pay torpağında öz ailə üzvləri ilə çalışırdısa, indi bir neçə qonşu yığışaraq fermer təsərrüfatı yaradır, kollektiv əməyindən istifadə etməklə daha çox məhsul istehsalına nail olur. Bu gün Şərur rayonunda da onlarla belə təsərrüfat var. Elə götürək rayonun böyük yaşayış məntəqələrindən biri olan Çərçiboğanı. Tərkibində Babəki kəndi də olan bu inzibati ərazi dairəsində Əfsər Məmmədov, Məhəmmədəli Ramazanov, Şücəddin Seyidov, Ramin Abbasov, Məhəmməd Abbasov, Yasəf Novruzov, Şövqi İsmayılov, Yusif Məmmədov, Vasif Qədimov və başqaları müxtəlif peşə sahibləri olsalar da, hər biri ayrı-ayrı təsərrüfat sahələri üzrə fermer təsərrüfatı yaradıblar. Bəziləri əldə etdikləri qazanc hesabına təsərrüfatda işlətmək üçün özlərinə lazım olan texnikalar da alıblar. Bu texnikalardan həm özləri istifadə edir, həm də qonşu təsərrüfatlara kömək göstərirlər. Soraqlarını eşitdiyimiz təsərrüfatların fəaliyyəti ilə yaxından tanışlıq məqsədilə bu günlərdə Çərçiboğan kəndində olduq. Fermerlərin bəziləri ilə görüşdük, qayğıları ilə maraqlandıq. Hansı ilə həmsöhbət olduqsa, yaradılmış şəraitdən razılığını bildirdi.

Məhəmməd Ramazanovun 16 hektar torpaq sahəsi var. Torpağın səxavətini yaxşı bilən fermer bu sahələrdən müxtəlif məqsədlər üçün istifadə edir, ailə büdcəsini gücləndirir, iqtisadiyyatımıza töhfələrini verir. O, 8 hektar buğda əkini sahəsinə vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstərdiyindən çəkdiyi zəhmət hədər getməyib, bol məhsul tədarük edib. Ötən təsərrüfat ilində taxıl zəmilərində orta məhsuldarlıq 33 sentner olub. Bu il məhsuldarlıq 40 sentnerə çatdırılıb. Məhəmməd Ramazanov deyir ki, tək əldən səs çıxmaz. Aydın məsələdir ki, bir ailə nə qədər böyük olsa belə, 3-4 hektar torpağı əkib-becərə bilməz. Elə olanda torpağın bir hissəsi əkilməmiş qalırdı. İndiki dövrdə torpağı istifadəsiz saxlamağı bu qiymətli sərvətə qarşı biganəlik, laqeydlik kimi də başa düşmək olardı. Ancaq bu gün rayonda bir qarış sahə belə, boş deyil. Şərur torpaqları münbitdir, məhsuldardır, ona baş əyənə borclu qalmır. Bu torpaqlarda yetişdirilən buğdanın unundan hazır­lanmış çörəyin dadına-tamına, ətrinə söz ola bilməz.
Təsərrüfatda həm də heyvandarlıqla məşğul olunur. 30 baş iribuynuzlu heyvan saxlanılır. Bunun üçün 4 hektar sahədən arpa tədarük edilib, 4 hektar sahə ot üçün ayrılıb. Otlaq sahəsində üçüncü çalına başlayıblar. Sahibkar inanır ki, bu təsərrüfat ili də uğurla başa çatacaq:
– Hər il rayonda meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi, müasir kənd təsərrüfatı texnikaları ilə təchizat, yeni un dəyirmanlarının istifadəyə verilməsi, çörəkbişirmə sexlərinin fəaliyyətə başlaması şərurluları torpağa daha sıx tellərlə bağlayıb. Kənd adamı görür ki, dövlət onun yaxşı yaşaması üçün lazım olan tədbirləri həyata keçirir. Üzləşilən çətinliklərin aradan qaldırılması diqqətdə saxlanılır. Belə olan surətdə yaxşı gün-güzəran qurmağa nə var ki? Özümüzün tələbatını ödəyir, istehsal etdiyimiz məhsulun qalanını dükan-bazara çıxarırıq.
Yasəf Novruzovun təsərrüfatında 350, Şövqi İsmayılovun təsərrüfatında 126 baş xırdabuynuzlu heyvan saxlanılır. Onlar deyirlər ki, heyvandarlıqla uzun illərdir, məşğuldurlar. İstehsal etdikləri ət, süd məhsulları dükan-bazarda özünə xeyli alıcı qüvvəsi toplayıb. Çünki ekoloji cəhətdən sağlam məhsullardır. Geniş örüş və biçənək sahələri olan təsərrüfatçılar heyvandarlıqda məsul dövr sayılan döl kampaniyasını uğurla başa vurublar. Bildirdilər ki, hazırda qış üçün yem tədarükü ilə məşğuldurlar.
Son illərdə muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərdən razılıqla danışan heyvandarlar onu da qeyd edirlər ki, göstərilən baytarlıq xidməti bu sahə ilə məşğul olanlara dövlət qayğısının bariz ifadəsidir. Bu da kənd adamlarının bu sahəyə marağını get-gedə artırır.
Yusif Məmmədov arıçılıqla məşğuldur. Onun 126 arı ailəsi var. O deyir ki, təsərrüfat sahələrinin hamısı zəhmət tələb edir. Ancaq arıçılıq daha çox qayğıya möhtacdır. Necə deyərlər, arının gərək nazı ilə oynayasan.
Onun sözlərinə görə, yaxşı hava şəraitində bir gündə bir bal arısı 4 min çiçəyə “qonaq ola” bilir, böyük bir arı ailəsi isə 15 milyondan 40 milyona qədər çiçəkdən nektar toplayır. Orta güclü bir arı ailəsi bir il ərzində 30 kiloqram bal istehsal edir, təxminən, 10-15 kiloqram çiçək tozu toplaya bilir.
Ondan istehsal etdiyi məhsulun satışı barədə soruşuruq. Deyir ki, bu barədə heç bir çətinlikləri yoxdur. Tədarük edilən məhsulun çox hissəsi elə qapıda satılır. Ölkəmizin paytaxtı Bakı şəhərinə də göndəririk. Bu da sirr deyil ki, Bakı şəhərində Naxçıvanda yetişdirilən məhsullara yüksək dəyər verilir.
Bu yazımızda Şərur rayonunun Çərçiboğan kəndindəki fermer təsərrüfatlarının az bir qisminin fəaliyyəti barədə danışdıq. Kənddə bir daha şahid olduq ki, qayğı və zəhmət birləşəndə böyük uğurlara imza atmaq heç də çətin deyil. Onu da gördük ki, qayğı davamlıdır, torpaq mülkiyyətçiləri isə zəhmətə bağlı insanlardır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR