23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda meyvəçilik ənənəvi, eyni zamanda əsas kənd təsərrüfatı sahələrindən sayılır. Tərkibi xeyli miqdarda mineral maddələr, vitaminlərlə zəngin olan meyvə məhsullarının insan orqanizminə faydalarını və onun ağaclarının ətraf mühitə müsbət ekoloji, estetik təsirini nəzərə alsaq, bu sahənin nə qədər əhəmiyyətli olduğunu görərik. Bu səbəbdən meyvəçilik uzun illərdən bəri bir çox bölgələrimizdə, xüsusilə də Ordubadda insanların əsas məşğuliyyət növü olub və onların güzəranını təmin edib. 

Ötən əsrin sonlarında Azərbaycanda baş verən məlum ictimai-siyasi proseslər ölkəmizin təsərrüfat sisteminə də öz mənfi təsirini göstərdi. Həmin dövrdə bağlar ictimai təsərrüfatların tabeliyində idi. Bu təşkilatların süqut etməsi bütün təsərrüfat sahələrinin dağılmasına səbəb oldu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra muxtar respublikamızın blokada şəraitində olmasına baxmayaraq, bu sahə yenidən bərpa edildi və hazırda sürətlə inkişaf etdirilməkdədir.

Meyvəçiliyin inkişafının əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını nəzərə alaraq, aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, emal müəssisələrinin xammalla təchiz olunmasında və məşğulluğun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən həmin proqramların davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu istiqamətdə qəbul edilən növbəti dövlət proqramının qarşıya qoyduğu vəzifələrlə bağlı muxtar respublika ərazisində yeni bağların salınması, yerli meyvə sortlarının inkişafı və yeni sortların gətirilərək əraziyə uyğunlaşdırılması istiqamətində işlər getdikcə daha geniş vüsət alır. Son illər meyvəçilikdə ağır zəhmət tələb edən işlər mexanikləşdirilib, meyvə bağları elmi prinsiplər əsasında salınıb. Köhnə bağların iri, az məhsuldar meyvə ağacları bol məhsul verən sortlar ilə əvəzlənib. Hər hektarda əkilən ağacların sayı artırılıb, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri genişləndirilib.
Ərzaq təhlükəsizliyi baxımından əhalinin sağlam qidalanmasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul edilmiş dövlət proqramlarının müstəsna əhəmiyyətinin nəticəsidir ki, ötən dövr ərzində muxtar respublikamızda 709 hektarda yeni meyvə bağları salınıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən artıq həmin meyvə bağları məhsul verir. Hazırda diyarımızda 4816,5 hektar sahədə meyvə bağları mövcuddur ki, bunun da 4124,1 hektarı barverən bağlardır.
Qeyd edək ki, dövlət proqramında Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da nəzərdə tutulub. Bu istiqamətdə nazirliyin “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqatlar nəticəsində 372 meyvə sortunun ­genetik fondu toplanıb. Bu istiqamətdə işlər davam etdirilir.
Muxtar respublikada taxılçılıq, tərəvəzçilik, üzümçülük və digər sahələrlə yanaşı, meyvəçiliyin də inkişafı stimullaşdırılır, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır. Eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan ailə-fermer təsərrüfatlarına yeni innovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir.
Muxtar respublikada meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması da kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaradıb. Son illərdə diyarımızın bütün bölgələrində soyuducu anbarların istifadəyə verilməsi tədarük edilən meyvə və tərəvəz məhsullarının saxlanılmasında, həmçinin ilin bütün fəsillərində əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi isə belə deməyə əsas verir ki, muxtar respublikada meyvəçiliyin şöhrəti daha da artacaq.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR