Muxtar respublikada 2018-ci ilin yanvar-iyul aylarında 1 milyard 505 milyon 444 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötmüşdür.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 579 milyon 300 min 400 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 549 milyon 804 min manatı və ya 94,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
Bəhs olunan dövrdə 234 milyon 475 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13 min 125 tona, süd istehsalı isə 59 min 566 tona çatmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,4 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.
* * *
2018-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 30 milyon 62 min 200 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 24 milyon 654 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 2,2 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 30 milyon 760 min 400 manat məbləğində kreditlər verilmişdir. Bu da bir il öncəki göstəricidən 2,3 dəfə çoxdur. Verilmiş kreditlərin 3 milyon 141 min 800 manatı və yaxud 10,2 faizi qısamüddətli, 27 milyon 618 min 600 manatı və yaxud 89,8 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bunun 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 avqust 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 75 min 401-ə çatmışdır ki, bunun da 66 min 338-i və ya 88 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-iyul aylarında açılmış 10 min 227 bank hesabının 10 min 118-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2018-ci il tarixə 1269-a çatmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar-iyul aylarında 249 milyon 147 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 145 min 500 ABŞ dolları təşkil etmiş, 193 milyon 143 min 300 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 426,2 manata çatmışdır. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
* * *
1 iyul 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3526 nəfər artaraq 454 min 298 nəfər olmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti