Muxtar respublika iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində son 17 ildə ciddi iqtisadi uğurlar qazanılmış, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Beləliklə, iqtisadiyyatın davamlı inkişafına nail olunmuşdur. Ümumi Daxili Məhsulun tərkibində ötən il 26,9 faizlik pay sahibi olmuş sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu sahədə sürətli inkişaf əldə olunmuş və bir zamanlar aqrar region kimi tanınan muxtar respublikada sənayeləşmə prosesinə start verilmişdir.
Sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar geniş baza yaratdığından yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq, həmçinin xarici bazara inteqrasiyanı təşkil etmək dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması haqqında qanunvericilik bazası olub, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır.
Sənaye sahəsi iqtisadi inkişafın mühərrikidir. Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək üçün muxtar respublikada aparılan sənayeləşmə siyasəti nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə edilmişdir. Əlverişli biznes mühitinin yaradılması məhsul istehsalının artmasına zəmin yaratmış, nəticə etibarı ilə, idxaldan asılılığımız, demək olar ki, aradan qaldırılmışdır. Bu gün sənaye istehsalının artım tempi ilə Ümumi Daxili Məhsulun dinamikası, təqribən, eyni səviyyədə inkişaf edir. Ötən il Ümumi Daxili Məhsulda 16,8 faiz, sənayedə isə 15,7 faiz artım müşahidə olunması sənaye sahəsinin muxtar respublika iqtisadiyyatında lokomativ rol oynadığını bir daha sübuta yetirir.
Bazar iqtisadiyyatı sənaye müəssisələrindən istehsalın effektivliyinin yüksəldilməsini, elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etməklə rəqabətqabiliyyətli məhsulların istehsalını və xidmətlərin göstərilməsini, effektli təsərrüfat tipinin və istehsalatın idarə edilməsini, yeni təşəbbüslər irəli sürməklə sahibkarlıq fəaliyyətinin canlandırılmasını tələb etdiyindən muxtar respublikada sənaye parkının yaradılması sosial-iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Sənaye parklarının yaradılması sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın daha güclü inkişaf etməsinə stimul olacaqdır.
Muxtar respublikanın perspektiv inkişafı üçün sənaye sahəsində dövlət siyasətinin əsas məqsədi sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturun təkmilləşdirilməsi, modernləşdirilməsi və səmərəliliyin artırılmasıdır. Bu sahədə əsas tədbirlər məhsulun rəqabətqabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılmasından və emal sahəsində fəaliyyət növlərinin stimullaşdırılmasından ibarətdir. Sənaye parklarının yaradılması stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına, istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin kompleks inkişafını tənzimləməyə imkan verəcək. Bu iqtisadi siyasətin reallaşması formalaşan təsərrüfat strukturlarının artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması, qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunacaq. Mövcud dünya standartlarına uyğun olaraq, mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Xarici dövlətlərin təcrübəsindən görünür ki, cəmiyyətin iqtisadi tərəqqisi, əsasən, elmtutumlu texnoloji proseslərin imkanlarının iqtisadi tələbatlarla birləşməsinin nəticəsi olan innovasiya əsasında təmin olunur. İnnovasiya prosesi yeni məhsulların mənimsənilməsi, buraxılan məhsulun modernləşdirilməsi, yeni istehsal vasitələrinin istehsal prosesinə cəlb olunması, mütərəqqi istehsal üsullarından istifadə edilməsi, istehsalın təşkili və idarə olunmasının daha mükəmməl formaları ilə əlaqəlidir. Həyata keçirilən bu proseslər nəticəsində məhsulun çeşidi təzələnərək onun rəqabət qabiliyyəti yüksəlir, əhalinin tələbatı ödənilir, istehsalın səmərəliliyi yüksəlir, məhdud resurslardan qənaətlə istifadə olunur, istehsal xərcləri azalmaqla mənfəət artır və sosial-iqtisadi inkişaf təmin edilir. İnnovasiya prosesinin son məqsədi yeni məhsulun reallaşdırılma qabiliyyətinin yüksəldilməsi və kütləvi istehsalının təşkili olduğundan sənaye parkında da qanunvericiliklə qadağan edilməyən, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabətqabiliyyətli məhsulların istehsalı və xidmət göstərilməsi istiqamətində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur. Sənaye parkının ərazisində ən müasir tələblərə cavab verən infrastruktur sahibkarların istifadəsinə veriləcək. Parkda inhisarçılığa yol verilməməsi və sağlam rəqabət üçün şəraitin yaradılması ilə keyfiyyətli məhsul istehsalına nail olunacaq. İnvestisiya cəlbediciliyinin təmin olunması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün sənaye parkı ərazisində investorlar üçün vergi və gömrük sahəsində bir sıra güzəştlər də nəzərdə tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sənaye parkında fəaliyyət göstərəcək rezidentlər yeddi il müddətində mənfəət, torpaq, əmlak vergilərindən, həmçinin parkda istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsalı məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisindən azad edilir. Sənaye parkında fəaliyyət göstərəcək investorlar daim parkın təklif etdiyi istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərindən yararlanacaq, həmçinin ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inqubasiya, təlim-treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, xarici iqtisadi əməliyyatlarla bağlı xidmətlərlə təmin olunacaqlar ki, bu da vaxt itkisinin qarşısını almaqla keyfiyyətli xidmət göstərilməsinə yardım edəcək.
Kiçik və iri müəssisələrdən ibarət olacaq sənaye parkı sürətli texniki-iqtisadi yüksəlişi özündə əks etdirməklə son dərəcə müasirliyi və mütərəqqi texnologiyaları ilə seçiləcək, muxtar respublikanın iqtisadi və sosial məsələlərinin həllinə, bütünlükdə, onun perspektiv inkişafına mühüm təsir göstərəcəkdir. Sənaye parklarının yaradılması Naxçıvanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyindən bütün daxili imkanların bu ideyanın tezliklə reallaşdırılmasına səfərbər etmək olduqca zəruridir.
Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru