23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayonlarımızda da yeni-yeni istehsal müəssisələri yaradılır. Azərbaycanın incisi sayılan Ordubad rayonunda fəaliyyət göstərən istehsal müəssisələri bu sırada öz yerini qoruyub saxlayır. Qədim tarixi keçmişi və mədəni zənginliyi ilə bərabər, həm də müasir inkişafı ilə seçilən rayonda son illərdə digər sahələrlə yanaşı, sahibkarlığın inkişafına da hərtərəfli qayğı göstərilib, onlarla yeni istehsal müəssisələri qurulub. 

Belə sahibkarlıq subyektlərindən biri də Vənənd kəndində fəaliyyət göstərən “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. İstehsal müəssisəsinin rəhbəri Emin Məmmədovla söhbətimiz zamanı bildirdi ki, 2013-cü ildə təsis edilən “Ordubad Qənnadı Məmulatları” MMC-nin istehsal sahəsi 97 kvadrat­metrdir. Cəmiyyətdə mürəbbələr, meyvə şirələri, cemlər, meyvə məmulatları, cövhərlər hazırlanır, müalicəvi bitkilərin qurudulması, paketlənməsi həyata keçirilir. Burada 27 nəfər çalışır. Bəzi mövsümlərdə əlavə işçilər qəbul edilir.
Müəssisədə qoz, ərik, gilənar, gilas, heyva, şaftalı, albuxara, armud, tut meyvələrindən və qızılgüldən müxtəlif çeşiddə mürəbbə və kompotlar hazırlanır, boymadərən, batrınc, bizovşa, qırxbuğum, nanə, bənövşə, qızılgül ləçəyi, həmərsin, böyürtkən çiçəyi, cəviz yarpağı, gicitkən, yemişan, kəklikotu, çobanyastığı, qantəpər, solmazçiçək və digər dərman bitkiləri qurudulur, onlardan müalicəvi cövhərlər alınır. Meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi üzrə ixtisaslaşmış müəssisədə, ümumilikdə, 94 çeşiddə məhsul istehsal olunur ki, bunların 4-ü kompot, 29-u müalicəvi ot və bitkilər, ləpəsi və qovurulmuşu ilə bir yerdə 16-sı quru meyvə, 17-si cövhər, 5 çeşidini qızılgül bitkisindən alınan müxtəlif məhsullar və digərləri təşkil edir.

Müsahibim onu da qeyd etdi ki, məqsədimiz brend məhsullar yetişdirməkdir. Bunun üçün 2 hektar sahədə müxtəlif meyvə tingləri əkilib, əlavə olaraq 15 hektar torpaq sahəsi icarəyə götürülüb, payızda meyvə ting­ləri əkmək üçün seçmə meyvə dənələri yığılıb. 16 sot torpaq isə toxum səpilmək üçün ayrılıb.
Sanitar-gigiyenik qaydalara tam riayət olunan müəssisədə hazırlanan məhsulları müxtəlif ticarət obyektlərinə göndərmək üçün ona məxsus olan maşınlardan istifadə edilir. İstehsal olunan məmulatlar cəmiyyətin Naxçıvan şəhərində fəaliyyət göstərən mağazasında, bəzi marketlərdə, Bakı şəhərində yerləşən 2 mağazasında satışa çıxarılır.
Müəssisənin rəhbəri deyir ki, istifadə edilən xammal hazır şəkildə rayonun Vənənd, Vələver, Qoruqlar, Ağrı, Dizə, Xanağa, Başkənd və digər ətraf yaşayış məntəqələrindən, həmçinin muxtar respublikanın digər rayonlarının sakinlərindən alınır.
Müsahibim bir vacib məqamı da vurğuladı ki, istər meyvələrin, istərsə də müalicəvi bitkilərin öz yığılma vaxtı var. Məhsulları toplayarkən onlara çox həssaslıqla yanaşmaq, toplanma qaydalarına əməl etmək lazımdır. Bu, onların gələcək inkişafı, həm də hazırlanan məmulatların orijinal dadını özündə qoruyub saxlaması baxımından vacibdir.
Müəssisənin Naxçıvan şəhərində fəaliyyət göstərən filialında isə Ordubad məhsullarına kifayət qədər tələb var. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı muxtar respublikada fəaliyyət göstərən digər istehsal müəssisələri kimi, “Ordubad Qənnadı Məmulatları” MMC-nin istehsal etdiyi məhsullar da üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan hədiyyəlik qutularda satışa çıxarılıb. Bu isə şübhəsiz, Naxçıvana gələn qonaqlar və yerli alıcılarda rəğbət doğurub, məhsulların daha həvəslə alınmasına imkan yaradıb.
Onu da öyrəndik ki, müəssisə yeni layihələri reallaşdırmaq üçün öz təkliflərini aidiyyəti qurumlara təqdim edib.
Dövlət dəstəyi hesabına istehsal müəssisəsi yaradan növbəti sahibkar isə Ordubad şəhər sakini Hüseyn Fərzəliyevdir. Bugünkü fəaliyyətində Ordubad təbiətinin özünəməxsusluğunu əsas götürən sahibkar rəhbərlik etdiyi “FH oğulları” Məhdud Məsuliyyətli Cəmiyyətində Ordubad mürəbbələrinin istehsalı ilə məşğuldur. Hüseyn Fərzəliyevlə görüşümüz elə adıçəkilən müəssisədə baş tutdu.
Müsahibim məlumat verdi ki, müəssisə 2008-ci il tarixdə təsis edilib, 2009-cu ildən fəaliyyətə başlayıb. Burada çalışanların sayı mövsümi olaraq 5-10 nəfər arası dəyişir. Ordubad şəhərində 1000 kvadratmetr ərazidə yerləşən cəmiyyətin istehsal gücünü aylıq 10 ton mürəbbə və cem təşkil edir. İran İslam Respublikasının istehsalı olan avadanlıqların quraşdırıldığı cəmiyyət muxtar respublikada yetişən meyvə­-tərəvəz və bostan məhsullarından müxtəlif mürəbbə və cemlərin hazır­lanması üzrə ixtisaslaşıb. Sahibkar ötən müddət ərzində bir neçə dəfə güzəştli kreditlərdən yararlanaraq istehsal üçün zəruri şəraitin yaradılmasına nail olub. Müəssisədə hazırda 15 çeşiddə (ərik, tut, badım­can, gilas, cəviz, gül, çiyələk, böyürtkən və sair) mürəbbə, cem və təbii bal istehsal olunur. Mürəbbələr 270 qramlıq, 4 və 6 ədəddən ibarət qutularda hədiyyəlik hazırlanır. Mürəbbə bişiriləcək meyvələr əvvəlcə gigiyenik qaydalara uyğun olaraq yuyulur, təmizlənir, bəziləri doğranır, sonra isə müvafiq reseptlərə uyğun bişirilir. Onlar tələbata görə 250 və 650 qram, 1 kiloqram 200 qram və 2 kiloqram 400 qram çəkilərdə qablaşdırılır. Məhsulların təzə qalması üçün irihəcmli 2 soyuducudan istifadə olunur. Cəmiyyətdə istehsal olunan məhsullar uyğunluq və gigiyenik sertifikatları ilə təmin olunub.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 24 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Hüseyn Fərzəliyev “Tərəqqi” medalı ilə təltif edilib.
Hər iki müəssisənin fəaliyyətindən gəldiyimiz nəticə isə budur ki, muxtar respublikamızda sahibkarlığa göstərilən diqqət və qayğı sayəsində haqqında bəhs olunan istehsal subyektləri artıq daxili bazardakı rəqabətədavamlılıqda özlərini təsdiq ediblər.

Güntac Şahməmmədli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR