Taxılçılıqda yüksək məhsuldarlıq əldə olunmasında rayonlaşdırılmış perspektivli sortların toxumlarından istifadə edilməsi önəmlidir. Əkiləcək torpaq sahələrinin təsnifatına və eyni zamanda sələfinə görə düzgün seçilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə muxtar respublikanın torpaq-iqlim şəraitini və torpaq tiplərini nəzərə alaraq əkin atlasları hazırlanaraq aidiyyəti təşkilatlara təqdim olunub.
Səpin üçün keyfiyyətli toxum materialının hazırlanması uzunmüddətli və məsuliyyətli bir işdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Səpin normasının adi əkinlərdən 10-15 faiz aşağı olması məsləhətdir.
Toxum sahədən daşındıqdan sonra mexanikləşdirilmiş toxumtəmizləyən aqreqatlardan keçirilməlidir. Təmizlənmə prosesində qarışıqlar, yarpaq və gövdə qalıqları, torpaq hissəcikləri, zədələnmiş və qırılmış toxumlar, alaq otlarının toxumları və sair ayrılmalıdır. Qeyd etmək lazımdır ki, toxumun təmizlənmədən uzun müddət qarışıqlarla bir yerdə saxlanması onun qızışmasına və nəticədə, səpin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Odur ki, toxum xırmana daşındıqdan sonra təcili təmizlənməyə verilməlidir. Bundan sonra toxumlar tələb olunan səviyyəyədək qurudulmalıdır. Çünki toxumun rütubətliliyi çox olduqda onda tənəffüs prosesi güclənir, rütubət, istiliyin miqdarı artır və bunun nəticəsində qızışma baş verir ki, bu da toxumun cücərmə qabiliyyətinə və digər keyfiyyətlərinə mənfi təsir göstərir. Əgər toxum nəmdirsə,onu sahədən daşıyarkən adi qaydada xırmanda sərib qurutmaq, lazımi rütubətliliyə (14-15 faiz) çatdırdıqdan sonra təmizlənməyə buraxmaq lazımdır. Toxum təmizləndikdən və qurudulduqdan sonra sortlaşdırılır. Burada əsas məqsəd səpin materialını yüngülçəkili toxumlardan təmizləməkdir. Bu tədbir 1000 dənin kütləsinin artmasına, eynicinsli və eyniçəkili toxum fraksiyası əldə etməyə imkan yaradır. Bunun üçün toxumtəmizləyən aqreqatlardan istifadə olunmalıdır.
Toxumlar sortluq və əkin keyfiyyətinə görə qiymətləndirilir. Sortluq keyfiyyəti dedikdə, sortun özünəməxsus əlamət və keyfiyyəti nəzərdə tutulur. Səpin keyfiyyətinə isə təmizliyi, cücərməsi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir.
Standarta görə, əsas bitkinin toxumunun təmizliyi 97 faizdən az olmamalıdır. Toxumlar səpin keyfiyyətinə görə kateqoriyalara bölünür. Məsələn, yumşaq buğda toxumlarının səpin keyfiyyətinə görə göstəriciləri I sinfin təmizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinif müvafiq olaraq 98 faiz və 92 faiz, III sinif isə 97 faiz və 90 faiz olmalıdır. Əkin keyfiyyətinə görə I, II və III siniflərə aid toxumlar “kondisiyalı toxumlar” adlanır.
Toxumların cücərmə qabiliyyəti də yüksək olmalıdır. Onların cücərmə qabiliyyəti 85 faizdən aşağı olanı səpin üçün istifadəsiz sayılır. Toxumların rütubətliliyi quru dənin çəkisinə nisbətən faizlə ifadə olunur. Tərkibində 14 faizdən çox rütubət olmayan toxumlar saxlanıldıqda əlverişsiz şəraitə yaxşı davam gətirir. Rütubətliliyi normadan yüksək toxumların isə cücərmə qabiliyyəti azalır, keyfiyyəti aşağı düşür, onlar xəstəlik və ziyanvericilərə asan tutulur. Uzun müddət saxlanılan, normal rütubətliliyə malik dənlərdə tənəffüs prosesi normal gedir, çürümə baş vermir, mikroorqanizmlər (kif göbələyi və bakteriyalar) onu zədələyə bilmir. Buğda, arpa, çovdarın tərkibində 14 faizdən çox rütubət olmamalıdır.
Toxumların çəkisi onların mütləq, yəni 1000 dənin çəkisi ilə təyin edilir. Onun çəkisi nə qədər çox olarsa, məhsuldarlıq da azçəkili toxumlara nisbətən yüksək olar. Adətən, səpin üçün 1000 dənin çəkisi 42-44 qram olduqda normal hesab edilir.
Səpin üçün ayrılan dənlər eyni irilikdə olmalıdır. Əks-təqdirdə, sünbüllərdə boyca bərabər olmayan toxumlar əmələ gəlir. Belə ki, sünbülün orta hissəsində dənlər iri, üst və alt hissəsində isə xırda olur. Bunları döydükdə eyni çəkidə olmayan dənlər alınır. Səpin belə dənlərlə aparılarsa, cücərtilər eyni vaxtda çıxmaz. Ona görə də toxum başqa kondisiyalı qarışıqlardan təmizlənməli, cücərmə qabiliyyəti, mütləq çəkisi yüksək dənlər bir boyda olmalı, xəstəlik və ziyanvericilərə yoluxmamalıdır. Toxumlar çeşidləmə vasitəsilə bərabərləşdirilir.
Toxumluq materialın səpin keyfiyyətini xarakterizə edən amillərdən biri də onların xəstəlik və ziyanvericilərə qarşı davamlı olmalarıdır. Dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu bitkilərin toxumlarının sağlam və yüksək kondisiyalı olması təmin edilməlidir. Toxum materialının fitopatoloji ekspertizası göstərir ki, onlar bir çox bakteriyalar, viruslar və digər xəstəliklərin törədiciləri ilə yoluxur. Bu xəstəliklərin təsiri nəticəsində toxumun cücərmə faizi və keyfiyyəti aşağı düşür, nəticədə, səpin normasına düzgün əməl edilsə də belə sahədə istənilən sayda sağlam cücərti alınması mümkün olmur.
Toxumla yayılan göbələk xəstəliklərinə qarşı mübarizə işinin toxumluq üçün ayrılmış sahələrdən başlanması məsləhət görülür. Əvvəlcə həmin sahələrin bərk və tozlu sürmə xəstəlikləri ilə sirayətlənməsinə xüsusi nəzarət etmək lazımdır. Seçim zamanı toxumluq sahələrdən götürülmüş sünbüllərdə bu xəstəlik aşkar olunarsa, həmin sahələrdən götürülmüş məhsul səpin üçün yararsız hesab olunur və onun səpilməsinə icazə verilmir.
Onların qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün səpiləcək materialın dərmanlanması ən vacib təsərrüfat tədbirlərindən biridir. Dərmanlanmanı 2 müddətdə, səpinqabağı və səpindən xeyli əvvəl aparmaq məsləhət görülür.
Toxum materialını səpinə 1-3 ay qalmış dərmanlamaq daha səmərəli və keyfiyyətli üsul hesab edilir. Çünki bu zaman həm dərmanın məsarif norması azalır, həm də onun təsir gücü artır. Bu, mütləq və zəruri tədbirdir. Həmin tədbirin bütün təsərrüfatlarda aparılması vacibdir.
Əkiləcək toxumdan nümunələr götürüb toxum müfəttişliyinin laboratoriyasında analiz edilməlidir. Analiz sənədində toxumun cücərmə qabiliyyəti, təmizliyi, sinfi, 1 kiloqram toxumun içərisindəki alaq toxumlarının sayı, 1000 ədəd dənin çəkisi, toxumun təsərrüfat yararlılığı, xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcəsi və digər göstəricilər qeyd olunur. Bu sənədə görə, səpin dövründə toxumun səpin norması müəyyənləşdirilir.
Təcrübələrlə müəyyən edilmişdir ki, taxıl əkinlərinin keçirilməsi zamanı kondisiyalı toxumlardan istifadə etməklə optimal müddətdə əkin aparılması kimi tədbirlər o zaman yüksək nəticə verir ki, əkiləcək toxum yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış, yəni rayonlaşdırılmış sortlarla aparılsın. Muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış buğdanın “Dağdaş”, “Quality”, “Bezostaya-1”, “Qiymətli”, “Gilavar”, “Ceyhan-99”, “Qobustan”, “Güvən-2”, “Sönməz 2000”, “Renan” və sair, arpanın “Naxçıvandəni”, “Qarabağ-22, “Qarabağ-7”, “Cəlilabad-19” sortlarından istifadə edilməsi məsləhətdir. Taxılçılıqla məşğul olan sahibkarlar bu sortları muxtar respublikada fəaliyyət göstərən “Bərəkət”, “Araz” Elm-İstehsalat Birliyi, “Sədi”, Şərur Aqrotexservis, “Təbriz” toxumçuluq təsərrüfatlarından əldə edə bilərlər.
Ədalət HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı