23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın taxılçıları cari ildə 97 min 689 ton məhsul tədarük ediblər 

Ötən ilin payızından başlayaraq taxıl zəmilərində torpaq mülkiyyətçilərimizin çəkdiyi zəhmət öz bəhrələrini verdi, başa çatan taxıl tədarükünün nəticələri hamımızı, həm istehsalçıları, həm də istehlakçıları sevindirdi.
Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün muxtar respublikamızda 32 min 483 hektar sahədə taxıl əkilmişdi. Əkin sahələrinin 22 min 632 hektarı buğda, 9 min 851 hektarı arpa olub. Zəmilərdən 97 min 689 ton məhsul tədarük edilib, hektarın orta məhsuldarlığı 30,1 sentnerə çatdırılıb. Təbii ki, bu nəticəyə nail olunmasında bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib, muxtar respublikaya bu ilin yanvar-iyul aylarında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 245 ədəd yeni kənd təsərrüfatı texnikası gətirilib. Güzəştli kreditlərin verilməsi diqqət mərkəzində saxlanılıb, 5 toxumçuluq təsərrüfatı və taxılçılar tərəfindən yüksək repro­duksiyalı toxumların əkilməsinə ciddi önəm verilib. 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarlarının, un dəyirmanlarının, çörəkbişirmə sexlərinin fəaliyyəti genişləndirilib. Bu tədbirlər Naxçıvan şəhərindən tutmuş muxtar respublikanın ən ucqar bölgələrini də əhatə edib. Taxıl tədarükündə 80-i sahibkarlara, 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, 95 kombayndan istifadə edilib.

Uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçiləri sahələrə vaxtlı-vaxtında aqro­texniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb, çəkilən zəhmətin hədər getməməsi üçün tələb olunan bütün təsərrüfat işlərini yerinə yetiriblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatından da göründüyü kimi, sərhəd bölgəsi olan Sədərək rayonu bu il də liderliyi saxlaya bilib. Bölgənin taxılçıları 2466 hektar taxıl zəmisindən 7959 ton məhsul toplayıblar. Bu isə orta məhsuldarlığın 32,2 sentner olması deməkdir. Ayrı-ayrı taxılçılarda bu rəqəm daha yüksəkdir. Rayonun Sədərək kənd sakinləri Elşən Əliyev 20, Qafar Zeynalov isə 30 hektar sahədə taxıl yetişdiriblər. Zəmilərə vaxtında və aqrotexniki qaydada qulluq göstəriblər. Çəkdikləri zəhmət hədər getməyib. Hər ikisi hektarın orta məhsuldarlığını 35 sentnerə çatdırıb. Elşən Əliyev deyir ki, neçə illərdir, taxılçılıqla məşğuldur. Çoxları elə düşünür ki, toxumu torpağa atdın, zəmini suvardın – bununla iş bitdi. Əslində, belə deyil. Taxıl da qayğı istəyir. Bu qayğının qarşılığını verə bilsən, torpaq sənin zəhmətinin əvəzini birə-beş ödəyəcək. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Tədarük etdiyim taxıldan yaxın günlərdə başlayacağım əkin üçün toxumluq götürmüşəm. Bir hissəsini isə üyüdərək ailəm üçün ayırmış, qalanını da satmışam. Hazır­da əkəcəyim sahələrdə şum qaldırılması ilə məşğulam. Çalışıram ki, builki əkin kampaniyasını da vaxtında başa çatdıram.
Ən böyük bölgəmiz sayılan Şərur rayonu taxıl tədarükündə 31,9 sentner məhsuldarlığa nail olub. Bu rayonda 4348 hektar sahədən 13 min 861 ton məhsul tədarük edilib. “Şərur Aqrotexservis” Səhmdar Cəmiyyətinin sədri Aqil Məmmədov deyir ki, cəmiyyətə məxsus olan texnikalarla sahələrin şumlanmasında, taxıl əkinində və tədarükündə taxılçılara yaxından köməklik göstəriblər. Hazır­da cəmiyyətin dəyirmanında taxıl üyüdülməsi həyata keçirilir.
Aqil Məmmədovun özü də taxılçılıqla məşğul olur. Cari ildə o, 25 hektar taxıl əkini sahəsindən 100 ton məhsul götürüb. Bu rəqəm məhsuldarlığın 40 sentner olması deməkdir. Sahibkar bunu son hədd hesab etmir. Bundan da yüksək məhsuldarlığa nail olanlardan danışır:
– Zeyvə kənd sakini Rasim Məmmədov 1 hektar taxıl əkini sahəsindən 7,5 ton (75 sentner), dərəkəndli Arif Musayev 1,6 hektar sahədən 11 ton (65 sentner) taxıl tədarük edib. Məhsulun keyfiyyətinə də söz ola bilməz. Rayonda belələri onlarladır. Bölgənin taxılçıları hərtərəfli dövlət qayğısından, rayonun bərəkətli torpaqlarından səmərəli istifadə edir, hər il yüksək nəticələrə nail olurlar. Qazandıqları uğurlar onların taxılçılığa marağını daha da artırır. Artıq Şərurda gələn ilin məhsulu üçün şum qaldırılmasına başlamışıq. İnanırıq ki, şumqaldırma kampaniyasını və taxıl əkinini vaxtında başa çatdıracağıq.
Bir vaxtlar dağlıq ərazilərdə taxıl əkilib-becərilməsinə bir o qədər də diqqət yetirilmirdi. Bunu belə zonalarda taxılın məhsuldarlığının aşağı olması ilə izah edirdilər. Lakin göstərilən hərtərəfli dövlət qayğısı müqabilində daxili bazarın yerli taxıl məhsulları ilə təminatına öz töhfələrini vermək istəyən şahbuzlular sübut etdilər ki, belə ərazilərdə də yaxşı məhsuldarlığa nail olmaq mümkündür. Cari ildə onlar 1615 hektar sahədən 4432 ton məhsul tədarük ediblər. Orta məhsuldarlıq 27,4 sentner olub.
Beləcə daha bir taxıl biçini kampaniyası uğurla başa çatdı. Necə deyərlər, torpağa havayı bir dən belə, düşmədi. Ona görə də istehsalçı da, istehlakçı da sevinir ki, yenə də süfrələrimizdə yerli taxılın unundan hazırlanmış çörək bol olacaq. Bu strateji və müqəddəs ərzaq məhsulunu əldə etmək üçün başqa ünvanlara üz tutmayacağıq. 

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR