Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.
Bu sırada kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün soyuducu anbar komplekslərini də qeyd etmək lazımdır. Bunun üçün yerli investisiyalar əsasında soyuducu anbarların ümumi tutumu 14 min 245 tona çatdırılıb. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir.
2018-ci ilin iyun ayından başlayaraq artıq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbuluna başlanılıb. Tədarük dövrü başlayandan 1 avqust 2018-ci il tarixə soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş cəmi 2942,12 tona yaxın məhsul tədarük olunub. Bunun da 2875,83 tonu kartof, 4,28 tonu soğan, 27 tonu ərik, 14,23 tonu alma, 0,2 tonu sarımsaq, 13,35 tonu kələm məhsuludur. Hazırda sоyuducu аnbаrlаr tərəfindən kartof 25-40, soğan 25-35, alma isə 50-80 qəpiyə tədarük edilir.
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar kompleksləri güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına tikilərək istifadəyə verilir. Bu məqsədlə Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın qurulması davam etdirilir.
Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə yeni innovasiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır. Göstərilən diqqətin nəticəsində muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində cari ilin ötən dövrü ərzində Şərur rayonunun Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlova istixana təsərrüfatını genişləndirmək üçün 50 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Cari ilin ötən dövrü ərzində istixana komplekslərində istehsal olunan 358 ton tərəvəz məhsulları istehlak bazarını davamlı təchiz edib.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 35 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, 704 halda səyyar laboratoriya yoxlamaları aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Muxtar respublikada bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, aqrar sahədə müsbət irəliləyişlər əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti