Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də beynəlxalq tələblərə cavab verməklə ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnmişdir. İslahatların məntiqi davamı kimi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində 2004-cü il 29 iyun tarixdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ölkə başçısı cənab İlham Əliyev 2005-ci il 7 fevral tarixdə həmin qanunun tətbiq edilməsi barədə Fərman imzalamışdır. Bu qanuna uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 iyun 2005-ci il tarixli əmri ilə mühasibat uçotunun beynəlxalq standartlara əsaslanmış “Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi Qaydaları” təsdiq edilmişdir.
Mühasibat uçotu müəssisənin, onun əmlakının kompleks idarə edilməsini, həyata keçirilmiş təsərrüfat əməliyyatları ilə bağlı informasiyaların toplanmasını, işlənməsini, qeydiyyatı və onların istifadəçilərə çatdırılmasını təmin edən sistemdir. Uçot iqtisadiyyatın bütün sahələri üzrə müxtəlif fəaliyyət növlərini bir-birinə bağlayan halqadır.
Hazırkı dövrdə bazar iqtisadiyyatı müəssisələrin iqtisadiyyatının inkişafı, istehsalın genişlənməsi və təkmilləşməsi qarşısında yeni tələblər qoymuşdur. İdarəetmənin mürəkkəbləşməsi yeni növ müəssisənin istehsal proseslərini, sərf olunan resursları, buraxılan məhsulların maya dəyəri, həcmi və sair bu kimi məsələləri əhatə edən şəffaf informasiyalara zərurət yaradır ki, bu da, nəticədə, mühasibat uçotu sistemində struktur dəyişikliyin baş verməsinə səbəb olur. Mühasibat uçotu və hesabatı sistemində baş verən dəyişikliklər müəssisənin maliyyə vəziyyəti və onun fəaliyyətinin son maliyyə nəticələri haqqında informasiyanın formalaşmasının təmin olunmasına istiqamətləndirilmişdir. Bu informasiyalar müəssisənin işində maraqlı tərəflər üçün əhəmiyyətli sayılaraq, müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında məlumatların maliyyə hesabatları istifadəçiləri üçün düzgün çatdırılmasını təmin edir. Hər bir investor öz vəsaitini müəssisənin mənfəətlə işləməsindən əmin olduqdan sonra bu sahəyə yatırmağa qərar verdiyi üçün həmin müəssisənin maliyyə hesabatı investor üçün aydın və anlaşılan olmalıdır. Buna görə də uçotu bir çox hallarda “biznesin dili” də adlandırırlar.
Məlum olduğu kimi, əvvəllər mühasibat uçotu və hesabat inzibati amirlik sistemində prinsipcə tamamilə başqa vəzifələr yerinə yetirirdi. Dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmizin iqtisadiyyatının inkişafında köhnə uçot metodları və üsullarının yeni şəraitdə qəbul edilməzliyi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasını zəruri etmiş, müasir mərhələdə uçot və hesabat sahəsində dünya praktikasında qəbul edilmiş qaydalara uyğun islahatların aparılması qarşıda duran əsas vəzifələrdən biri olmuşdur.
Müasir iqtisadi əlaqələr sistemi mürəkkəb xarakterə malik olub, hər bir müəssisə və şirkətdən beynəlxalq kapital bazarına çıxış, onların sərəncamlarında olan təbii, əmək və maliyyə resurslarından səmərəli istifadə olunma, yüksək bazar rəqabəti şəraitində fasiləsiz fəaliyyət və çeviklik tələb edir. Bu problemin həlli ən əvvəl müəssisə və şirkətin idarə olunması üzrə yekun qərarların düzgün verilməsinin ön plana çəkilməsi, maliyyə hesabatlarının göstəricilərinin beynəlxalq standartlara və mühasibat uçotu prinsiplərinə uyğun formalaşdırılması vasitəsilə mümkündür. Çünki təsərrüfat subyektlərinin maliyyə-istehsal fəaliyyətinin səmərəliliyi və rentabellilik səviyyəsinin qiymətləndirilməsində maliyyə hesabatlarının informasiyaları mühüm rol oynayır. Ona görə də iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq inteqrasiyanın rolunun artması, həmçinin iqtisadi, hüquqi xarakterli daxili və xarici amillərin təsiri mühasibat uçotu sahəsində dəyişiklikləri, müxtəlif ölkələrdə tətbiq olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini və hamı üçün anlaşıqlı olmasını tələb edir.
Mühasibat uçotu haqqında qanunvericilik bazasının möhkəmləndirilməsində də əsas məqsəd uçot sisteminin dünya uçot sisteminə uyğun qurulmasıdır.
Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar nəticəsində mühasibat uçotunun mahiyyəti və funksiyaları, müəssisədə onun yerinə yetirdiyi vəzifələr dəyişərək bir çox hallarda uçot sisteminin ayrı-ayrı parametrlərini, uçot sistemini müəssisənin özünün seçməsinə imkan yaratmışdır.
Naxçıvan Muxtar Respublikasında da mühasibat uçotunun və hesabatının yeni standartlar əsasında inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Belə tədbirlərdən biri də iyun ayının 3-dən etibarən Dünya Bankının “Korporativ və büdcə sektorunda hesabatlılıq” layihəsi çərçivəsində büdcə təşkilatlarının mühasibləri üçün təşkil olunan ongünlük treninqin keçirilməsidir. Treninqdə mühasibat uçotunun təşkilinin və maliyyə hesabatlarının tərtib olunmasının beynəlxalq uçot sisteminə uyğun şəkildə çoxsaylı slaydlar vasitəsilə tədrisi bu sektorda qarşıya qoyulan məqsədə çatmağa imkan verəcəkdir.
Dünya iqtisadiyyatına inteqrasiya etmək üçün muxtar respublikada uçot sisteminin bu sahədə mövcud beynəlxalq standartların prinsiplərinə uyğun qurulması dövrün vacib tələblərindən biri olduğundan uçot və hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərin kommersiya müəssisələrində də sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru