50-dən çox ölkə ilə ticarət əlaqələri quran muxtar respublikada
özəl bölmənin çəkisi 89 faiz təşkil edir
Sahibkarlığın inkişafı hər bir ölkə üçün prioritet sahələrdən sayılır. Çünki bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.
Təbii ki, ulu öndər Heydər Əliyevin sahibkarlığa bu cür yanaşması, ötən dövrdə həyata keçirilən dövlət siyasətinin ana xəttini təşkil etmiş, ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə görülmüş işlər, xüsusilə dövlət-sahibkar münasibətlərinin düzgün istiqamətdə qurulması hazırda əldə edilmiş iqtisadi nailiyyətlərin əsasını təşkil edir. 2013-cü ildə Naxçıvan Biznes Mərkəzinin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sahibkarlığın cəmiyyətdəki rolundan bəhs edərkən demişdir: “Sahibkarlar cəmiyyətin ən təşəbbüskar, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalatda tətbiq edən sosial təbəqəsidir. Cəmiyyətin sosial təbəqəsi kimi onlar yaradılmış şəraitdən, maliyyə imkanlarından, texnikadan, torpaqdan istifadə edirlər. Bu gün dövlət sahibkarlığın inkişafı üçün hər cür dəstəyi göstərir. Bundan sonra da göstərəcəkdir. Sahibkarlar da öz növbəsində dövlətin və cəmiyyətin inkişafı üçün öz dəstəyini göstərməlidirlər. Hər bir sahibkar çalışmalıdır ki, əhali məşğulluğuna, yeni iş yerlərinin açılmasına, keyfiyyətli məhsul istehsalına, daxili bazarın təminatına, muxtar respublikanın ixrac potensialının daha da gücləndirilməsinə öz töhfəsini versin. Qeyd olunan vəzifələrin icrası o halda mümkündür ki, sahibkarlıq fəaliyyətində dövlət-işçi-sahibkar münasibətləri düzgün qurulsun”.
Muxtar respublikamızda sahibkarlığa göstərilən dövlət dəstəyini bir çox cəhətlərinə görə xarakterizə etmək mümkündür. Bunlar, ilk olaraq, muxtar respublikanın sosial-iqtisadi inkişaf istiqamətlərinə və düşdüyü blokada şəraitinin çətinliklərinə görə gələcək prioritetlərin müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Yerli xammal və enerji resurslarının, əhali ehtiyatlarının və ixtisaslı kadrların gücündən maksimum istifadə olunması ilə iqtisadi layihələrə start verilməsi muxtar respublika iqtisadiyyatının inkişaf etdirilməsində atılmış ilkin addımlar idi. Digər tərəfdən, dövlətin qarşısında duran başqa bir vəzifə muxtar respublikaya investisiya axınını sürətləndirmək, istifadəsiz qalmış sahələri canlandırmaq və indiyədək heç bir vaxt Naxçıvanda görülməsi qeyri-mümkün hesab edilən layihələri gerçəkliyə çevirmək idi. Və ötən dövrdə bütün bu işlər məhz dövlət-sahibkar işbirliyinin sayəsində mümkün olmuşdur. Təkcə 2000-ci ildən ötən dövrdə muxtar respublikada Sahibkarlığa Kömək Fondu tərəfindən 1300-ə yaxın layihə maliyyələşdirilmiş, 2003-cü ildən başlayaraq yaradılmış sahibkarlıq subyektlərində 70 minə yaxın yeni iş yeri açılmışdır. Muxtar respublikada sahibkarların fəaliyyəti üçün yaradılmış hərtərəfli şərait, əlverişli biznes və investisiya mühitinin nəticəsində 2018-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon 624 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutmuş və maddi istehsalın payı 57,6 faiz təşkil etmişdir. Bəhs edilən dövrdə sənaye məhsulu istehsalının həcmi 1,4, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1, kənd təsərrüfatı məhsullarının həcmi isə 3,6 faiz artmış, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,6 faiz artmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, cari ilin ilk 6 ayında iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 25 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 5 milyon 150 min manatı sənayenin, 585 min 800 manatı kənd təsərrüfatının inkişafına yönəldilmişdir.
Qeyd edək ki, bu gün sahibkarlıq subyektlərində çalışanlar məşğul əhalinin 83 faizini təşkil edir. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, naxçıvanlı sahibkarlar bu gün öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda muxtar respublikadan Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Litva, Türkmənistan, Rusiya və İran kimi ölkələrə ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları ixrac edirlər. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. İstehsal olunan müxtəlif adda məhsulların ixrac imkanlarının artması səbəbindən 2009-cu ildən muxtar respublikanın xarici ticarətində müsbət saldo qeydə alınır.
Əlbəttə, sahibkarlığın inkişafında əldə edilmiş nailiyyətlərin təməlində dövlətin bu sahəyə qayğısı dayanır. 2017-ci ildə sahibkarlara 10 milyon manatdan çox kreditlər verilmişdir. 2018-ci ilin birinci yarısında iqtisadi fəaliyyətin müxtəlif sahələrində 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsi yaradılmışdır. Yeni yaradılan müəssisələrdə 272 iş yeri açılmışdır. Hazırda isə 20 layihənin icrası davam etdirilir.
Sahibkarlığın inkişafının dəstəklənməsi muxtar respublikanın iqtisadi potensialını ildən-ilə artırmaqdadır. Digər tərəfdən, bu, Naxçıvanda lazımi investisiya mühitinin formalaşmasının göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır.
Bəli, sahibkarlığın inkişafı bu gün muxtar respublikada həyata keçirilən milli iqtisadi strategiyanın ən vacib tərkib hissəsidir. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq Naxçıvan Biznes Mərkəzində yerli sahibkarlarla görüşür, onların fəaliyyəti ilə maraqlanır. Sahibkarlara lazımi dəstəyin göstərilməsində aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verir. Bütün bunlar isə naxçıvanlı sahibkarlara daha səmərəli fəaliyyət göstərmək üçün əlavə stimul verir. Çünki sahibkarlar fəaliyyətlərində daim dövlətin qayğısını öz üzərlərində hiss edirlər.
Səbuhi Həsənov