İlk Dəmir dövrünün yadigarı
Şərur şəhərindən 11 kilometr məsafədə, Naxçıvan-Sədərək magistral yolunun sağında və solunda qərar tutan Dəmirçi kəndi qədim yaşayış məskənlərimizdən biridir.
İlk Dəmir dövründə təşəkkül tapdığı ehtimal olunan bu yurd yerindəki küp qəbiristanlığı, Naxçıvan-Sədərək magistralının 70-ci kilometrliyində yerləşən, hündürlüyü 1244 metrə çatan Vəlidağın şərq hissəsindəki təpənin üstündə olan arxeoloji abidə Dəmirçinin qədim tarixindən soraq verən sübutlardır.
Dəmirçidə qədim məhəllə adları indi də yaşayır: “Qala qapısı”, Kərimli məhəlləsi, İsmixan məhəlləsi və sair.
İlləri yola salan Ağa, Kalbakərim, Şırşır, Qafar, Səfər, Bayraməli kəhrizlərinin də yaşı bilinmir, nə vaxt qazılmasını kəndin ən yaşlı adamları belə xatırlamırlar. Bu gün də həmin kəhrizlərdən istifadə olunur.
Uzunömürlülər və onlarla söhbət
Dəmirçidə özünəməxsus adət-ənənələr bu gün də qiymətli irs kimi yaşadılır. Bu kənddə yaşayan uzunömürlülər çoxdur. Rəhim Lalayev onlardan biridir. Onunla görüşmək istədik; qapısını döydük. Qapını özü açdı. Hal-əhval tutduq. Çay süfrəsi arxasında ona ilk sualımı verdim:
– Rəhim baba, artıq yaşınız 90-ı haqlayır. Bəs yeniyetməlik, gənclik çağlarındakı kənd yaddaşınızda necə qalıb?
Rəhim baba əvvəlcə illərin iz saldığı, qırış-qırış olmuş alnını ovuşdurdu. Sonra dilləndi:
– O illərdə Dəmirçidə insan əli ilə yaradılan, qurulan bir gözəllik gördüyümü yada sala bilmirəm. Onda uşaq ağlı ilə düşünürdüm ki, elə kənd məhz belə olmalıdır. Evlərin palçıq divarları, uçuq-sökük hasarları, daş-kəsəkli, toz-torpaqlı kənd yolları, qapısı cırıltı ilə açılan xidmət təşkilatlarının köhnə binaları sanki kəndimizin boyuna biçilmişdi. O dövrlər biz bütün bunları təbii qəbul edirdik. Deyirdik ki, şəhərdə yaşamırıq ki, asfalt üstündə gəzək, ucamərtəbəli, dəbdəbəli məktəbdə oxuyaq, yaraşıqlı mənzillərdə yaşayaq. Rəhim baba bir qədər fikrə gedir, sonra yenə söhbətə başlayır:
– Oğul, keçmişlə indini müqayisə etmək olmaz. İndi kəndimizdə o günlərdən əsər-əlamət yoxdur. Heç yatsaydım, yuxuma gəlməzdi ki, bu yaşayış məntəqəmizdə asfalt küçələrdə gəzəcəyik, yaraşıqlı imarətlər tikəcəyik, özümüzə şəxsi maşınlar alacağıq. Bu gün Dəmirçi ən gözəl, bənzərsiz, büsbütün dəyişən yurd yerinə çevrilib. Buldozerlərin, kranların, yük maşınlarının səsi bir-birinə qarışıb. Bir dəm-dəsgah yaradırlar ki, gəl görəsən. Allah dövlətimizin bayrağını daha uca eləsin. Qazımız var, işığımız var, suyumuz var, quruculuq-abadlıq işləri də öz qaydasında. Gözəl dövrandır, hələ yaşamağa dəyər.
Kəndin ağbirçəyi, 95 yaşlı Gülzar Nəbiyeva ilə də görüşməyə vaxt tapdıq. Gümrah qalıb, hafizəsi də yaxşıdır. Bunun səbəbi ilə maraqlandıq və soruşduq:
– Gülzar nənə, göz dəyməsin, çox sağlamsınız, ömrünüzü necə yaşamısınız?
Maraqlı söhbət elədi Gülzar nənə:
– Desəm ki, əziyyət çəkməmişəm, qovğalar görməmişəm, yağ-bal içərisində ömür sürmüşəm, yalan olar. Keçən əsrin 40-cı, 50-ci, 60-cı illərində günüm çöllərdə keçib. Pambıqçı olmuşam. Əlimdən kətmən yerə düşməyib. Qazancımız da çox olmazdı, güclə dolanırdıq. Heç bilirsiniz, pambıq becərmək necə ağır işdir? Məhsul yığımı dövrü çörəyimizi də gecələr yapardıq. Vallah, indiki qadınlar xanım kimi yaşayırlar.
Qaldı ki, sağlam, gümrah qalmağıma, onun əsl səbəbini zəhmətlə məşğul olmağımda, öz həyət-bacamda yetişdirdiyim meyvə-tərəvəzlə qidalanmağımda görürəm. Halal qazancla 3 qız, 3 oğul böyütmüşəm. Hamısı da zəhmətsevər, ev-eşik sahibidir. Belə günlər ələ düşməz, bunun qədrini bilmək lazımdır.
Qayıdış və inkişaf
Yamyaşıl meyvə bağları, abad, səliqəli evləri, rahat yolları ilə Dəmirçi elə ilk baxışdan görəni özünə valeh edir. Xüsusilə son 2-3 ildə Naxçıvan-Sədərək magistral yolunun bu ərazidən keçən hissəsinin sağında salınan 35 hektarlıq meyvə bağı göz oxşayır. Kənd sakinlərinin, rayon idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iməcilik yolu ilə əkib ərsəyə gətirdikləri başbaşa vermiş ağaclar bu il nubar məhsul gətirib.
Son illər kəndin “Qır” adlanan 28 hektarlıq ərazisində dörd yeni məhəllə salınıb, burada 330-dan çox təzə mənzil tikilib.
Dəmirçinin yurda bağlı insanları bu qədim yaşayış məskəninin tarixi ilə qürur hissi keçirdikləri kimi, bu günün də qədrini bilirlər.
Kənd ziyalısı Rəşid Əsədovun söhbəti də maraqlı oldu. Ümummilli liderimiz Heydər Əliyevin 1990-cı ildə bu kəndə gəlişini, əhali ilə görüşünü xatırlayan Rəşid müəllim dedi:
– Elə vəziyyət yaranmışdı ki, camaatın bir qismi kənddən çıxıb başqa yerlərdə yaşamağa üz tutmuşdu. Heydər Əliyev kimi dahi bir şəxsiyyətin kənd adamları ilə söhbəti, ölkəmizdə aqrar islahatlarla bağlı ilk dəfə olaraq muxtar respublikada həyata keçirdiyi tədbirlər bu prosesə son qoydu. İnsanlar öz torpaqlarının əsl sahibinə çevrildilər, doğma kənddən gedənlər də qurub-yaratmaq əzmi ilə geri qayıtdılar, torpağa pənah gətirdilər. Bəhrələrini də gördülər.
Rəşid müəllim onu da xüsusi vurğuladı ki, bu gün kənddə 250-dən çox minik maşını var, yaxşı gün-güzəran qurulub. Kənddə çörəkbişirmə sexi fəaliyyət göstərir, 600 abunəçiyə xidmət edən ATS, poçt bölməsi, həkim ambulatoriyası, mədəniyyət evi, kitabxana, baytarlıq məntəqəsi, əczaxana kənd əhalisinin xidmətindədir.
Yeni quruculuq ünvanları
Dəmirçi kəndi bu gün əsl tikinti meydançasını xatırladır. Belə ki, hazırda bu böyük yaşayış məntəqəsində dörd obyektin tikintisi aparılır. Kəndin simasını əsaslı surətdə dəyişəcək quruculuq tədbirlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. Müasirtipli layihə əsasında inşa edilən ikimərtəbəli binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, rabitə evi, baytarlıq məntəqəsi fəaliyyət göstərəcək.
Cari ildə kəndin həkim ambulatoriyası da yeni binada əhalinin sağlamlığına xidmət edəcək. Bu bina da iki mərtəbədən ibarətdir. Yeni səhiyyə ocağının maddi-texniki bazası gücləndiriləcək, burada müasir tibbi avadanlıqlar quraşdırılacaq.
Daha bir obyekt 1008 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. Yeni məktəb binasında 55 sinif otağı, 3 laboratoriya, 3 elektron lövhəli sinif, 3 kompyuter, direktor və müəllimlər otaqları, kitabxana, idman zalı kollektivin ixtiyarına veriləcək.
Xidmət mərkəzinin binasında isə son tamamlama işləri görülür. Burada ərzaq, sənaye və tikinti materialları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı yaradılacaqdır.
Ruzi-bərəkət mənbəyi: torpaq
Kənddə insanlara göstərilən qayğı artdıqca dəmirçililərin də qurub-yaratmaq əzmi yüksəlir. Hər kəs sahibi olduğu torpağın qayğısını çəkməklə, onu əkib-becərməklə gün-güzəranını yaxşılaşdırır. Bunun üçünsə dövlətimiz tərəfindən onlara hərtərəfli şərait yaradılıb. Elə bunun nəticəsidir ki, kənddə bir qarış da olsun, əkilməmiş torpaq qalmır.
Bəli, Dəmirçidə insanların zəhmətilə hər yerdə bir həyat qaynarlığı duyulur. İnsanların gözləri gülür, üzlərindən nur yağır. Kənddə olarkən hal-əhval tutduğum insanların nikbin əhval-ruhiyyəsindən, inam yağan baxışlarından həm də məmnunluq, minnətdarlıq dolu hissləri gördüm.
Cəfər ƏLİYEV