Naxçıvan Muxtar Respublikasında aqrar sahənin uğurlu inkişafı Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrlərdə də ölkədə ictimai-siyasi xaosla yanaşı, güclü iqtisadi böhran da hökm sürürdü. Belə gərgin dövrdə ümummilli liderin Naxçıvana qayıdışı blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının təhlükələrdən xilas olmasına, iqtisadiyyatının dirçəldilməsinə, sonrakı hərtərəfli inkişafına güclü təsir göstərdi.
1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Culfa rayonunda ilk dəfə olaraq ictimai təsərrüfatda islahata başlanıldı və yeni özəl təsərrüfat qurumları yaradıldı. Həmin il aprel ayının 6-da “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” Qanun qəbul edildi. Bununla da ölkəmizdə ilk aqrar islahatlar Naxçıvanda həyata keçirildi.
Muxtar respublikada kənd təsərrüfatını inkişaf etdirmək üçün görkəmli dövlət xadiminin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən, “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında”, “Lizinq xidməti haqqında”, “Torpaq icraiyyəsi haqqında”, “Torpaq bazası haqqında” qanunlar və digər dövlət sənədlərinin böyük əhəmiyyəti olub. Aqrar islahatların aparılması, həyata keçirilən təşkilati, siyasi və digər tədbirlər tezliklə öz bəhrəsini verdi, aqrar sahədə dönüş yarandı.
Naxçıvan Muxtar Respublikasında suvarma işinin təşkili, kənd təsərrüfatının inkişafının əsas amillərindən biri kimi daim diqqətdə saxlanılıb. Bu təbii sərvətlərlə zəngin diyarda əkinçilik təsərrüfatının inkişaf etdirilməsində göllərin və su anbarlarının da özünəməxsus yeri vardır. Muxtar respublikanın ərazisi quraq iqlimə malik olduğundan burada yerləşən Göygöl, Salvartı, Qanlıgöl və Batabat göllərinin sahəsi və həcmi kiçikdir. Vaxtilə bu təbii su mənbələrindən də əlverişli şəkildə istifadə olunmurdu.
Muxtar respublikamızda suvarma suyu ilə bağlı yaranan problemlərin həlli üçün ötən dövr ərzində bir sıra layihələr həyata keçirilib. Heydər Əliyev Su Anbarı, Arpaçay Su Anbarı və Uzunoba, Nehrəm, Qazançı, Təzəkənd, Dəstə, Axura, Sirab, Qahab, Çalxanqala, Qıvraq, Xok, Qarabağlar kəndlərindəki su mənbələrinin adını qeyd etmək olar. Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4364, Culfa rayonunda 2311, Şahbuz rayonunda 244 hektar olmaqla, ümumilikdə, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Bu anbar vasitəsilə suvarılan torpaqların sahəsi 16 min 830 hektara çatdırılıb. Naxçıvanın su ehtiyatlarını artırmaq məqsədilə mövcud su anbarlarında təmir işləri aparılıb, yenilərinin tikilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. 2007-ci ildə Arpaçay Su Anbarında əsaslı təmir işlərinə başlanılıb və 2008-ci ilin sonunda istismara verilib. Nəticədə, Şərur, Sədərək və Kəngərli rayonlarında suvarma işi xeyli yaxşılaşdırılıb. 2010-cu ildə muxtar respublikada suvarma tədbirlərinin həyata keçirilməsi məqsədilə 97 nasos stansiyasından, 766 subartezian quyusundan və 339 kəhrizdən istifadə olunub. Muxtar respublikada nasos stansiyalarının və subartezian quyularının artırılması kənd təsərrüfatının tənzimedici işlərə sərf etdikləri xərci xeyli azaldıb və su təminatını artırıb.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədilə 2 milyon manat vəsait ayrılıb. Muxtar respublikada aqrar sahənin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə məhsul istehsalının səviyyəsi dəfələrlə artıb. Bütün bunlar isə günbəgün yeniləşən bu diyarın parlaq gələcəyindən xəbər verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır”.
Əldə olunmuş sosial-iqtisadi inkişaf səviyyəsini qorumaq və daha da möhkəmləndirmək məqsədilə Ali Məclis Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Həmin il dekabr ayının 27-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qədim diyarda formalaşan təsərrüfatçılıq ənənələrinin inkişaf etdirilməsi məqsədilə 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunub. Bu isə o deməkdir ki, aqrar sahəyə qayğı, onun inkişafını diqqətdə saxlamaq davamlı xarakter alıb və bu, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə istiqamətlənmiş növbəti addımdır.
Son illər meliorasiya və irriqasiya sistemlərindən səmərəli istifadənin təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi nəticəsində suvarılan torpaqların su təminatı və onların meliorativ vəziyyəti yaxşılaşdırılıb. Belə ki, Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalı üzərində Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilib, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilib, 6,5 kilometrlik kollektor bərpa olunub. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində isə 400 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsi bərpa edilib. Böyükdüz və Xok kəndlərini əhatə edən 117 hektar ərazidə yeni qapalı suvarma şəbəkəsi tikilib, nəticədə, su itkisinin qarşısı alınıb, suvarma suyundan səmərəli istifadə etmək üçün şərait yaradılıb.
Bu il may ayının 16-da ölkə prezidenti cənab İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublika üçün çox uğurlu olub, muxtar respublikada aqrar sahəni daha da inkişaf etdirmək məqsədilə sərəncam imzalanıb. Sərəncamda deyilir: “Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsal həcminin artırılması istiqamətində son illərdə mühüm addımlar atılmışdır. Respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi, on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi aqrar sektorun dayanıqlı inkişafı üçün zəmin yaratmış, kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının inkişafına xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına imkan vermişdir.
2017-ci ildə Naxçıvan Muxtar Respublikasında mövcud potensialdan səmərəli istifadə olunmaqla görülmüş meliorativ tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması başa çatdırılmışdır”.
Həmin sərəncama əsasən “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə 5 milyon manat vəsait ayrılıb. Əminliklə demək olar ki, bu, muxtar respublikamızda suvarma sisteminin müasir dövrün tələbləri səviyyəsində qurulmasına öz töhfəsini verəcəkdir.
Meliorasiya və su təsərrüfatı iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Yuxarıda qeyd olunduğu kimi, bu istiqamətdə müvafiq fərman və sərəncamlarla təsdiq edilmiş dövlət proqramlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub və onların bir çoxu artıq reallaşdırılıb. Bu mənada, muxtar respublikada suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin uğurla həyata keçirilməsi artıq öz müsbət nəticələrini verməkdədir. Naxçıvanda torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni suvarılan torpaqların istifadəyə verilməsi əhalinin ərzaq məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaradıb.
Xəzər HÜSEYNOV
tarix üzrə elmlər doktoru