22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda yerli iqlim və relyefə uyğun meyvə-tərəvəz sortlarının becərilməsi, meyvə-tərəvəzçilik əsasında emal sənayesinin inkişaf etdirilməsi üçün əlverişli ekoloji mühit mövcuddur. Son illərdə davamlı xarakter alan dövlət qayğısı bu prosesdə başlıca stimula çevrilib, iqtisadi səmərəlilik baxımından kənd təsərrüfatının mühüm əhəmiyyətə malik sahələri kimi meyvəçilik və tərəvəzçiliyin inkişafına geniş imkanlar açıb.

Bu amil əsas götürülərək muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərində meyvə ağaclarının əkininə üstünlük verilir. Ayrı-ayrı sahibkarlar da mövcud imkanlardan, yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət qayğısından bəhrələnərək meyvə bağları salır, tingçilik təsərrüfatları yaradır, tərəvəz istixanaları qururlar. Müxtəlif vaxtlarda yetişən ayrı-ayrı tumlu, çəyirdəkli, qərzəkli meyvə və digər aborigen sortlardan ibarət plantasiyaların salınması, yüksək məhsuldar, keyfiyyətli, regionumuzun təbii iqlim şəraitinə uyğun meyvə tinglərinin yetişdirilməsi, inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli meyvə sortlarının əldə edilməsi muxtar respublikada bu gün daha geniş miqyasda meyvə-tingçilik təsərrüfatlarının və istixanaların yaradılmasını şərtləndirir. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” mühüm əhəmiyyətə malik dövlət sənədidir.

Dövlət proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə və tərəvəz istehsalının artırılmasından, yüksək istеhlak хüsusiyyətlərinə malik mеyvə bağlarının əkilməsindən, onların ixtisaslaşdırılmasından, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab vеrən tехnologiyalar əsasında yеni mеyvə və tərəvəz еmalı müəssisələrinin yaradılmasından, həmçinin baha qiymətə digər yerlərdən muxtar respublikaya gətirilən və genefondu bəlli olmayan eyniadlı məhsulların idxalının qarşısını almaqdan ibarətdir. Bu məqsədlərə nail olunması üçün müxtəlif qurumlar qarşısında yüksək kеyfiyyətli məhsuldar mеyvə bağlarının salınması və tərəvəz məhsullarının əkilməsi, mеyvə və tərəvəzçilikdə müasir tехnika və tехnologiyanın tətbiqi, tехniki хidmət, хəstəlik və ziyanvеricilərə qarşı mübarizə, üzvi və minеral gübrələrlə təchizat sahəsində müvafiq tədbirlərin görülməsi, unudulmuş (aborigen) meyvə-tərəvəz sortlarının bərpası kimi vəzifələr qoyulub.
Proqramın qəbulundan bir ildən artıq vaxt keçib. Bu dövrdə icrası nəzərdə tutulmuş vəzifələrin necə yerinə yetirilməsi ilə bağlı araşdırmalar apardıq. İlk üz tutduğumuz ünvan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi oldu. Bəhs olunan müddətdə bu qurum tərəfindən yerinə yetirilən vəzifələr az deyil.
Belə ki, nazirlik tərəfindən muxtar respublikanın müxtəlif bölgələrində yerli və gətirilmə sortların genetik fondunun toplanması, bu vaxta qədər toplanmış sortların qorunub saxlanması və məhsuldarlığı yüksək olan sortlardan tingçilik təsərrüfatının təşkili istiqamətində müəyyən işlər görülüb, “Araz” Elm-İstehsalat Birliyinin Ordubad Dayaq Məntəqəsində 366 meyvə sortunun genetik fondu toplanıb. Şərur rayonunda dövlət dəstəyi ilə iki sahibkar tərəfindən məhsuldar meyvə sortlarından calaq üsulu ilə 12 hektar ərazini əhatə edən tinglik sahələri yaradılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş mineral gübrə nümunələri toksikoloji laboratoriyada, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müraciəti əsasında Babək rayonunun Nehrəm kəndində 10 torpaq mülkiyyətçisinin əkin sahəsindən götürülən və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş 8 torpaq nümunəsi analitik laboratoriyada analiz edilib.
Dövlət proqramına əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondu tərəfindən meyvəçiliklə məşğul olan 10 sahibkarlıq subyektinə cari ilin ilk 4 ayı ərzində 246 min manat, limon istehsalı ilə məşğul olan 3 sahibkarlıq subyektinə 46 min manat, tərəvəzçiliklə məşğul olan 2 sahibkarlıq subyektinə isə 65 min manat kredit verilib.
Dövlət proqramında maarifləndirmə ilə bağlı nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə məşğul olan orqanların fəaliyyətini tam qənaətbəxş hesab etmək olmaz. Aldığımız arayışlarda göstərilir ki, kənd yaşayış məntəqələrində görüşlər keçirilib, əhalinin maarifləndirilməsi üçün onlara məsləhət və tövsiyələr verilib. Qəzetimizin 2013-cü il 18 may tarixli nömrəsində dərc olunan “Torpaqlardan təyinatı üzrə istifadə olunmalıdır” adlı yazıda bu barədə məlumat verərək bildirmişdik ki, keçirilən bir neçə belə tədbirdə biz də iştirak etmişik. Ona görə də araşdırmalarımızı bir qədər də genişləndirdik. Olduğumuz kəndlərin icra nümayəndələri, bələdiyyələrlə deyil, birbaşa torpaq mülkiyyətçiləri ilə söhbət zamanı çoxları bildirdilər ki, onlarla heç bir görüş keçirilməyib. Gəldiyimiz qənaətlə oxucular da razılaşarlar ki, bir neçə kənddə keçirilmiş maarifləndirici tədbiri bütövlükdə muxtar respublikaya şamil etmək olmaz. İqtisadi İnkişaf Nazirliyinin verdiyi arayışa qayıdırıq. Bildirilir ki, əhalinin maarifləndirilməsi ilə bağlı buklet-informasiya vərəqələri sahibkarlara paylanıb. Ancaq həmin vərəqələrdən maarifləndirici tədbirlər keçirilmiş kəndlərin sakinləri bəhrələnə biliblər.
Proqrama əsasən, 2012-2013-cü illərdə yaradılması nəzərdə tutulan Nəzarət-Toksikologiya və Bitkilərin Karantin Ekspertizası laboratoriyaları barədə də söz-söhbət yoxdur. Belə laboratoriyaların yaradılması Kənd Təsərrüfatı, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə tapşırılıb.
Proqramda Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin qarşısında da mühüm vəzifələr qoyulub. Onlardan biri torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılmasının elmi əsaslarının hazırlanması və tətbiqidir. Bununla bağlı olaraq, komitə Sədərək və Şərur rayonlarında yerlərdə baxış keçirib, xəritələşdirmə prosesinə başlanılıb. Şoranlaşmış ərazilər müəyyən edilib, 93,4 kilometr uzunluğunda kollektor, 4 kilometr uzunluğunda açıq drenaj təmir olunub, 8,3 kilometr uzunluğunda yeni açıq drenaj, 0,86 kilometr uzunluğunda qapalı drenaj xətti tikilib. Sədərək rayonunda nasos stansiyasının və suvarma şəbəkəsinin tikinti işlərinə başlanılıb. Lakin komitədən aldığımız arayışda həyata keçirilməsi nəzərdə tutulan bəzi vəzifələrin icra müddəti bizim üçün qaranlıq qaldı. Həmin arayışda göstərilir ki, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı və Xok, Babək rayonunun Nehrəm kəndlərinin ərazisindəki, Culfa rayonundakı Culfa düzünün əkin sahələrini daimi suvarma suyu ilə təmin etmək üçün suvarma kanallarının və təzyiqli boru xəttinin tikintisinin aparılması 2015-2017-ci illərdə nəzərdə tutulub. Dövlət proqramı isə 2012-2015-ci illəri əhatə edir. Yəni proqramın icrası 2015-ci ildə başa çatdırılmalıdır. Belə olan təqdirdə... Komitənin bizə təqdim etdiyi arayış İqtisadiyyat və maliyyə təsərrüfat şöbəsinin müdiri A.Abbasbəyli tərəfindən imzalanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən aldığımız məlumatda ötən müddətdə proqramın icrası ilə bağlı görülən işlər öz əksini tapıb. Proqrama əsasən, meyvə bağlarının salınması üçün sututarlara yaxın ərazilərin və çay vadilərində istifadə olunmayan torpaqların müəyyənləşdirilib əkin dövriyyəsinə daxil edilməsi məqsədilə Ordubad rayonunda 183,4, Şahbuz rayonunda 93,3, Kəngərli rayonunda isə 617,4 hektar torpaq sahəsi, torpaq islahatı zamanı dövlət və bələdiyyə mülkiyyətində saxlanılan, habelə sututarlara yaxın ərazilər və çay vadilərində istifadə olunmayan sahələr meyvə və tərəvəzçiliyin inkişaf etdirilməsi məqsədilə plana alınıb, kəndlərin elektron xəritə materialları üzərinə köçürülüb. Bu tədbir hazırda Şərur və Babək rayonlarında davam etdirilir.
Yerlərdə apardığımız araşdırmalar, əhali ilə söhbətlər belə deməyə əsas verir ki, adıçəkilən komitə tərəfindən də maarifləndirici tədbirlər tələb olunan səviyyədə deyil və hər 3 aidiyyəti qurum bu istiqamətdəki fəaliyyətini gücləndirməlidir.

Oxucuların nəzərinə çatdırırıq ki, adıçəkilən proqramda digər aidiyyəti təşkilatlar qarşısında da mühüm vəzifələr qoyulub. Onların bu günədək həyata keçirməli olduqları işləri hansı səviyyədə yerinə yetirmələri ilə bağlı qeydlərimizi növbəti nömrələrimizdə sizə təqdim edəcəyik.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR