23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər hərtərəfli inkişafa mühüm təsir göstərmişdir. Belə ki, muxtar respublikanın dinamik inkişafını sürətləndirən və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının, həmçinin 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının icrası nəticəsində ucqar dağ kəndlərindən şəhər və rayon mərkəzlərinə qədər yollar yenidən qurulmuş, infrastruktur yenilənmiş, yeni iş yerləri yaradılmış, kənd mərkəzləri, xidmət mərkəzləri, təhsil, səhiyyə və mədəniyyət obyektləri istifadəyə verilmiş, elektrik xətləri yenilənmiş, rabitə və poçt xidmətləri yaxşılaşdırılaraq əhalinin yaşayışı, sosial xidmətlərlə təminatı və məşğulluğunun artırılması məqsədilə bütün lazımi şərait yaradılmışdır.
Ötən dövrdə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində artım qeydə alınmışdır. Belə ki, inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalı 2018-ci ilin yanvar-iyun aylarında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ­ 4 dəfə artaraq 1 milyard 246 milyon 624 min 700 manata, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 3,4 dəfə artaraq 2748,3 manata çatmışdır. Bu dövrdə sənaye məhsulu 6,6, əsas kapitala yönəldilən vəsaitlər 4,8, kənd təsərrüfatı məhsulu 2,8, nəqliyyat sektorunda yük daşınması 1,9, informasiya və rabitə xidmətləri 2,3, ixrac 17,5, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 1,9 dəfə artmışdır.

Muxtar respublikada əldə olunmuş uğurlar demoqrafik proseslərə də müsbət təsir göstərmiş, 1 yanvar 2008-ci illə müqayisədə əhalinin sayı 16 faiz artaraq 1 iyul 2018-ci il tarixə 454,3 min nəfər olmuşdur.
Artan əhalinin məşğulluğunun təmin olunması, əmək bazarının tələbinə uyğun peşə hazırlığına yiyələnməsi və ixtisaslı kadr potensialının yaradılması məqsədilə təkcə 2018-ci ilin ilk altı ayında Naxçıvan Regional Peşə Tədris Mərkəzində aşpaz köməkçisi, xalçaçı, bərbər, dayə, bərbər-manikürçü, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, traktorçu-maşinist peşələri üzrə 108 nəfər, Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 20 nəfər ağac və duz üzərində oyma peşələri üzrə kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1296 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İqtisadiyyatın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 1 iyul 2008-ci il tarixdən cari ilin müvafiq dövrünədək muxtar respublikada 39 min 319 yeni iş yeri açılmışdır ki, bunun da 88,8 faizi daimi iş yerləridir. Son on ildə muxtar respublikada açılmış 34 min 933 daimi iş yerinin 1499-u yeni yaradılmış, 11 min 404-ü mövcud, 46-sı isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 984-ü fiziki şəxslərdə yaradılmışdır. Açılmış ümumi yeni iş yerlərinin 46,5 faizi Naxçıvan şəhərinin, 15,3 faizi Şərur, 11,9 faizi Babək, 6,7 faizi Ordubad, 8,5 faizi Culfa, 4,1 faizi Kəngərli, 4,5 faizi Şahbuz, 2,5 faizi isə Sədərək rayonlarının payına düşmüşdür.

Son on ildə yeni yaradılmış iş yerləri
(ümumi yekunda xüsusi çəkisi, faizlə)

Təkcə 2018-ci ilin birinci yarımilində muxtar respublikada 1364 yeni iş yeri yaradılmışdır ki, bunun da 98,3 faizi daimi iş yerlərinin payına düşmüşdür.
Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, 2018-ci ilin birinci yarımilində məşğul əhalinin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 236,4 min nəfərə çatmışdır.
2018-ci ilin iyun ayının sonuna muxtar respublikada muzdla işləyənlərin sayı 96 min nəfər təşkil etmiş, işçilərin 40,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 55,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,2 faizi sənaye, 12 faizi tikinti, 18,1 faizi topdan və pərakəndə ticarət, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,5 faizi dövlət idarəetməsi və sosial təminat, 15,4 faizi təhsil, 6,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,1 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşdur.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı şərait yaratmış, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 2018-ci ilin ilk yarımilində 426 manatı ötmüşdür.
Orta aylıq əməkhaqqı dövlət sektorunda 346,8 manat, qeyri-dövlət sektorunda isə 484,3 manat təşkil etmişdir. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınmışdır.
Muxtar respublikada səmərəli məşğulluğun təmin olunması, sosial sahəyə göstərilən diqqət və qayğı bundan sonra da əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR