Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yüksək keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. İllik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. Naxçıvanda yetişdirilən və idxal olunan meyvələrdən tam gigiyenik qaydada yüksək keyfiyyətli müxtəlif çəki və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, nar, üzüm, portağal və qarışıq tərkibli nektarlar istehsal edilir.
Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır. Diyarımızın ən qədim məşğuliyyət sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılmışdır. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.
Müəssisədə 2011-ci ilin iyul ayından yeni istehsal sahəsinin – meyvə nektarlarının karton taralara qablaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılmışdır. İstehsal sahəsi üçün yeni bina inşa olunmuş və burada İsveçin “Tetra pak” firmasından istehsal gücü saatda 7 ton 1 litrlik və 1600 litr 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmışdır. 2012-ci ilin mart ayından istehsala başlanmışdır. Nəfis tərtibatlı karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixi, tərkibi, istifadə qaydası, saxlanma şəraiti, standart göstəriciləri və mənşəyi haqqında məlumatlar göstərilir.
Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, yеrli əhаlidən аlınır ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməməsinə öz müsbət təsirini göstərir.
Qeyd edək ki, istеhsаl оlunаn məhsullаr ölkəmizin digər rеgiоnlаrındа da satışa çıxarılır, xаrici ölkələrə ixrac olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İstehsal olunan məhsulun xarici ölkələrə və Avropa bazarına çıxarılması üçün möhkəm baza yaradılmış, bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və ərzaq təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 22000-2005 və İSO 9001-2008 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən meyvə nektarları cari ildə Gürcüstan bazarına çıxarılmışdır.
Kərəm HƏSƏNOV