23 Dekabr 2024, Bazar ertəsi

İyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikaya alınıb gətirilmiş yeni texnikalara baxmış, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının texnikalarla təminatı, kənd təsərrüfatı texnikalarının satışının davam etdirilməsi, yeni texnikalardan səmərəli istifadə olunması və digər məsələlər barədə tapşırıqlar vermişdir.

Verilən tapşırıqların icrası diqqətdə saxlanılmışdır. İyulun 31-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikaya yeni gətirilmiş texnika və texnoloji avadanlıqlardan 9-u lizinq yolu ilə sahibkarlara satılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Elşad Əliyev çıxış edərək deyib ki, cari ilin iyun ayında muxtar respublikaya daha 79 yeni texnika və avadanlıq alınıb gətirilib. Alınan texnikalar dünyanın qabaqcıl ölkələrinin istehsalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq bu texnika və texnoloji avadanlıqların lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara satılması həyata keçirilir. Görülən bu tədbirlər muxtar respublikada aqrar sahənin, sahibkar­lığın inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Qeyd edilib ki, hazırda kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Bu da aqrar sahənin, xüsusilə ailə təsərrüfatlarının inkişafına mühüm töhfə verir.
Sonra lizinq yolu ilə satılan yeni texnikaların sənədləri sahibkarlara təqdim olunub. Eyni zamanda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bütün rayon bazalarına da yeni texnika və texnoloji avadanlıqlar verilib.
Texnika təqdim olunan sahibkar­lardan bir neçəsi ilə görüşüb ­söhbətləşdik.
Babək rayon Zeynəddin kənd sakini, torpaq mülkiyyətçisi Mətləb Həziyev bizimlə söhbətində dedi ki, uzun illərdir, təsərrüfatla məşğuldur. Bundan əvvəl sahələrdə köhnə kombaynla işləyib. Yeni kombaynların muxtar respublikaya gətirilməsi isə onu xeyli sevindirib: “Əsas dolanışığımız təsərrüfatla bağlıdır. Uzun illər taxıl əkib-­becərməklə məşğul olmuşuq. İndi də bu işi davam etdiririk. Yəni çörəyimiz bundan çıxır. İndiyədək istifadə etdiyim kombayn artıq köhnəlmişdi. Yenisini almaq üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Babək rayon bazasına müraciət etdim. Sağ olsunlar, onlar da müraciətimi dəyərləndirdilər. Gördüyünüz kimi, bu gün artıq yeni kombayn gətirmək üçün buradayıq. Dövlətimizə minnətdaram ki, bu texnikalar bizə güzəştli şərtlərlə satılır. Bu isə bizim kimi torpaq mülkiyyətçilərinə həmin texnikalardan istifadə üçün geniş imkanlar açır. Çalışacağıq ki, dövlətimizin bizim üçün yaratdığı bu şəraitdən lazımınca yararlanaq”.
Naxçıvan şəhər sakini Səid Əliyev də yeni texnika alanlar sırasında idi. Gənc olmasına baxmayaraq, artıq beş ildən çoxdur ki, fəaliyyətini kənd təsərrüfatı sahəsində qurub. Onun dediklərindən: “Kənd təsərrüfatına marağım bir neçə il bundan əvvəl başlayıb. Çünki zəhmətə qatlaşmaq, torpaqla ünsiyyətdə olmaq mənim üçün ayrı bir maraq kəsb edir. Yeni başlayanda texnikamız yox idi. Lakin dövlətin dəstəyi ilə bu çətinlikləri həll etdik. İndi həm torpaq icarəyə götürüb əkirik, eyni zamanda aldığımız texnika ilə digər təsərrüfatçıların sifarişlərini yerinə yetiririk. İşləyən üçün hər zaman iş var. Hazırda sahələrdə şum qaldırmanın zamanı çatıb. Yəni demək istədiyim odur ki, indiki dövrdə zəhmətkeş insan heç zaman ac qalmaz. Digər tərəfdən nəzərə alsaq ki, indi dövlətimiz tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına hər cür yardımlar edilir, o zaman işə daha həvəslə girişirsən. Məsələn, bu gün aldığım texnika sahibkara güzəştli şərtlərlə satılır, eyni zamanda uzun müddətə kreditlə verilir. Bu baxımdan naxçıvanlı sahibkar üçün ən müasir kənd təsərrüfatı texnikasına sahib olmaq çox asandır. Biz torpaq mülkiyyətçiləri üçün belə bir şərait yaratdığına görə muxtar respublika rəhbərinə öz minnətdarlığımı bildirirəm”.
Digər söhbətləşdiyimiz torpaq mülkiyyətçisi isə Şərur rayonunun Qorçulu kəndindən olan İdris Əliyev oldu. O dedi: “Bundan əvvəl də aqrolizinqin bu xidmətindən yararlanmışam. Bir neçə il bundan əvvəl aldığım traktorla yaxşı qazanc əldə etdim. Texnikanın borcunu tam ödədikdən sonra ikincisini almağı qərarlaşdırdım. Bunun üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon bazasına müraciət etdim. Artıq bu gün “New Holland” markalı yeni traktorun sahibiyəm. Bu il 6 hektar sahədə yonca, 6 hektar sahədə isə qarğıdalı əkmişəm. Yeni aldığım traktoru həm öz təsərrüfatımda işlədəcək, həm də digər təsərrüfat sahiblərinin işini görəcəyəm. Qısa müddətdə də texnikanın dəyərini tam ödəyəcəyəm. Yaradılan bu şəraitə görə torpaq mülkiyyətçiləri adından dövlətimizə minnətdarıq”.
Bu gün muxtar respublikamızda kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətli addımlar atılır. Bir zamanlar münbit ərazilərinin böyük bir qismi əkilməyən, texnika sarıdan korluq çəkən Naxçıvan kəndlisi indi dünyanın ən müasir texnikaları ilə sahələrə çıxır. 2006-cı ildən bu günədək muxtar respublikamıza 2299 kənd təsərrüfatı texnikası və avadanlığı gətirilib. İndiyədək bu texnika və avadanlıqlardan 1801-i lizinq, 156-sı isə nağd və köçürmə yolu ilə sahibkarlara verilib. Ümumilikdə, muxtar respublika üzrə nağd, köçürmə və lizinq yolu ilə satılan texnika və avadanlıqların sayı 1957 olub. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazalarında müasir ot­biçənlər, kombayn və traktorlardan kipvuranlara, yemdoğrayanlardan dərmanlamada istifadə olunan çiləyicilərədək onlarla adda texnika və avadanlıqlar mövcuddur. Elə bunun nəticəsidir ki, muxtar respublikada yaz və payız əkinləri də, taxıl biçini də vaxtında başa çatdırılır, bazarda məhsul bolluğu yaradılır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR