Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikanın rayonlarında, eləcə də Naxçıvan şəhərinin taxıl əkilən ərazilərində biçin kampaniyasına start verilib. Taxıl biçininə başlayan ilk rayonumuz Ordubad olub. Sonrakı dövrdə isə Culfa, Babək, Kəngərli rayonlarının, Naxçıvan şəhərinin taxıl əkilən sahələrinə kombaynlar çıxarılıb.
Nazirlikdən o da bildirilib ki, 20 iyun tarixə 1454 hektar taxıl əkini sahəsində biçin həyata keçirilib. 230 hektar buğda, 1224 hektar arpa əkilən sahələrdən, ümumilikdə, 3 min 620 ton məhsul əldə edilib. Hektarın orta məhsuldarlığı 24,9 sentner olub. Biçin kampaniyasına 100-dən artıq taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib.
Qeyd edək ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Ümumilikdə, biçin kampaniyası dövründə 35 min 324 hektar sahənin taxılı biçiləcək. Biçin davam edir.
Xəbərlər şöbəsi