23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət göstərilir. Bu sahənin inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib. Bu istiqamətdə həyata keçirilən digər tədbirlər, balın satışı üçün yaradılan şərait keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olub. Son illər arıçılar balla yanaşı, qiymətli arıçılıq məhsulları olan vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər məhsullar da istehsal edirlər. Xüsusi tibbi əhəmiyyətə malik olan belə qiymətli arıçılıq məhsullarına tələbat ilbəil çoxalır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərin həcmi artmaqdadır. Bu sahə ilə məşğul olan sahibkarlara verilən güzəştli kreditlər də arıçılıq məhsullarının ixracına əlverişli şərait yaradır. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılığın inkişafı məqsədilə 109 layihənin maliyyələşdirilməsinə 804 min 200 manat həcmində kreditlər verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb.

Bu ilin altı ayı ərzində Babək rayonunun Aşağı Buzqov kəndində Məhərrəm Eyvazov, Culfa rayonunun Milax kəndində Mahmud Nağıyev, Şahbuz rayonunun Kükü kəndində Əhəd Vəliyev, Sədərək rayonunun Heydərabad qəsəbəsində Zakir Zamanov tərəfindən arıçılıq təsərrüfatlarının yaradılmasına, həmçinin Ordubad rayonunun Əndəmic kəndində Orxan Əlizadə tərəfindən arıçılıq təsərrüfatı, arı yeşiyi və çərçivə (pətək) istehsalı sahəsinin yaradılması məqsədilə, ümumilikdə, 49 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Arıçılıq məhsulu olan çiçək tozcuğunun tədarükü və qablaşdırılması, ana arı yetişdirmə təsərrüfatının və arı ailələri üçün qış yemlənməsində istifadə olunan vitaminli qida istehsalı sahələrinin yaradılması istiqamətində layihələr hazırlanıb, iqtisadi səmərəliliyi araşdırılıb və iri arıçı­lıq təsərrüfatları ilə layihələrin təqdimatı keçirilib. Bundan başqa, arıçılıq təsərrüfatlarında istifadə olunan ləvazimatların, arı yeşiyi, çərçivə, körük, geyim forması və əlcək istehsalı sahələrinin yaradılması istiqamətində sahibkarlar arasında maarifləndirmə tədbirləri aparılıb, dövlət maliyyə dəstəyi çərçivəsində yeni layihələr təklif edilib.
Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün yaradılmış “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində pilot layihənin tətbiqi və qrant vəsaitlərinin cəlb edilməsi məqsədilə iqtisadi-texniki əsaslandırmanın hazırlanması istiqamətində tədbirlər davam etdirilir.
Arıçılıq məhsullarının ixracı və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən qablaşdırma çox önəmli rola malikdir. Arıçılıq təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2018-ci ilin ötən dövrü ərzində həmin təsərrüfatlardan 267 kiloqram bal məhsulu tədarük edilib.
Bu ilin mart ayında İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların 2-ci Novruz şənliyi yarmarkasında “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan təbii bal məhsullarının sərgi-satışı təşkil olunub.
İstehsal edilən arıçılıq məhsullarının keyfiyyəti də daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarının 2 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR