23 Dekabr 2024, Bazar ertəsi

  Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafına muxtar respublikada xüsusi diqqət göstərilir. 90-cı illərin əvvəllərində tənəzzül vəziyyətində olan kənd təsərrüfatı ötən dövrdə mühüm inkişaf yolu keçmişdir. Belə ki, ölkəmizdə ilk dəfə olaraq aqrar islahatlara başlayan muxtar respublikada bu sahədə əldə olunan nailiyyətlər göz önündə idi. Məhz bununla bağlı ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının ­   75 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “İndi deyəndə ki, ət, süd, yağ, pendir artıqlaması ilə istehsal olunur, başına qalıb, satmağa imkan yoxdur, çünki çıxarıb başqa yerdə satmaq mümkün deyildir, mən buna nə qədər sevinirəm. Nə qədər sevinirəm ki, o vaxt biz özəlləşdirməyə Azərbaycanın hər yerindən tez başladıq və Naxçıvan bu işlərə hamıdan qabaq nail oldu. Muxtar respublikanın o qara günləri qurtardı”. Artıq bu gün muxtar respublikada əhalinin tələbatı yerli imkanlar hesabına ödənilməklə bərabər, tələbatdan artıq istehsal edilmiş məhsulların ölkə xaricinə çıxarılması da təmin olunmuşdur.

Əhalinin yerli heyvandarlıq məhsulları ilə təminatında və məhsul ixracında mühüm yer tutan heyvandarlığın inkişafı, dövlət dəstəyi nəticəsində süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması yüksək məhsuldarlığı olan heyvanların baş sayının və heyvandarlıq məhsulları istehsalının artırılmasına şərait yaradılması ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının marağının bu sahəyə cəlb olunmasına səbəb olmuşdur.

Muxtar respublikada mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1937 baş, o cümlədən 89 baş “Şvis”, 535 baş “Simmental” və 1313 baş “Holştin-friz” cinsindən olan yüksək məhsuldar damazlıq boğaz düyələr gətirilərək lizinq yolu ilə sahibkarlara satılmışdır. Həmçinin mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə muxtar respublikada 23 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir ki, bunun da nəticəsində 2018-ci ilin birinci yarısında muxtar respublikada ətlik və südlük toxum preparatları vasitəsilə heyvandarlıq təsərrüfatlarında 6077 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 4911 baş sağlam bala alınmışdır.
Heyvandarlığın inkişafı istiqamətində təsərrüfat subyektlərinə cari ilin altı ayında bank və kredit təşkilatları tərəfindən 2 milyon 541 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 3 dəfə çoxdur. Ümumilikdə, son on ildə bu sahəyə 72 milyon 453 min 500 manat kredit verilmişdir.
Yüksək və keyfiyyətli heyvandarlıq məhsullarının əldə edilməsi məqsədilə ötən dövr ərzində Naxçıvan şəhərində istehsal gücü saatda 3-3,5 ton və 10 ton olan iki qarışıq yem istehsalı sahəsi, Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələri yaradılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində gündəlik istehsal gücü 10 ton olan qarışıq yem istehsalı sahəsinin yaradılması davam etdirilir.
Heyvandarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası açılmış, müasir tədris ocağı istifadəyə verilmişdir. Bundan əlavə, Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisas üzrə yeni laboratoriya və fənn kabinələri yaradılmışdır. Həmçinin muxtar respublikada istifadəyə verilən qəsəbə və kənd mərkəzlərində baytar sahə məntəqələrinin fəaliyyətinin təşkili ümumi inkişafa mühüm töhfə olmuşdur.
Heyvandarlığın inkişafı üzrə həyata keçirilən dəstəkləyici tədbirlər muxtar respublikada iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının artımını təmin etmişdir. Belə ki, 1 iyul 2018-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzluların sayı 122 min 87 baş, xırdabuynuzluların sayı 768 min 820 baş olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəriciləri 18 və 22,4 faiz üstələmişdir.

İribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı

İribuynuzlu və xırdabuynuzluların baş sayının və cins tərkibinin yaxşılaşdırılması, heyvandarlıq məhsullarının istehsalının artması nəticəsində 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12 min 144,3 ton ət, 48 min 617,4 ton süd istehsal olunmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,2 və 18 faiz çoxdur.
2018-ci ilin yanvar-iyun aylarında 61 milyon 887 min 400 manatlıq heyvandarlıq məhsulları istehsal edilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Heyvandarlığın inkişafı istiqamətində cari ilin birinci yarısında 14 heyvandarlıq təsərrüfatı yaradılmış, 1 heyvandar­lıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi hazırda davam etdirilir.
Muxtar respublikada inşasına başlanan Süni Mayalanma Mərkəzi mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, heyvandarlıq təsərrüfatlarında süni yolla mayalandırılma işinin davamlılığı, mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalının artımına müsbət təsir göstərəcəkdir. Mərkəz heyvandarlığın əsas sahələri olan iribuynuzlu və xırdabuynuzlu heyvanların, quşların, arıların da cins tərkibinin yaxşılaşdırılmasına imkan yaradacaqdır.
Bütün bunlar onu göstərir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasətin nəticəsi olaraq heyvandarlıq sahəsində əldə olunan nailiyyətlər bundan sonra da davamlı olacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR