2018-ci ilin ötən 6 ayında muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə tədbirlər davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmış və bununla bağlı cari ilin yanvar ayının 23-də Heydər Əliyev Muzeyində tədbir keçirilmişdir.
Ötən dövrün ən yaddaqalan hadisələrindən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəridir. Dövlət başçısı səfəri zamanı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.
Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon 624 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2748 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutmuş və maddi istehsalın payı 57,6 faiz təşkil etmişdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,1 faiz, kənd təsərrüfatı məhsulu 3,6 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, o cümlədən mobil rabitə xidməti 2 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
Sənaye
Muxtar respublikada aparılan uğurlu sənayeləşmə prosesi və yeni məhsul növlərinin istehsalı bu sahənin dinamik inkişafını sürətləndirmişdir.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 536 milyon 780 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,4 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 95,8 faiz olmuşdur.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 29 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmışdır. 20 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin yanvar-iyun aylarında 5 milyon 165 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 68,9 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada xalçaçılıq ənənələrinin qorunmasına və inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə öz töhfəsini verməklə yanaşı, xalçaçılığın sənaye üsulu ilə inkişafına müsbət təsir göstərəcəkdir.
Sənayedə istehsalın həcminin artması nəticəsində cari ilin yanvar-iyun aylarında 150 milyon 851 min 800 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusu üçün yeni xidmət və yaşayış kompleksi, xəstəxana istifadəyə verilmişdir. Avtomobil dayanacağının, texniki qulluq və texniki nəzarət məntəqələrinin tikintisi başa çatdırılmışdır. Mərkəzi hərbi xəstəxananın tikintisi isə davam etdirilir.
Babək rayonunda texniki istismar hissəsinin, iki avtomobil dayanacağının tikintisi başa çatdırılmış, qərargah binasının, komanda və texniki qulluq məntəqələrinin, iki əsgər yataqxanasının, iki bölük mərkəzinin və avtomobil dayanacağının tikintisi davam etdirilmişdir.
Babək rayonunda bir, Culfa rayonunda dörd, Şahbuz rayonunda iki anqarın tikintisi başa çatdırılmışdır.
Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilmiş, Kəngərli rayonunda “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilmiş, Qaraçuq kəndi ərazisində sərhəd dəstəsinin yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2018-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 547 milyon 885 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 faiz çoxdur. Vəsait qoyuluşlarının 521 milyon 610 min manatı və ya 95,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2018-ci ilin ilk yarımilində muxtar respublikada 93 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 126 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2018-ci ilin yanvar-iyun aylarında 2 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin inşası davam etdirilmişdir.
Muxtar respublikada 7 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 7 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövründə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 2 kommunal təyinatlı avtomobil və 150 konteyner gətirilmişdir.
Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin tikintisi başa çatdırılmış, ikinci mərhələsinin tikintisi davam etdirilmişdir.
Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmiş, Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 235 min 680 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2018-ci ilin məhsulu üçün muxtar respublikada 61935 hektar sahədə əkin aparılmışdır ki, bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2018-ci ilin məhsulu üçün 32483 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22632 hektarında buğda, 9851 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 851 hektar artmışdır. Hazırda taxıl zəmilərindən məhsul tədarükü davam etdirilir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2018-ci ildə 3215 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2017-ci ildə əkilmiş sahədən 32 hektar çoxdur.
2018-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüşdür. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 32,5 hektar çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın yaradılması hazırda davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194-ü 2018-ci ilin yanvar-iyun aylarında olmaqla, cəmi 2248 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2018-ci ilin ilk 6 ayında 116 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 42-si nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. Cari ilin ilk 6 ayında 14 heyvandarlıq təsərrüfatı yaradılmışdır. 1 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2 milyon 541 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 3 dəfə çoxdur.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilir.
2018-ci ilin ilk 6 ayında heyvandarlıq təsərrüfatlarında 6077 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 4911 baş sağlam bala alınmışdır. 1 iyul 2018-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 122 min 87 baş, qoyun və keçilərin sayı 768 min 820 baş olmuşdur ki, bu da 1 iyul 2017-ci il tarixə olan göstəriciləri 1,7 və 1,9 faiz üstələmişdir.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 12144,3 ton ət, 48617,4 ton süd istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 və 1,9 faiz çoxdur.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq və 1 balıqçılıq təsərrüfatları yaradılmış, 1 balıqçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.
Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2018-ci ilin ilk 6 ayında bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 194 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 13 dəfə çoxdur.
Cari ilin ilk yarımilində kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 3 milyon 50 min 100 manat kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur.
2018-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,6 faiz çox, yəni 128 milyon 162 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikadan 40 milyon 187 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir. Ötən dövrdə 8 kəhriz təmir edilmişdir. Hazırda 5 kəhrizdə təmir işləri aparılır. Bundan əlavə, muxtar respublikada “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılmasına başlanılması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcəkdir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüşdür. Cari ilin ilk yarımilində 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 222 mindən çox ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda kompleks monitorinq laboratoriyasının yaradılması davam etdirilir.
Nəqliyyat, informasiya-rabitə və energetika
Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması tədbirləri davam etdirilir.
Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış və agentliyin yeni inzibati binası istifadəyə verilmişdir.
Cari ilin ötən dövründə müasir yol infrastrukturunun qurulması məqsədilə yeni texnikalar alınmışdır. İki asfalt-beton zavodunun quraşdırılması hazırda davam etdirilir.
Cari ilin yanvar-iyun aylarında Şərur rayonunun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli, Kəngərli rayonunun Qarabağlar kəndində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır. Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunun İbadulla-Qışlaqabbas, Kosacan, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı və Şahbuz rayonunun Ağbulaq kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılmışdır.
Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunmuş, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri hazırda davam etdirilir.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 faiz, sərnişin daşınması 2 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 26 milyon 904 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,5 faiz çoxdur.
Cari ilin birinci yarımilində muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi istifadəyə verilmiş, Culfa rayonunun Dizə kəndindəki poçt bölməsi yeni binaya köçürülmüşdür.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 384, Şərur rayonunun Ərəbyengicə kəndində 288 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Culfa rayonunun Dizə kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür.
Ordubad rayonunda Yeni Nəsil telefon sistemi qurulmuş, rabitə evinin tikintisi davam etdirilmişdir. Bu dövrdə muxtar respublikanın yaşayış ərazilərində 33 DSLAM avadanlığı quraşdırılmış, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalının yenilənməsi davam etdirilmişdir.
Cari ilin ilk yarımilində muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövründəki göstəricini 2,6 faiz üstələyərək 25 milyon 798 min manat olmuşdur. Ümumi xidmətlərin 82 faizi mobil rabitənin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi diqqət mərkəzində saxlanılmışdır. Gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının, Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada 18,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 13 transformator yarımstansiyası quraşdırılmışdır.
1 iyul 2018-ci il tarixə muxtar respublikada 86 min 165 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilir.
Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər görülür.
2018-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 10 milyon 14 min 900 manat kreditlər verilmişdir. Bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 4 milyon 278 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 9 hüquqi və 1135 fiziki şəxs qeydiyyata alınmışdır.
Cari ilin ötən dövründə Naxçıvan şəhərində 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”in keçirilməsi muxtar respublikanın sahibkarlıq subyektlərinin tanıdılması və əlaqələrinin genişləndirilməsi baxımından çox əhəmiyyətli olmuşdur.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 420,7 manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb.
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 1364 yeni iş yeri yaradılmışdır ki, bunun da 1341-i və ya 98,3 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində aşpaz köməkçisi, xalçaçı, bərbər, dayə, bərbər-manikürçü, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, traktorçu-maşinist peşələri üzrə 108 nəfər, Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 20 nəfər ağac və duz üzərində oyma peşələri üzrə kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1296 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 799 milyon 586 min 500 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Ərəbyengicə, Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzlərinin tikintisi başa çatdırılmışdır. Şərur rayonunun İbadulla və Kosacan, Ordubad rayonunun Dəstə və Culfa rayonunun Qazançı kəndlərində xidmət mərkəzlərinin tikintisi hazırda davam etdirilir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 212 milyon 318 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 191 milyon 39 min 100 ABŞ dollarını ixrac, 21 milyon 279 min 700 ABŞ dollarını idxal təşkil etmiş və 169 milyon 759 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.
1 iyul 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 73558-ə çatmışdır ki, bunun da 64540-ı və ya 87,7 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-iyun aylarında açılmış 8592 bank hesabının 8492-si aktiv hesablar olmuşdur.
1 iyul 2018-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1269-a çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması tədbirləri davam etdirilir. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 3 milyon 713 min 500 manat olmuşdur.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində cari ilin ilk yarımilində Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi yaradılmış, Naxçıvan Müəllimlər İnstitutunun binasının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin binalarının yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 480 şagird yerlik 6 nömrəli, Şərur rayonunun Ərəbyengicə kəndində 208 şagird yerlik, Culfa rayonunun Dizə kəndində 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun İbadulla və Kərimbəyli, Babək rayonunun Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı kəndlərində məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 5 nömrəli, Şərur rayonunun Kosacan, Babək rayonunun Aşağı Buzqov kəndlərində məktəb binalarının yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması tədbirlərinə müvafiq olaraq Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə kəndində həkim ambulatoriyası binasının, Culfa rayonunun Dizə kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun İbadulla, Babək rayonunun Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur şəhərində uşaq poliklinikası, Culfa rayonunun Qazançı kəndində həkim ambulatoriyası binalarının yenidən qurulması hazırda davam etdirilir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamına uyğun olaraq cari ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2018-ci ilin ilk yarımilində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 428 müxtəlif cərrahi əməliyyatlar aparılmışdır.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 375 min 743 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti, cəzaçəkmə müəssisəsindən azad olan 1 nəfərə isə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və materiallar verilmişdir.
Bu dövrdə 264 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 136 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 150 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 187 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 136 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 172 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Hesabat dövründə 22 nəfərin ölkə daxilində müalicəsinə, 35 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir. Ərazidə 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud şəxslər üçün də idman avadanlıqları quraşdırılmışdır.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,6 min nəfər artaraq 1 iyun 2018-ci il tarixə 454 min nəfəri ötmüşdür.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ötən dövründə pensiya və müavinətlərin ödənilməsinə 68 milyon 960 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,1 faiz çoxdur.
Muxtar respublikada digər əhali qrupları ilə yanaşı, gənclərin də hərtərəfli inkişafı diqqətdə saxlanılır, cəmiyyətdə fəal iştirakları təmin edilir. Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda daha çox təmsil olunmalarına geniş imkanlar yaradır. Cari ilin ötən dövründə Naxçıvan şəhərində və rayonlarda yeni “Gənclər bağı” salınmış, silsilə tədbirlər keçirilmişdir. Gənclərin sağlam mühitdə formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətə başlamışdır.
Muxar respublikada gənclərin inkişafına dəstək məqsədilə “Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi keçirilmişdir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi sahəsində də ardıcıl tədbirlər görülür. İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq müvafiq işlər yerinə yetirilmiş, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in rəsmi açılışı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq cari ilin ötən dövründə “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.
Babək rayonunun Nehrəm kəndində İmamzadə binasının və Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası başa çatdırılmışdır.
Naxçıvan şəhərində məscidin tikintisi, İmamzadə Kompleksinin və məscidin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının bərpası davam etdirilir. Bundan əlavə, Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyinin, Şahbuz Rayon Mədəniyyət Evinin tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyinin, Babək rayonunun Babək qəsəbəsində məscidin yenidən qurulması, Kəngərli rayonunun Qıvraq qəsəbəsində istirahət parkının, Naxçıvan şəhərində Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunmuş, “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.
Cari ilin ötən dövründə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə müasir yayım və çəkiliş avadanlıqları verilmiş, teleradionun efir vaxtı bir saat artırılmışdır. Bu dövrdə Naxçıvanda ilk informasiya agentliyi –“Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyətə başlamışdır.
Muxtar respublikada turizmin kompleks şəkildə inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, cari ilin aprel ayında qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İnfo-tur çərçivəsində muxtar respublikaya 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200 nəfərdən çox sahibkar və turizmçi gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradır.
2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 195 min 886 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.
Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının yenidən qurulması, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə və Şahbuz Rayon Məhkəməsinə xidməti avtomobillər təqdim olunmuşdur.
Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazırda davam etdirilir.
Aparılan təhlillərin ümumiləşdirilmiş yekunu göstərir ki, həyata keçirilən tədbirlər muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi