Son illər muxtar respublikada emal və istehsal müəssisələrinin sayının artması regionumuzda sahibkarlıq fəaliyyətinə geniş yer verilməsinin göstəricisidir. Bu müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.
Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı da qazanıblar. Keyfiyyətli və ixracyönümlü məhsul istehsalı işin bir tərəfidirsə, onun xarici bazara çıxarılması üçün şərait yaradılması digər tərəfidir. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilər mühüm əhəmiyyət daşıyır. Son illərdə muxtar respublika sahibkarları da belə sərgilərə qatılır, regionumuzda istehsal edilən məhsulları nümayiş etdirir, bununla xarici ölkələrdə də alıcı qüvvəsi toplayırlar.
Bu cür tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, 2018-ci ilin 9-26 yanvar tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda təşkil edilən “Beynəlxalq Yaşıl Həftə – 2018” sərgisində naxçıvanlı sahibkarların iştirakı, ilk növbədə, muxtar respublikanın ixrac potensialını bir daha ortaya qoydu. Yeni iqtisadi əlaqələrin qurulmasına xidmət edən bu sərgi çərçivəsində muxtar respublikanın 8 istehsalçı şirkətinin 10 növdə 39 çeşiddə məhsulu çıxarılmışdı.
Bu ilin 13-16 fevral tarixlərində İran İslam Respublikasının Şiraz şəhərində “Yeyinti sənayesi və ona bağlı makinalar” mövzusunda keçirilmiş beynəlxalq sərgidə “Naxçıvan Məhsulları”, “Savalan-S”, “Ordubad Qənnadı Məmulatları”, “Nur Qida”, “Karton Tara” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, həmçinin “Müasir Məkan” ət və ət məhsulları, “Xaloğlu” istehsal müəssisələrinin nümayəndələrinin iştirakı təmin edilib.
Bundan başqa, 2018-ci ilin 18-22 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood – 2018” Beynəlxalq Qida Sərgisində “Ləzzət Qida Sənaye” və “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə “Made in Azerbaijan” vahid ölkə stendi altında “Ləzzət Qida Sənaye” MMC-nin 2 növdə 14 çeşiddə qazlı və qazsız “Sirab” mineral suları, “Gəmiqaya Mineral Sular” MMC-nin isə 1 növdə 5 çeşiddə qazsız “Badamlı” mineral suları nümayiş olunub.
Bu ilin 2-6 mart tarixlərində isə İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş Naxçıvan Muxtar Respublikasında istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı da muxtar respublika sahibkarları üçün uğurlu olub. Sərgidə diyarımızın 26 sahibkarlıq subyektinin 25 nümayəndəsinin iştirakı təmin edilib, muxtar respublikada istehsal olunan 249 adda ərzaq və qeyri-ərzaq məhsulları nümayiş olunub.
Naxçıvandan bu qədər müəssisənin sərgilərə qatılması, beynəlxalq standartlara cavab verən məhsullar çıxarması, bu məhsulların çoxçeşidliliyi son illərdə diyarımızın inkişafının sübutudur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafına təkan verib, həyat səviyyəsinin yaxşılaşdırılmasına və iqtisadiyyatın gücləndirilməsinə nail olunub. Son illərdə muxtar respublikada ardıcıl və sistemli şəkildə dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı prosesinə təsirsiz qalmayıb.
Sahibkarlığın inkişafında kredit siyasətinin düzgün həyata keçirilməsi, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, şəffaflığın təmin olunması da qazanılan uğurların əsas səbəblərindəndir. Bir faktı qeyd etmək yerinə düşər ki, təkcə cari ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Fondundan verilmiş kreditlərin həcmi 5 milyon 609 min 700 manat olub. Sahibkarlıq fəaliyyətinin davamlı inkişaf dinamikasını xarakterizə edən mühüm bir amil ondan ibarətdir ki, bu gün muxtar respublikada 126 növdə 570 çeşiddə ərzaq, 250 növdə 848 çeşiddə qeyri-ərzaq olmaqla, ümumilikdə, 376 növdə 1418 çeşiddə məhsul istehsal olunur. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Əldə olunan inkişaf isə bu gün imkan verir ki, naxçıvanlı iş adamları beynəlxalq tədbirlərdə geniş bir heyətlə iştirak etsinlər və muxtar respublikamızın iqtisadi yüksəlişini, sənayeləşmə yolunda qətiyyətli addımlarını yüksəkkeyfiyyətli, beynəlxalq standartlara uyğun məhsullarla sərgiləyə bilsinlər. Bu gün dövlətin diqqət və qayğısı nəticəsində muxtar respublikada belə müəssisələr yaradılmasaydı, bu müəssisələrdə keyfiyyətli məhsul istehsal edilməsəydi, heç şübhəsiz ki, hər hansı beynəlxalq sərgidə iştirak etməkdən də söhbət gedə bilməzdi.
Naxçıvanlı sahibkarlar bu il muxtar respublikamızı daha bir əhəmiyyətli beynəlxalq tədbirdə uğurla təmsil ediblər. Belə ki, Pakistan iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı şəhərində Azərbaycan-Pakistan biznes konfransı keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, sığorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən 250-yə yaxın iş adamı iştirak edib.
Biznes konfrans ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığından bu tədbirə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Miraj Gold”, “Ləzzət Qida Sənaye”, “Naxçıvan Avtomobil Zavodu”, “Dekor Qrup”, “Ordubad Qənnadı Məmulatları”, “Böyrək Suyu” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Danyeri” istehsal və xidmət, eləcə də “Zümrüd” Kiçik müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan və Pakistanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, eləcə də sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunub.
İkili görüşlər çərçivəsində “Böyrək Suyu” Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin “Waien Trading Ltd.” şirkətinin nümayəndəsi ilə perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələri aparılıb.
Azərbaycan-Pakistan biznes konfransı bu iki ölkə arasında iqtisadi əlaqələri əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və iş adamlarının faydalı görüşləri ilə əlamətdar olub.
Ümidvarıq ki, bu tədbirlər naxçıvanlı iş adamları üçün yeni üfüqlər açacaq, muxtar respublikamızın ixrac potensialının daha da artırılmasına kömək edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti