Şərur rayonunda keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq bildirib ki, əhalisinin 80 faizinin bitkiçilik və heyvandarlıqla məşğul olduğu Şərur rayonunda hər il kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınır. Bu da onunla bağlıdır ki, aqrar sahənin inkişafına qayğı göstərilir. Son illər Şərurun muxtar respublikamızın ən iri meyvəçilik, taxılçılıq və kartofçuluq rayonuna çevrilməsi məhz bu qayğının nəticəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı kənd təsərrüfatının digər sahələrinin də intensiv amillər hesabına inkişafı üçün rayonda böyük imkanlar olduğunu vurğulayıb və bu potensialı hərəkətə gətirmək üçün görülən tədbirlərdən bəhs edib, aqrar sahənin daha da inkişafı və təkmilləşdirilməsində belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov “Kənd təsərrüfatında intensiv becərmə texnologiylarının tətbiqinin əhəmiyyəti, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılmasında ailə təsərrüfatlarının rolu” mövzusundakı çıxışında qeyd edib ki, dövlət qayğısı və dəstəyi sayəsində muxtar respublika iqtisadiyyatının mühüm sahəsi olan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilib.
Qeyd olunub ki, istehsal olunan məhsulların rəqabətə davamlılığı artır, ixrac imkanları genişlənir. Bu da, bütövlükdə, bölgənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz bəhrəsini verir. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu sahədə innovasiyanın tətbiqi, fermerlərə dəstək, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləridir. Nazir onu da əlavə edib ki, Şərur rayonunun kənd təsərrüfatı məhsulları istehsalında xüsusi çəkisi, qarşıya qoyulan hədəfə nail olmaq üçün böyük imkanları vardır. Bunun üçün ailə təsərrüfatlarının daha da genişləndirilməsinə diqqət artırılır, xəstəliklərə və zərərvericilərə qarşı, əsasən, aqrotexniki mübarizə tədbirləri tətbiq olunur. Fəaliyyətdə olan soyuducu anbarlar ilin bütün fəsillərində əhalinin təzə meyvə və tərəvəz məhsulları ilə təmin olunmasına imkan verir, aqrolizinq xidmətindən, əkinəyararlı torpaqlardan düzgün istifadə də bu sahədə xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, muxtar respublikamızın, eləcə də rayonumuzun torpaq-iqlim şəraiti təkrar əkinlər üçün münasibdir. Ən çox təkrar əkilən məhsullar isə xiyar, lobya, kartof, kələm, yerkökü, ərzaq çuğunduru və səbzə bitkiləridir. Biçilən taxıl sahələrinin yerində kartofun yay əkini dəfələrlə sınaqdan çıxarılıb və bu gün də həmin üsuldan istifadə olunur. Bu məqsədlə seçilmiş sahələr üzvi və mineral gübrələr verildikdən sonra 23-25 santimetr dərinlikdə şumlanmalı, qaysaq və alaq otları əmələ gəldikdə kultivasiya çəkilməlidir. Əkin zamanı tezyetişən sortlardan istifadə edilməli, hektara səpin norması 2,5-3 ton olmalıdır.
Bəhruz Bayramov daha sonra ailə təsərrüfatlarının yaradılmasının məhsul bolluğunda və özünüməşğulluğun təmin olunmasında rolundan bəhs edib, bu sahədə rayonda həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Həmin gün tədbir iştirakçıları rayonun Ələkli kəndində torpaq sahibkarı Elşən Bayramovun kartof sahəsində məhsulun yeni texnologiyalarla yığılması ilə tanış olublar. Məlumat verilib ki, fermer 1,2 hektar sahədə məhsul yetişdirib və artıq yığım başa çatmaq üzrədir. İlkin hesablamalara görə, orta məhsuldarlıq, təxminən, 210 sentnerdir. Toplanmış məhsulun xeyli hissəsi saxlanmaq üçün soyuducu anbara təhvil verilmişdir. Fermerə təkrar əkinlər üçün tövsiyələr verilib.
Elman MƏMMƏDOV