“Gəmiqaya Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlayıb. Əvvəllər muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materialları, beton primitiv üsullarla hazırlanır, quruculuq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. İndi həmin materiallar bu müəssisədə istehsal edilir. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb. Burada istehsal gücü saatda 120 ton xammal olan qum-çınqıl karxanası, günlük 100 kubmetr beton istehsal edə biləcək zavod və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sahəsi fəaliyyət göstərir. Hazırda muxtar respublikanın inşaat meydançalarında bu müəssisənin məhsullarına böyük üstünlük verilir. Bu da burada keyfiyyət amilinə verilən önəmin ifadəsidir.
Son illərdə su və kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində muxtar respublikada həyata keçirilən irimiqyaslı tədbirlər keyfiyyətli beton borulara olan tələbatı da artırıb. Bu məqsədlə 2012-ci ilin avqust ayında müəssisədə beton boru istehsalı sahəsi yaradılıb. İstehsal sahəsində müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü saatda 10 ədəd beton boru və beton daban olan müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, keyfiyyətli məhsul istehsalına nail olunub. Burada qalınlığı 8, 15, hündürlüyü 60 santimetr, diametri 600-800-1000 millimetr olan beton borular istehsal edilir. Həmin materiallar möhkəmliyi və davamlılığı ilə seçilir.
İnşaat işlərinin ilbəil genişləndirilməsi beton məmulatlarına olan tələbatı xeyli artırıb. Tələbatın dolğun ödənilməsi üçün müəssisə tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, burada Türkiyə Respublikasından istehsal gücü saatda 100 kubmetr olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Beton istehsalı mərhələli şəkildə həyata keçirilir. Belə ki, əvvəlcə bunun üçün keyfiyyətli qum tədarük edilir. Qum-çınqıl karxanasında bir saat ərzində 120 ton qum yuyularaq ələnir və çınqıl 3 növə ayrılır. Sonrakı mərhələdə isə yuyulmuş qum beton zavoduna daşınır. Burada texnoloji proseslərə kompüter vasitəsilə nəzarət olunur. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi də məhz kompüterlər vasitəsilə müəyyənləşdirilir. Kompüterdə betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da, son nəticədə, keyfiyyətli beton məmulatları istehsal edilməsinə, müəssisənin daha rentabelli işləməsinə şərait yaradır.
Beton məmulatları istehsalı sahəsində gücü saatda 35 kvadratmetr kilid daş olan avadanlıqlar quraşdırılıb. Hazırda 2 istehsal xəttinin fəaliyyət göstərdiyi sahədə müxtəlif beton məmulatları – kilid daş, dekorativ kərpic, yağış kanalı, bordür istehsal olunur.
Müəssisə artan tələbatı nəzərə alaraq öz fəaliyyətini genişləndirib. Hazırda müəssisənin Şərur rayonunun Qarxun və Ordubad rayonunun Aza kəndləri ərazisində istehsal sahələri fəaliyyət göstərir. Hər birinin ərazisi 6 hektar olan istehsal sahələrinin saatda 100 kubmetr beton istehsal etmək imkanları vardır. Bu müəssisələrin qurulması sakinlərin uzaq məsafələr qət etmədən, rahat şəkildə və sərfəli qiymətlərlə beton əldə etməsinə xidmət edir.
Onu da qeyd etmək lazımdır ki, “Gəmiqaya Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada işsizlik probleminin aradan qaldırılmasına da öz töhfəsini verir. Belə ki, hazırda burada 91 işçi çalışır, onların əməyi yüksək qiymətləndirilir. İşçilər üçün pulsuz yemək, paltar və nəqliyyat vasitəsi ayrılıb. İşçilərlə söhbət zamanı bildirdilər ki, burada yüksək əməkhaqqı alır, ailələrinin maddi vəziyyətini yaxşılaşdırırlar. Yaxşı iş şəraitinin olması məhsuldar fəaliyyətə də müsbət təsir göstərir. Keyfiyyət amilinə də hər zaman diqqət yetirirlər. Sevinirlər ki, ucaldılan binalarda, tikilən evlərdə, həyata keçirilən layihələrdə az da olsa, onların da payı var. Yaradılan gözəl iş şəraitinə görə dövlətimizə minnətdardırlar.
Bu gün doğma Naxçıvanımızda inşaat işlərinin ən qızğın dövrü olduğundan tikinti materiallarına tələbat olduqca böyükdür. “Gəmiqaya Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri də artan tələbatı ödəmək üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışırlar.
Nail ƏSGƏROV