23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı öz bəhrəsini verib, bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kredit verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Naxçıvanda arıçılığın inkişafı sahəsində görülən tədbirlərin nəticəsidir ki, əgər  2000-ci ildə arı ailələrinin sayı 12 min idisə, 2017-ci ildə bu rəqəm 71 min 66 olub.

Bu gün muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla məşğuldur. 2017-ci ildə muxtar respublikada 1424 ton bal istehsal edilib. “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi bu sahəyə göstərilən diqqət və qayğının təzahürüdür. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” isə yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstə­liklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına, ana təbiətin yenidən etibarlı qorunmasına şərait yaradıb.

Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub ­Abdullayevlə həmsöhbət olduq. O bildirdi ki, muxtar respublikanın torpaq-iqlim şəraiti digər kənd təsərrüfatı sahələri ilə yanaşı, arıçılığın inkişafına da geniş imkanlar açıb. Bu imkanlardan səmərəli istifadə edilməsi üçün arıçılara hərtərəfli ­şərait yaradılıb. Müsahibimin sözlərinə görə, yaxşı hava şəraitində bir gündə bir bal arısı 4 min çiçəkdən, böyük bir arı ailəsi isə 15 milyondan 40 milyona qədər çiçəkdən nektar toplayır. Orta güclü bir arı ailəsi bir il ərzində 30 kiloqram bal, təxminən, 10-15 kiloqram çiçək tozu toplamaq gücünə malikdir.
Müəyyən edilib ki, arı ailələrinin optimal mühitdə günəbaxan, qarabaşaq, pambıq və başqa entomofil sahələrə vaxtında gətirilməsi nəticəsində həmin bitkilərin məhsuldarlığı 20-25 faizdən də artıq olur. Meyvə və giləmeyvəlilər bütünlüklə arılar tərəfindən tozlandırılarsa, məhsuldarlıq 2 dəfədən çox, yonca­toxumlular, xovlular fəsiləsinə aid bitkilərin məhsuldarlığı 3-4 dəfə artır.
Müsahibimin dediyinə görə, əgər insanlar tərəfindən istifadə edilən 23 min bitki növünün 20 mini çiçəkləyən, bunun da, təxminən, 1,5-2 mininin mədəni bitkilər olduğunu nəzərə alsaq, sahələrdə məhsuldarlığın artırılmasında arıların əhəmiyyəti daha yaxşı anlaşılır. ­Təkcə bizim ölkəmizdə mövcud olan entomofil bitki növlərinin məhsuldarlığına nəzər yetirsək, onda görərik ki, kənd təsərrüfatı bitkilərindən bal arılarının tozlandırılmasından sonra əldə olunan məhsulun dəyəri arıların istehsal etdiyi məhsulların dəyərindən (bal, mum, arı südü və sair) 10 dəfələrlə çoxdur. Məsələ ondadır ki, kənd təsərrüfatı sahələrindəki bitkilərin, bağların, isti­xanaların məhsuldarlığının artırılmasının ən sadə, ucuz yolu bal arıları vasitəsilə tozlandırmanı geniş tətbiq etməkdir. Hətta ən yüksək aqrotexniki qaydalar, meliorativ tədbirlər, qiymətli bioloji- kimyəvi qatqılar belə, onu əvəz edə bilmir.
Əyyub Abdullayev deyir ki, dünyada sənayenin və kənd təsərrüfatının yüksək templə inkişafı arı ­ailələrinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub, hətta bəzi vəhşi növ həşərat tozlandırıcıların nəslinin, demək olar ki, kəsilməkdə olması müşahidə edilir. Son 40-50 ildə elmi-texniki tərəqqi, ətraf mühitin çirklənməsi, zərərli tullantıların atılması arıların kütləvi qırılmasına, arı məhsullarının tərkibinin keyfiyyət baxımından dəyişilməsinə gətirib çıxarıb. Onu da qeyd edək ki, son vaxtlar tez-tez bədnam ermənilərin törətdikləri yanğınlar, meşələri vəhşicəsinə doğramaları, çayları çirkləndirmələri, ümumilikdə, təbiətə, o cümlədən möcüzəli varlıq olan bal arılarının azalmasına da təsirsiz ötüşmür. Ermənilər bununla yaşıl kütlənin həcmini azaldırlar. Hansı ki bu kütlə arıları nektarla və çiçəklə, heyvanları yem kütləsi, insanları isə bol qida maddələri və oksigenlə təmin edir, xəstə­liklərin qarşısını alır. Bunu da xatırlatmaq yerinə düşər ki, görkəmli alim Albert Eynşteyn sonuncu arının ölümündən sonra dünyanın 30 il, indiki alimlər isə sadəcə, 4 il yaşaya biləcəklərini bildiriblər.
“Arıçılığa və arıkimilərə ən böyük ziyan kənd təsərrüfatında gəmiricilərə qarşı aparılan kimyəvi ­dərmanlama tədbirlərinin xəbərdarlıq edilmədən, çox vaxt isə təlimata uyğun aparılma­masından irəli gəlir. Vəhşi tozlandırıcılar ərazilərin bütünlüklə şumlanması zamanı məhv edilir, pətəkləri dağıdılır. Belə bir vəziyyətdə vəhşi arılar əlverişli sahə olaraq yol kənarları, səhralar və gözdənuzaq digər yerləri seçirlər. Hətta belə yerlərdə də çox vaxt quru otları yandırmaqla onların yaşamaları məhdudlaşdırılır. Ona görə də Naxçıvan Muxtar Respublikasında quru otlaqların yandırılmasının qadağan edilməsi arıçıların ürəyincə olub”, – deyən müsahibim diqqətə çatdırdı ki, muxtar respublikamızda ekoloji sistemin qorunması istiqamətində ciddi işlər görülür, bal arıları və digər arı kimi tozlandırıcıların təbiətimizin qorunmasında, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında rolu düzgün qiymətləndirilir. Ölkə başçısının arıçılıqla bağlı imzaladığı sərəncam və qərarlar uzaq gələcək üçün bu sahənin prioritet istiqamətlərini və hədəflərini müəyyənləşdirir. Buna əyani sübut olaraq son illər muxtar respublikamızda kütləvi şəkildə əkilən ağac və çoxillik bitkiləri nümunə göstərmək olar. Ötən dövr ərzində 12 min hektardan artıq sahədə yaşıllıqlar, meşə massivləri, meyvə bağları salınıb. Xüsusi mühafizə statuslu təbiət obyektlərinin yaradılması təbiət komplekslərinin, flora və fauna ehtiyatlarının qorunmasına, bərpasına, ekoloji balansın təmin edilməsinə müsbət təsir göstərib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamına əsasən muxtar respublikada Araz çayı boyunca “Arazboyu” Dövlət Təbiət Yasaqlığının, 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Şərur, Kəngərli, Şahbuz və Babək rayonlarının ərazisində 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması ekoloji vəziyyətin bərpası ilə yanaşı, sayı azalmaqda olan bitki və heyvan növlərinin qorunub saxlanmasına və artırılmasına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikasında icrası başa çatmış 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramı bu sahələrdə xeyli uğurlar qazanılmasını təmin edib. 2016-2020-ci illəri əhatə edən digər dövlət proqramının isə icrası davam etdirilir. Bu isə muxtar respublikamızda meyvə bolluğu yaradır, ekoloji vəziyyətə müsbət təsirini göstərir. Son illər diyarımızda 1000 hektardan çox sahədə meyvə bağları salınıb.
Müsahibim qeyd etdi ki, dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtlı-vaxtında yerinə yetirilməsi, xüsusilə iqlim, relyef, təbii şəraitdən, aqrar sahənin imkanlarından asılı olaraq ixtisaslaşma, çoxşaxəli iqtisadi amillərin stimullaşdırılması, eyni zamanda arıçı sahibkarların pulsuz dərman preparatları ilə təmin olunması arıçılığın inkişafına çox ciddi təsir etməklə onu aqrar bölmənin mühüm bir sahəsinə çevirib. Vaxtında görülmüş tədbirlər, rayonlar da daxil olmaqla, yaradılmış yüksək təchizatlı laboratoriyaların mövcudluğu, arı ailələrinin müxtəlif xəstəliklərinin düzgün müəyyən olunması və aradan qaldırılmasına şərait yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı bu baxımdan yeni perspektivlər vəd edir. Sərəncama əsasən 2018-ci il də daxil olmaqla, 5 il müddətində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 manat məbləğində subsidiya müəyyən edilib. Bu mühüm sərəncam muxtar respublikamızda da bal arılarının, nəticə etibarilə, ətraf mühitin qorunub saxlanılmasına öz töhfəsini verəcəkdir.
Qeyd etmək lazımdır ki, muxtar respublikamızda qoruq və biçənək sahələrinin artırılması, dincə qoyulmuş torpaq sahələrində vəhşi arıların yuvalanması üçün münbit şəraitin yaradılması istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır. Ətraf mühitin, ekologiyanın təhlükəli-zəhərli tullantılardan və çirkləndirmələrdən qorunması işi aktiv­ləşdirilir. Meşələrin, otlaqların yanğından qorunması mexanizmləri təkmilləşdirilir, yeni meşə-otlaq massivləri salınır. İnsanlar arasında təbiətin qorunması, kənd təsərrüfatında arıçılığın rolu, inkişafı məqsədləri haqqında genişmiqyaslı maarifləndirici tədbirlər və təbliğat-təşviqat işləri aparılır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR