Müasir insan həyatında vaxt hər şeydən qiymətlidir. Bütün məsələləri sürətlə və keyfiyyətlə həll etmək üçün hər gün yeni üsul və vasitələr tətbiq olunur. Çoxlu sayda informasiyanı alıb onu yadda saxlamaq, sonra isə lazım olandan istifadə etmək ən mühüm və eyni zamanda ən çətin iş sayılır. Bu baxımdan pul vəsaitləri ilə apardığımız əməliyyatlar, bu zaman qarşıya çıxan sürət, dəqiqlik və təhlükəsizlik məsələləri elektron ödəniş vasitəsi olan POS-terminallarla çox rahat şəkildə həll olunur. Nağd pullarla aparılan qarmaqarışıq əməliyyatlardan fərqli olaraq, POS-terminallardan istifadə ilə həyata keçirilən ödəmələr zamanı həm satıcı, həm də alıcı öz işini rahat qurur və eyni zamanda qanunazidd olan hallar baş vermədiyindən dövlət maraqları da qorunmuş olur. İqtisadi inkişafın getdikcə sürətləndiyi bir dövrdə muxtar respublikamızda POS-terminallardan istifadəni artırmaqla bu vacib məsələnin həlli diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında POS-terminallardan istifadə ilə əlaqədar görülmüş işlər və nağdsız hesablaşmalar sahəsindəki vəziyyətlə əlaqədar suallarımızı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov cavablandırır.
– Elvin müəllim, POS-terminal nədir və ondan necə istifadə olunur?
– POS-terminal ödəniş kartlarından informasiyanı oxumağa və bu məqsədlə bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. POS-terminallardan istifadə etməklə üzərinizdə nağd pul saxlamadan plastik kart vasitəsilə məhsulların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadilə əməliyyatlarının aparılması mümkündür. Belə ki, POS-terminal quraşdırılmış təsərrüfat subyekti müvafiq bank ilə müqavilə bağlayır. Buna əsasən, təsərrüfat subyektinin fəaliyyət növündən asılı olaraq, POS-terminalda ödəniş kartları vasitəsilə əməliyyatların aparılması kart prosessinq mərkəzi tərəfindən (KPM) həyata keçirilir. Təsərrüfat subyekti lazımi dövlət orqanlarından qeydiyyat vərəqəsini aldıqdan sonra terminalda əməliyyatların aparılmasına başlayır.
POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, bir qayda olaraq, iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi təsərrüfat subyektində qalır, digəri isə kart sahibinə verilir. Bu qəbzin alınması malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir. Qeyd edək ki, POS-terminal vasitəsilə məhsulun və ya xidmətlərin dəyərinin ödənilməsi zamanı müştəridən heç bir komisyon tutulmur.
– Pos-terminallar, əsasən, harada quraşdırılır?
– Aylıq dövriyyəsi 1000 manatdan artıq olan pərakəndə ticarət, iaşə və digər xidmət göstərən müəssisələr, avtomobil və mebel satışı üzrə ixtisaslaşdırılmış ticarət müəssisələri, idman və sağlamlıq kompleksləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmir yolu və avtomobil nəqliyyatı ilə şəhərlərarası və beynəlxalq sərnişindaşımada biletlərin satışını həyata keçirən kassalar, mərkəzi poçt şöbələri POS-terminal quraşdırılması məqsədəmüvafiq hesab edilən obyektlərdir.
– Nağdsız hesablaşmalarla biz nəyə nail ola bilərik? Bunun nə kimi üstünlükləri vardır?
– Ödəniş kartları məhsulların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş vasitəsidir. İnkişaf etmiş ölkələrdə alış-verişin təxminən 80-85 faizi ödəniş kartları vasitəsilə aparılır. Artıq bir neçə ildir ki, ölkəmizdə də ödəniş kartlarının tətbiqinə başlanılıb və bu kart istifadəçilərinin sayı ilbəil artmaqdadır. Hal-hazırda Azərbaycanda 4,5 milyona yaxın ödəniş kartından istifadə olunur. Muxtar respublikamızda ödəniş kartlarından istifadə edənlərin sayı 1 iyun 2013-cü il tarixə olan məlumata görə, 172 min 592 nəfərdir.
Ödəniş kartlarının çoxsaylı imkanlarına baxmayaraq, muxtar respublikamızda onlardan əksər hallarda hesabda olan nağd vəsaitin bankomat vasitəsilə alınması üçün istifadə olunur. Halbuki ödəniş kartlarının bir sıra üstünlükləri vardır. Belə ki, bu kartlar vasitəsilə ticarət mərkəzlərində məhsul və xidmətlərin dəyərinin asanlıqla ödənilməsi, konvertasiya əməliyyatı zamanı əməliyyatların istənilən valyutada həyata keçirilməsi, səyahət zamanı nağd pulla bağlı ehtiyacların ödənilməsi, gömrükdən keçirilən pul vəsaitlərinin bəyan edilməsinə ehtiyacın qalmaması, hesabda pul olmadıqda tez bir zamanda hesabın bank vasitəsilə artırılması, “Card to Card” əməliyyatı ilə pul vəsaitlərinin bir kart hesabından digər kart hesabına köçürülməsi, bankomat və internet vasitəsilə mobil operatorlar üzrə xidmət haqlarının ödənilməsi, internet vasitəsilə xarici ölkələrdən məhsulların alınması mümkündür. Ölkə daxilində və xaricində bankomatlardan nağd pul almaq imkanı ilə yanaşı, kartlar vasitəsilə hesabdan çıxarış almaqla öz büdcənizə və xərclərinizə nəzarət etmək, ödəniş kartının itməsi və ya oğurlanması zamanı bankı vaxtında məlumatlandırmaqla pul vəsaitlərindən istifadənin qarşısının alınması kimi hesabat və təhlükəsizlik məsələləri də asanlıqla həll olunur.
– Bəs muxtar respublikamızda bu sahədə hansı işlər görülüb?
– Artıq Naxçıvan Muxtar Respublikasında nağdsız hesablaşmaların sürətləndirilməsinə başlanılıb. Cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən konkret tapşırıqlar verilib. Bildirilib ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən və mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması təmin edilməlidir.
Bu məqsədlə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən muxtar respublikada “Nağdsız ödənişlər sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri” üzrə tədbirlər planı hazırlanıb. Bu planın hazırlanmasında əsas məqsəd nağdsız ödənişlər sahəsində muxtar respublika iqtisadiyyatının müxtəlif sahələri üzrə ödəyicilərin sayının müəyyənləşdirilməsidir.
Bu sahədə qarşıda duran əsas məsələlərdən biri də POS-terminalların quraşdırılmasıdır. Muxtar respublikamızda bu iş də uğurla davam etdirilir. Belə ki, 2012-ci ildə muxtar respublikamızda 96 POS-terminal fəaliyyət göstərirdisə, 1 iyun 2013-cü il tarixə artıq bu rəqəm 185-ə çatdırılıb. Naxçıvan şəhərində quraşdırılmış POS-terminallar vasitəsilə biz gündəlik ərzaq və təsərrüfat mallarının, tikinti materiallarının, mebel avadanlıqlarının, benzin və dizel yanacağının dəyərini, gömrük rüsumlarını, Dövlət Yol Polisi İdarəsinə ödənilən cərimə və rüsumları, otel və ictimai-iaşə xidmətlərinin, Naxçıvan-Bakı-Naxçıvan aviareysinə uçuş biletlərinin dəyərini kartlarımızla ödəyə bilərik.
Nəhayət, onu da qeyd etmək istəyirəm ki, bu gün əhalinin nağd ödənişlə alış-veriş etməyə üstünlük verməsi hələ də cəmiyyətdə nağdsız ödənişlərlə bağlı vərdişlərin olmadığını göstərir. İnanırıq ki, müəyyən müddət keçdikdən sonra həm alıcı, həm də satıcı ən optimal variantın nağdsız ödəmə olduğunu görəcək və beləliklə, POS - terminallardan istifadə adi hala çevriləcək.
– Müsahibə üçün sağ olun!
Əli CABBAROV