Muxtar respublikada kartofçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. Artıq kartofçuluq respublikada gəlirli sahələrdən birinə çevrilib. Muxtar respublikanın münbit torpaqlarında keyfiyyətli məhsul istehsal edilir. Keyfiyyətli və bol məhsulun əsas şərtlərindən biri isə məhsulun zərərvericilərinə qarşı mübarizə tədbirlərinin aparılmasıdır. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara dərman preparatları pulsuz olaraq paylanılır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantin şöbəsinin və Bitki Mühafizə Stansiyasının mütəxəssisləri Culfa rayonunun Ərəzin kəndində olmuş, sahibkarlarla görüş keçirmiş, kartof əkilmiş sahələrə baxmışlar. Kartofun əsas zərərvericisi olan kolorado böcəyinə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə 160 hektar sahəyə nəzərdə tutulan 40 litr dərman preparatı, preparatın hazırlanması və tətbiqi qaydası haqqında hazırlanan bukletlər sahibkarlara paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti