Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və bu proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən görülən işlər davam etdirilir. Bu çərçivədə növbəti tədbir Culfa rayonunun Dəmirli yaylağında təşkil olunub. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyi, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin arıçılıq təsərrüfatlarının sahibkarları ilə keçirilən görüşü Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əyyub Abdullayev açıb.
Görüşdə adıçəkilən təşkilatların təmsilçiləri muxtar respublikada arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda arı ailələrinin köçürülməsinin təşkili, onlara zoobaytar qaydalarına uyğun qulluq edilməsinin, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilməsinin əhəmiyyəti, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi və həmin ərazilərdə ağac və kolların kəsilməsinin qarşısının alınması da vurğulanıb.
İstehsal edilən arıçılıq məhsullarının standartlara uyğun olaraq sertifikatlaşdırılması, yerli arı genofondunun mühafizəsinin əhəmiyyətindən də danışılan görüşdə arıçıları maraqlandıran suallar cavablandırılıb.
Mütəxəssislərin hazırladıqları buklet-informasiya kitabçaları sahibkarlara paylanılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti