Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar müxtəlif sahələrin, o cümlədən kənd təsərrüfatının gəlirli sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, son illərdə dövlət tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar bu problemləri aradan qaldırmaqdadır. Əsas məqsədlərdən biri tütünçülüyü inkişaf etdirmək hesabına kənd əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikamızda bu sahənin inkişafına yeni vüsət verib.
Belə ki, Naxçıvanda tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Şərur rayonunda da müəyyən işlər görülməkdədir. Bu ilin əvvəlindən başlayaraq rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq kənd yaşayış məntəqələrində bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. Əkinçilik üçün keyfiyyətli tütün şitili yetişdirilib və seçilmiş münbit torpaqlara basdırılıb. Zeyvə, Düdəngə, Maxta, Kürçülü, Kərimbəyli, Oğlanqala, Aşağı Aralıq və digər kəndlərdə, ümumilikdə, 11,8 hektar sahədə tütün əkilib.
Qeyd edək ki, tütünün kök sistemi mil şəklində olur, yaxşı şaxələnir və çoxlu saçaqlar verir. İstiliksevən bitkidir. Torpağın tipindən və botaniki sortlardan asılı olaraq tütün əkiləcək sahələrdə 27-30 santimetr dərinlikdə şum edilməlidir. Şumun dərinliyi tütünün keyfiyyətinə və məhsuldarlığa müsbət təsir edir. Şum altına hektar hesabı ilə 5-10 ton üzvi gübrə, 200-300 kiloqram superfosfat, 100-150 kiloqram kalium-sulfat, əkinqabağı hektara 100-150 kiloqram azot gübrəsi səpilir.
Şum qatında torpağın temperaturu 10-12 dərəcəyə çatdıqda, daha doğrusu, aprel-may aylarında sağlam, boyları 12-14 santimetr uzunluğunda olan şitillər sahəyə köçürülür. Vegetasiya dövründə bitkilərin dibləri və cərgəaraları alaqlardan təmizlənir.
Hər suvarmadan sonra torpaq yumşaldılır. Birinci becərmə şitil basdırıldıqdan 8-10 gün sonra 6-8 santimetr dərinlikdə, sonrakı becərmələr 10-15 gün fasilə ilə 10 santimetr dərinlikdə aparılır. Vegetasiya suvarmaları şırımla həyata keçirilir. Bu dövrdə yemləmə gübrələrinin verilməsi bitkilərin məhsuldarlığını xeyli yüksəldir. Birinci yemləmə gübrəsi kimi tütünün 2-3 cüt yarpaq fazasında suvarmadan əvvəl hektara 1-2 sentner superfosfat və azot gübrəsi verilməlidir. İkinci yemləmə isə qönçələmənin başlanğıcında aparılır.
Tütün bitkisinin becərilməsində vacib aqrotexniki tədbirlərdən biri də ucvurmadır. Bu tədbirə qönçələmənin əvvəlində başlamaq lazımdır.
Tütün növbəli əkin kimi taxıldan, çuğundurdan və paxlalı bitkilərdən sonra becərildikdə yaxşı nəticə verir. Bu bitki, öz növbəsində, payızlıq və yazlıq taxıl bitkiləri üçün yaxşı sələf sayılır.
Əsas zərərvericiləri olan danadişi, mənənə, şalalar, tütün tripisi, sovkavar, məftil qurdları, tarla ilbizi, xəstəliklərdən isə yalançı unlu şeh, kök, gövdə, qaraayaq, qara çürümələri bitkiyə ciddi zərər verir. Odur ki, xəstəlik və zərərvericilərə qarşı mübarizə vaxtlı-vaxtında aparılmasa, məhsuldarlıq xeyli aşağı düşər.
Ümumiyyətlə, bu bitki becərmədə çox diqqətli olmağı, aqrotexniki tədbirlərin düzgün və vaxtında həyata keçirilməsini tələb edir. Tarlaların indiki görkəmi onu göstərir ki, ixracyönümlü istehsal sahələrindən biri olan tütünçülükdə aqrotexniki tədbirlər vaxtında yerinə yetirilib. Bu isə o deməkdir ki, vaxtilə 2500-3000 ton tütün istehsal edilən Şərur rayonunun tütünçülük ənənələri bərpa olunmaqdadır. Yaxın günlərdə sahələrdən yetişmiş alt yarpaqların qırımına başlanacaq.
Həsən ƏMRAHOV
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı