23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində muxtar respublikanın iqtisadi inkişafını əyani vasitələrlə özündə əks etdirən bir mərkəz var. 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, eyni zamanda sahibkarların tədris-­informasiya mərkəzi kimi fəaliyyətə başlayan bu məkan 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi tanınır. 2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir. 

Bununla yanaşı, Naxçıvan Biznes Mərkəzində sahibkarlara müxtəlif istiqamətlərdə xidmət göstərilir, biznesin inkişafı üzrə onlara məsləhətlər verilir, özəl sektorda yeni addım atanlar üçün treninqlər təşkil edilir, biznes planların hazırlanmasında onlara metodik köməkliklər göstərilir. Hazırda burada müasir avadanlıqlarla təchiz edilmiş iclas və konfrans zalları, eyni zamanda dörd dildə sinxron tərcümənin aparılması üçün otaq var. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvanda olduq.

Mərkəzin əməkdaşı, marketoloq Zəhra Bağırova bizimlə söhbətində bildirdi ki, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində belə bir ünvanın yaradılması yeni biznes əlaqələrinin qurulması, işgüzar görüşlərin keçirilməsi, sahibkarların maarifləndirilməsi, eyni zamanda muxtar respublikada istehsal olunan məhsulların nümayiş etdirilməsi məqsədi daşıyır. Hazırda mərkəzdə rus və ingilis dillərini bilən ixtisaslı kadrlar çalışırlar. Mərkəzin ekspozisiya zalında muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus pavilyonlar qurulub. Həmçinin burada muxtar respublikanın son illərdə keçdiyi inkişaf yolunu, sosial-iqtisadi göstəricilərini özündə əks etdirən stendlər qoyulub, rəsm əsərlərindən və yerli sənətkarların əl işlərindən ibarət sərgi-satış təşkil olunub. Müsahibimiz bildirdi ki, buradakı pavilyonlar müvafiq istehsal və xidmət sahələri arasında bağlanmış müqaviləyə əsasən təşkil edilib. Həmin pavilyonlarda muxtar respublikada istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarına aid müxtəlif növdə mallar nümayiş etdirilir. Hazırda burada 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkar­lar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Cari ildə “İslam ­Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar da burada nümayiş olunur.
Bu il muxtar respublikanın aparıcı şirkətlərindən olan “Nəqşicahan Holdinq”ə aid pavilyon da təşkil edilib. Bundan əlavə, burada 2017-ci ildə istehsalına yeni başlanılmış məhsullardan ibarət guşə də yaradılıb. Sahibkarlarla müxtəlif istiqamətlər üzrə aparılan tədbirlərin nəticəsi kimi ­hazırda mərkəz tərəfindən gündəlik olaraq 30 müəssisənin 59 elektron poçt ünvanına dünyada və ölkəmizdə baş verən iqtisadi yeniliklərlə bağlı məlumatlar göndərilir. Qeyd etdiyimiz kimi, sahibkarlara metodik köməkliyin göstərilməsi, onlara müəyyən tövsiyə və məsləhətlərin verilməsi mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. Sahibkarlığın genişləndirilməsi, hüquqi və maarifləndirici istiqamətdə xidmət göstərilməsi sırasında onların müraciətləri əsasında sahibkarlıq subyektləri üçün kiçikhəcmli kənd təsərrüfatı yönümlü, irihəcmli müxtəlif sahələrə aid biznes planların işlənilməsinə mərkəz tərəfindən dəstək verilib. Öyrəndik ki, 2018-ci ilin ötən dövründə mərkəz tərəfindən sahibkarlara kömək məqsədilə 26 belə biznes-plan hazırlanaraq təqdim olunub.
Muxtar respublikamızda xalq yaradıcılığı sahələrinin inkişaf etdirilməsinə dövlətimiz tərəfindən hərtərəfli dəstək göstərilir. Naxçıvan Biznes Mərkəzi də bu sahənin inkişafına öz töhfəsini verir. Belə ki, mərkəz tərəfindən el sənətkarlarının fəaliyyətlərinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılır. Hazır­da mərkəzdə 50-yə yaxın sənət əsəri, 230-a yaxın əl işi, o cümlədən ağac üzərində oyma, rəsm, mis üzərində döymə, xalça məmulatlarından ibarət məhsullar nümayiş etdirilir. Bundan əlavə, həmin məhsulların bir qismi Naxçıvan Biznes Mərkəzinin tabeliyində fəaliyyət göstərən mağazalarda alıcılara təqdim olunur. Duzdağ Fizioterapiya Mərkəzində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində, Heydər Əliyev prospektində fəaliyyət göstərən suvenir və hədiyyəlik mağazalarında istehlakçılar belə məhsulları əldə edə bilərlər. Son dövrlərdə mərkəzin Naxçıvan şəhərində Ucuzlaşmış Mallar Mağazası da fəaliyyətə başlayıb ki, istehlakçılar buradan müxtəlif məhsulları ucuz qiymətə əldə edə bilərlər.
Həmsöhbətimizin verdiyi məlumatlardan onu da öyrəndik ki, 2015-ci ildən başlayaraq mərkəzdə “Açıq qapı” günləri təşkil olunur. Bunun da əsas mahiyyəti odur ki, hər kəs iş saatlarında mərkəzə gələ, muxtar respublikanın sosial-iqtisadi göstəriciləri haqqında maraqlana, istehsal olunan yerli məhsullarla tanış ola, onlar barədə dolğun məlumatlar ala bilər. Yeri düşmüşkən, ötən ildən başlayaraq “Muzey günləri” çərçivəsində dövlət qurumları kollektivlərinin Naxçıvan Biznes Mərkəzinə ziyarətlərinin təşkili də yerli məhsullarımızın tanıdılması və təbliği baxımından atılan addımlardandır.
Naxçıvan Biznes Mərkəzi bu gün muxtar respublika iqtisadiyyatının, xalq sənətkarlığının inkişafında və təbliğində əhəmiyyətli rol oynayır. Buna görədir ki, mərkəz muxtar respublikamıza gələn turistlərlə yanaşı, yerli və xarici ölkələrin rəsmi qurumlarının nümayəndələrinin də marağına çevrilib. Buraya gələn hər kəs heç bir istehsal obyektinə getmədən muxtar respublikanın özəl sektoru haqqında dolğun məlumat ala bilir. Eyni zamanda Naxçıvan Biznes Mərkəzi hazırda müxtəlif biznes forumların, beynəlxalq konfransların, işgüzar görüşlərin keçirilməsinə də öz töhfəsini verir. Ümumilikdə, bu mərkəz muxtar respublika iqtisadiyyatının təbliğində əhəmiyyətli rol oynayır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR