Bu gün qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizin təbii qazla təmin olunması prosesi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarına təbii qazın verilməsinə başlanılmışdır. 1980-ci ildə Naxçıvana da yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi qazlaşdırılmışdır. Bu zaman muxtar respublikada 4 şəhər, 2 şəhərtipli qəsəbə və 91 kənd təbii qazla təmin edilmiş, təbii qazdan istifadə edən abonentlərin sayı 33 mindən artıq olmuşdur. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublikamız blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdi.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2004-cü il avqustun 5-də “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Milli Qaz İxrac Şirkəti arasında “Təbii qaz mübadiləsi” haqqında müqavilə imzalanmış, 2005-ci ildən etibarən Naxçıvana təbii qazın verilməsinə başlanılmışdır. İki il müddətində muxtar respublikada qazlaşdırma prosesi tam başa çatdırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Naxçıvana təbii qazın verilməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 2005-ci ildə “Naxçıvanqaz” Məhdud Məsuliyyətli Cəmiyyəti, 2010-cu ildə isə “Naxçıvanqaz” İstehsalat Birliyi yaradılmışdır.
Bu gün muxtar respublikada istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatan xətlər yeniləri ilə əvəz olunur. 2012-ci ilin aprel ayında tikintisinə başlanılan Naxçıvan-Şahbuz ortatəzyiqli qaz kəməri bu ilin yanvar ayında istifadəyə verilmişdir. 27 kilometrlik bu qaz xəttinin 9 kilometri diametri 559 millimetr olan yüksəktəzyiqli, 18 kilometri isə diametri 273 millimetr olan ortatəzyiqli izolyasiyalı borularla çəkilmiş, texniki tələblərə yüksək səviyyədə əməl edilmişdir. Bu da lazım gəldikdə qaz xəttində ehtiyatın yaradılmasına, texniki itkilərin qarşısının alınmasına, təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan vermişdir. Naxçıvan-Şahbuz qaz xəttinin istifadəyə verilməsi ilə Babək rayonunda 8700, Şahbuz rayonu isə tam əhatə olunmaqla, 4500-dən artıq abonent davamlı təbii qazla təmin olunmuşdur.
Uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri də yenidən çəkilir. Tikintisi yüksək keyfiyyətlə və bütün texniki normalar nəzərə alınmaqla həyata keçirilən xətdə son tamamlama işləri görülür. Bununla yanaşı, muxtar respublikanın qaz xətlərindəki ölçü qovşaqlarında uzaq məsafədən operativ nəzarəti həyata keçirən “ROK-407” və “Elester” tipli elektron sayğacların quraşdırılması işi aparılır. Artıq qaz sərfiyyatı ilə bağlı bütün göstəricilərə “Naxçıvanqaz” İstehsalat Birliyində yaradılan mərkəzdən nəzarət etmək mümkündür.
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına səbəb olmuşdur. Çünki iqtisadi inkişafda böyük əhəmiyyətə malik olan yanacaq-energetika sahəsində təbii qaz xüsusi yer tutur. Artıq muxtar respublikada təbii qazla işləyən elektrik stansiyaları fəaliyyət göstərir. Bu gün Naxçıvan Qaz-Turbin və Modul Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ixrac imkanlarını da xeyli artırmışdır. Bu da iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyət daşıyır.
2005-ci ildən muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və zənginləşdirilməsində də mühüm rol oynamışdır. Mənzillərin mavi yanacaqla təmin olunması meşə sahələrinin qırılmasının qarşısını almış, yeni yaşıllıq sahələrinin salınmasına başlanmışdır. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində, xüsusilə də təbii qazın verilişindən sonra muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi 10 faizdən artıq olmuşdur. Bu da əhalinin rahatlığına və sağlamlığına xidmət edir.
Muxtar respublikanın qaz təsərrüfatında idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması, qazın nəqli və paylanmasında operativ idarəetmə mexanizmlərinin təşkili, texniki istismar və texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi istehlakçıların təbii qazla etibarlı təminatına şərait yaratmışdır. Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. Qaz İstismarı idarələrindəki Qəza Dispetçer xidmətlərinin 104 nömrəli qaynar xətti günün istənilən saatında istehlakçıların müraciətlərini qəbul edir.
Peşə bayramlarını qeyd edən qaz təsərrüfatı işçiləri bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edərək muxtar respublikadakı 82 minə yaxın abonentin təbii qazla etibarlı surətdə təminatına şərait yaradacaqlar.
“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti