2018-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
iş planına uyğun olaraq bir sıra işlər görülüb. Belə ki, muxtar respublikada aparılmış yazlıq kartof, tərəvəz, bostan, paxlalılar, tütün və yem bitkiləri əkinlərinə aqrotexniki qaydada qulluq edilməsi, meyvə və üzüm bağlarında həyata keçirilən becərmə tədbirləri barədə torpaq mülkiyyətçilərinin maarifləndirilməsi, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə görüşlər keçirilib.
Muxtar respublikamızda ot, taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi məqsədilə Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin təsdiq etdikləri tədbirlər planına uyğun olaraq aid dövlət orqanlarının əməkdaşları ilə birgə müşavirələr keçirilib.
Nazirliyin mütəxəssisləri tərəfindən muxtar respublikada hüquqi və fiziki şəxslərə məxsus təsərrüfatlarda bitkilərin zərərverici və xəstəliklərə yoluxmasını müəyyənləşdirmək məqsədilə müşahidələr aparılıb və zərurət yaranan yerlərdə kompleks mübarizə tədbirlərinin həyata keçirilməsində sahibkarlara əməli köməkliklər göstərilib. Nazirliyin tabeliyində olan Toxumçuluq idarəsinin laboratoriyasına fermerlər tərəfindən gətirilən toxumlar analizdən keçirilərək nəticəsi analiz aktı formasında onlara təqdim olunub.
Heyvandarlığın inkişafı istiqamətində də tədbirlər görülüb. Belə ki, yay otlaqlarından səmərəli istifadə edilməsi, mal-qara arasında qan parazitar (qızdırma) xəstəliklərinin qarşısının alınmasında profilaktik və müalicə tədbirlərinin aparılmasının əhəmiyyəti haqqında sahibkarlar məlumatlandırılıblar. Mütəmadi olaraq ay ərzində muxtar respublikada arıçılığın, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı maarifləndirmə işləri aparılıb və yerlərdə müşavirələr keçirilib.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti