23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın giriş hissəsində oxuyuruq: “Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır”. 

Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradıb.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə muxtar respublikada arıçılıqla məşğul olan sahibkarlar üçün geniş imkanlar açılıb. Bu gün arıçılar onlara göstərilən bu qayğıdan bəhrələnməkdədirlər.

Şahbuz rayonunun Sələsüz kəndində də belə bir arıçı ailəsi var: Abbas və Qalina Məmmədovların ailəsi. Tərəflərdən birinin azərbaycanlı, digərinin isə rus olduğu bu ailənin qurulması haqqında qısa bir məlumat verək. Abbas, qardaşı Etibar (Etibar Məmmədov bu gün muxtar respublikanın tanınmış arıçılarındandır) və Qalina 1988-1993-cü illərdə Rusiya Federasiyasında Kənd Təsərrüfatı İnstitutunda oxuyublar. Etibarla Qalina institutun Zoomühəndislik, Abbas isə Elektrik mühəndisliyi fakültəsində təhsil alıblar. Elə Abbasla Qalinanın tanışlığı da buradan başlayıb. Onlar 1995-ci ildə ailə qurub orada yaşayıblar. 2001-ci ildə isə Naxçıvana köçüblər. Qeyd edək ki, Azərbaycan vətəndaşı olmaq üçün müraciətindən sonra Qalina Azәrbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 mart tarixli Sәrәncamı ilə vәtәndaşlığa qәbul edilib. Elə arıçılıq təsərrüfatları ilə tanış olub onlarla söhbət etmək üçün evlərinə gedəndə Qalinanın ilk söhbət açdığı məsələ də bu oldu: “Həyat yoldaşım, oğlum, qızım Azərbaycan vətəndaşıdır. Mən sanki onlardan kənarda qalmışdım. Burada yaşadığım müddətdə həmişə azərbaycanlılardan səmimiyyət, mehribanlıq görmüşəm. Elə ona görə də bu ölkənin vətəndaşı olmaq istədim və çox minnətdaram ki, mənim istəyim nəzərə alındı”.
Naxçıvana gələnədək Abbas Rusiyada meşədən tutduğu 1 arı ailəsi ilə arıçılığa başlayır. Bu işdə Qalina da ona yaxından kömək edir, çünki Qalinanın qardaşı da məşhur arıçı olduğu üçün onun bu işdə səriştəsi varmış. Elə yaratdıqları arıçılıq təsərrüfatında bütün işlərə də Qalina həyat yoldaşı ilə birgə nəzarət edir.
Şahbuza köçəndən sonra isə qardaşı Etibar arıçılıqla məşğul olmaları üçün onlara 15 arı ailəsi verir. Bu barədə Abbas Məmmədov deyir: “Gərək arını biləsən kimdən alırsan. Hər kəsdən alınan arını artırmaq olmur. Həm də arı alanda onu satan qiymətdə nə desə, onu verməlisən. Bu alqı-satqıda ki halallıq olmadı, heç arıçılığa başlama. Çünki əlin boş qalar”.
Beləliklə, onlar ildən-ilə arı ailə­lərinin sayını artırmaqla hazırda 105-ə çatdırıblar. Ailə arıçılıqdan yaxşı gəlir əldə edir. Hər il 600-700, bəzən də 1000 kiloqram bal satır, bundan əlavə, arıçılıq məhsulları olan bərəmum, arı südü, çiçək tozu, güləm, hətta mum vərəqini də özləri istehsal edirlər. Qalina gəlirləri barədə maraqlı söhbət etdi: “Biz istəsək, daha artıq bal istehsal edə bilərik. Lakin məhsul vaxtı balı pətəklərdən tama­milə götürüb arıları ac buraxmırıq. Çünki onlar yalnız bol yem görəndə çoxlu yumurta qoyurlar. Arı elə bir möcüzəli varlıqdır ki, o heç vaxt səhv etmir, əksinə, sənin səhvlərini düzəldir, səni öyrədir. Buna görə də biz hər pətəkdə ən azından 6 kiloqram bal saxlayırıq, onu başqa şirə ilə əvəz etmirik. Erkən yazda isə pətəklərə tənzifə hopdurulmuş bal qoyuruq. Bu halda arıların gözü tox olur, onlar yaxşı işləyirlər. Ona görə də istehsal etdiyimiz bal keyfiyyətlidir, təmizdir. Özümüz isə rahatıq ki, halalımıza haram qatmırıq”.
Sələsüz aran kəndidir. Burada arıçılıqla məşğul olmaq bir qədər çətindir. Bu barədə isə Qalina belə dedi: “Mən zoomühəndis olduğum üçün arıların nə vaxt yaylağa köçürülməsinə, hansı vaxtda nə kimi dərmanlardan, vitaminlərdən istifadə edilməsinə xüsusi nəzarət edirəm. Burada havalar tez isinir. Ona görə də arıları may ayının axırları Badamlı qəsəbəsindəki “Şorsu” deyilən yerə, iyun ayında isə dağa – Cici yurduna köçürürük. Avqust-sentyabr aylarında isə yenidən kəndə qaytarırıq”.
Ailə başçısı Abbas Məmmədov arıçılara göstərilən dövlət qayğısından da danışıb bu diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirərək dedi ki, vaxt var idi, məhsulumuzu sata bilmirdik. Bu kəndin sakinlərindən başqa kim bilirdi ki, mən bal istehsal edirəm? Onlar da balın müəyyən bir hissəsini alırdılar. İndi isə məhsulumuzu ailə təsərrüfatı məhsulları, arıçılıq məhsulları – bal festivallarında, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında və bazarlarımızda sərbəst şəkildə, özümüzün müəyyənləşdirdiyimiz qiymətə sata bilirik. Abbas Məmmədov “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilməsini yüksək dövlət qayğısı kimi dəyərləndirdiyini, bunun, həqiqətən, kəndlərdə yaşayan insanların arıçılığa meylinin artmasında böyük rolu olacağını qeyd etdi.
Zəhmətkeş ailə arıçılıqdan başqa digər təsərrüfat işləri ilə də məşğul olur. Onların 2,2 hektar buğda əkinləri, həyətlərində 50-60 badam ağacı, meyvə-tərəvəz, çiyələk sahələri, üzüm bağları var. Bunlarla yanaşı, onlar həm də 3 inək, 1 dana da saxlayırlar. Bir sözlə, ailə öz süfrəsinə çeşid-çeşid keyfiyyətli məhsulları əlinin əməyi ilə düzür, çox az sayda ərzaq almaq üçün mağazaya üz tutur.
Bu nümunəvi ailədə həm də gözəl övladlar böyüyür. Qızları Sevinc 640 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub, Müalicə işi ixtisası üzrə 3-cü kursda, oğulları Xəyal isə İstanbul Universitetinin Kimya mühəndisliyi fakültəsinin 2-ci kursunda təhsil alır. Həm zəhmətkeş qadın, həm də gözəl ana olan Qalina övladları haqqında ağızdolusu danışır, onlarla qürur duyur. Deyir ki, biz onların ehtiyaclarını ödəmək üçün bu qədər zəhmətə qatlaşırıq. Hər ay onlara pul, istehsal etdiyimiz məhsullardan göndəririk.
Azərbaycan dilində çox səlis danışan qadının övladlarının bugünkü uğurları onun bu dili gözəl əxz etməsinin nəticəsidir. Bir ana kimi onların dərsləri ilə maraqlanması, özünün də dediyi kimi, müəllimləri ilə mütəmadi əlaqə saxlaması belə savadlı, dünya­görüşlü övladların yetişməsinə səbəb olub.
Xeyir-şərdə yaxından iştirak etməsi isə onu bu kəndin insanlarına sevdirib. Qonşularının hamısı ondan razılıq edirlər: “Elə bir işimiz olmaz ki, Qalina kömək əlini uzatmasın”.
Qalina özü isə burada yaşadığı illərin təəssüratlarını bizimlə belə bölüşdü: “Buranı çox sevirəm. Mətbəxinizlə məni qonşularım tanış ediblər, rəngarəng və çox ləzzətlidir. Sizin milli yeməkləri çox yaxşı bişirirəm. Gözəl toy adətləriniz var. “Xınayaxdı” mərasimi mənim üçün o qədər maraqlıdır ki… Yas mərasimlərinizdə israfçılığın aradan qaldırılması çox yaxşı haldır. Sizdə ən çox xoşuma gələn xeyirdə və şərdə birliyin olmasıdır”.
Bəli, Sələsüzə gedişimizlə həm nümunəvi ailə təsərrüfatı yaratmış iki zəhmətsevərlə, həm də onların simasında bir-birinə sadiq həyat yoldaşı, qayğıkeş valideynlərlə, yaşadıqları kənddə halallıqları, səmimiyyətləri ilə sevilən insanlarla tanış olduq. Həm yaratdıqları təsərrüfatları, həm də nümunəvi ailə­ləri ilə bu insanlar alqışa, təqdirəlayiqdirlər. Оnlar hər bir kənd­liyə, ailəyə nümunədirlər. Məmmədovlar ailəsi kimi...

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR