23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan və əhalisinin 70 faizinin kəndlərdə yaşadığı Şərur rayonunda ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər tədbirlər nəticəsində inkişaf təmin olunub, daxili bazarlarda məhsul bolluğu yaranıb.

Cari ilin ilk rübündə də məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə “Naxçıvan Aqro­lizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 396 min 700 manat dəyərində 26 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə Şərur rayonunda fəaliyyət göstərən sahibkarlara satılıb. Bütün bunlar aqrar sahənin inkişafına öz müsbət təsirini göstərməkdədir. Artıq əkinçilər ərsəyə gələn bitkiləri toplamağa başlayıblar.
Son illər Şərur rayonunda əkilən tərəvəz məhsulları sırasında soğan əsas yerlərdən birini tutur. Bu il Sərxanlı, Şəhriyar, Düdəngə, Cəlilkənd, Mahmudkənd yaşayış məntəqələrində daha çox soğan əkilib. Artıq sahələrdən bol məhsul toplanır.
Qeyd edək ki, keçən il rayonda soğan sahəsinin hər hektarından 130-140 sentner məhsul götürülüb. İndiyəqədərki nəticələr belə deməyə əsas verir ki, bu il məhsul daha çoxdur. Rayonda ümumi tutumu 3 min tondan artıq olan 12 soyuducu anbar fəaliyyət göstərir. Soyuducu anbarlar soğanın, həm də kartofun keyfiyyətli şəkildə saxlanılmasında əkinçilərə şərait yaradır. Torpaq mülkiyyətçiləri artıq qalan məhsulu bu anbarlarda saxlayır və ilboyu satışını təmin edirlər.
Əsasən, taxılçılıq rayonu kimi tanınmış Şərur rayonunda bu mövsümdə 4348 hektar ­buğda və arpa sahəsində biçin keçirilir. Sahələrdə becərmə tədbirləri aqro­texniki tələblərə uyğun ardıcıllıqla aparılıb, bunun nəticəsi olaraq ­zəmilərdə bol məhsul yetişdirilib.

Hasilə gələn məhsulu vaxtında və itkisiz toplamaq mühüm şərtdir. Bunun üçün rayonda əvvəlcədən lazımi hazırlıq işləri həyata keçirilib, taxılçılıqla məşğul olan fermerlərə, torpaq mülkiyyətçilərinə, mütəxəssislərə, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə müvafiq tapşırıqlar ­verilib.
Biçində fiziki və hüquqi şəxslərdə olan 9 kombayn, kifayət qədər taxıl­daşıyan avtomaşınlar və qoşqulu traktorlar, presvuran aqreqatlar da iştirak edir. Ehtiyat hissə və yanacaq tədarükü görülüb, yaradılmış səyyar təmir briqadası biçin kampaniyası dövrü ortaya çıxan hər hansı bir problemin təcili həll olunması üçün təlimatlandırılıb.
Biçin zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi, hazır məhsulun təmizlənməsi üçün xırman yerlərinin hazırlanması, sahə kənarlarındakı yolların hamarlanması və zəruri olan digər tədbirlər əvvəlcədən həyata keçirilib.
Bir neçə il bundan əvvələ qədər rayonda sarımsaq əkini ilə məşğul olanlar çox az idi. Bu tərəvəz məhsuluna olan ehtiyac isə idxal hesabına təmin olunurdu. Yerli istehsalın artırılması üçün bu sahədə də ardıcıl tədbirlər görülüb, sarımsaq əkini ilə məşğul olanların sayı ildən-ilə artır. 2017-ci ilin payızında bu ilin məhsulu üçün rayonun kəndlərində 30 hektardan artıq sahədə sarımsaq əkilib.
Kənd təsərrüfatı mütəxəssislərinin rəyinə görə, bu il rayonda 300-350 ton sarımsaq istehsalı gözlənilir. Bu məhsulun alıcısı çox olduğu üçün istehsalçılar onun ­istehlakında da heç bir çətinlik ­çəkmirlər.
İkinci çörək adlandırdığımız kartof gündəlik mətbəximizdə taxıldan sonra daha çox istifadə olunan kənd təsərrüfatı bitkisidir.
Ötən illərdə olduğu kimi, bu il də Şərur rayonunda bu bitkinin əkini üçün pay torpaqlarında 300 hektara qədər sahədə keyfiyyətli toxum əkilib. Şumdan əvvəl torpağın üzvi gübrələrlə zənginləşdirilməsi, şumun normal dərinlikdə aparılması, becərmə tədbirlərinin aqrotexniki tələblər səviyyəsində yerinə yetirilməsi nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri bol məhsul ­yetişdiriblər.
Onu da bildirək ki, artıq torpaq mülkiyyətçiləri kartof yığımını uğurla həyata keçirirlər. Hər hektardan orta hesabla 13-14 ton kartof yığılır ki, bu da məhsulun bol olacağına zəmanət verir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR