22 Dekabr 2024, Bazar

Baytarlıq insanları ərzaq məhsulları ilə təmin edən ev heyvanları arasında xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin müəyyən xəstə­liklərdən mühafizəsi sahəsində elmi, praktik və təşkilati tədbirlər sistemidir. Planetdə əhalinin heyvan mənşəli ərzaq məhsullarına olan tələbatlarının artması və buna qarşı qoyulan müasir tələblər baytarlıq xidməti ilə bağlı məsələlərin əhəmiyyətini artırmaqdadır.
İnsan orqanizminə lazım olan zülal, yağ, vitamin və sair kimi bildiyimiz və bilmədiyimiz bütün qida məhsullarına olan tələbatların ödənilməsində həmişə bir zəmanətə ehtiyacımız vardır. Mühüm bir mədəni tələbat kimi də qiymətləndirə biləcəyimiz bu zəmanət isə hər cür sağlam heyvan mənşəli ərzaq məhsullarının istehsalının başlanğıc yeri olan təhlükəsiz heyvandarlıq, quşçuluq, arıçılıq və balıqçılıq təsərrüfatlarının fəaliyyətinə əsaslanır. Ona görə də qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən baytarlıq xidməti mühüm bir fəaliyyət növü kimi bütün əhalinin tələbatlarının ödənilməsinə xidmət edir. İstehlak zənbilimizdə özünə mühüm yer tutan ət və süd məhsulları tərkibinin təmizliyi məhz baytarların apardığı işlərin səviyyəsindən asılıdır.

Baytarlıq mürəkkəb elm sahəsidir. Hətta bəzi fikirlərə görə, burada aparılan işlər tibdən də çətindir. Təsəvvür edin ki, baytar həkim qarşısında insandan fərqli olaraq, hansı bədən üzvünün ağrıdığını deyə bilməyən dilsiz-ağızsız bir canlı vardır... Ona görə də baytar həkim, sözün əsl mənasında, həkimlikdən daha fərqli qabiliyyətlərə malik, duyarlığa və savada sahib, həm də humanist bir insan olmalıdır. Bu sahədə dünyada qəbul olunmuş prinsiplərə və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər salsaq, görərik ki, baytarlıq xidmətinin əsas vəzifələri arasında ölkə ərazisinə xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısını almaq, heyvanların yoluxan və yoluxmayan xəstə­liklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq, baytarlıq-sanitariya təhlükəsizliyini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada heyvan kəsim məntəqələri, emal müəssisələrində, tədarük, saxlanma, satış və digər yerlərdə baytarlıq-sanitariya ekspertizasını keçirmək tədbirləri vardır. Baytarlıq xidmətinin qarşısında həmçinin heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, bio­stimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq, çirklənməni aradan qaldırmaq, baytarlıq elminin inkişafı üçün tədbirlər görmək kimi vəzifələr də qoyulmuşdur. 
Bəs göstərilən bu məsələlərin həlli istiqamətində hazırda muxtar respublikamızda vəziyyət necədir? Sahə üzrə mütəxəssis olmadığımızdan apardığımız müşahidələrdən düzgün nəticə əldə etmək məqsədilə bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələrlə tanış olmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yollandıq.
Dövlət Baytarlıq Xidmətinin ərazisinə daxil olarkən muxtar respublikamızın müasir quruculuq ab-havasının buradan da yan keçmədiyinin şahidi oluruq. Geniş və abad həyətdə baytarlıq xidmətinin müasir səviyyədə qurulmasına şərait yarada biləcək bina və maşınların, səliqə-sahmanın olduğu nəzərdən qaçmır. Bu qənaətimizi bizi qarşılayan Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə söhbətimizdə də möhkəmləndiririk. Əvvəllər, demək olar ki, unudulmuş sahə halına gəlmiş baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsinə son illərdə göstərilən diqqət öz bəhrəsini verməkdədir. Xüsusən kənd təsərrüfatında kollektiv təsərrüfatdan fərdi təsərrüfatlara keçidlə əlaqədar islahatların aparılması ilə baytarlıq xidmətinə də yeni keyfiyyət yanaşması tələb olunurdu. Naxçıvanın blokadaya düşməsi ilə bir sıra vacib ərzaq məhsullarının idxalına da nəzarət edilməsi bu xidmət qarşısında vəzifələri daha da artırırdı. Diqqətdən kənarda qalmış, infrastruktur, maddi-texniki baza və xüsusən də kadr məsələsində çətinliklər çəkən bu vacib sahənin işinin canlandırılmasına yenə də dövlət öz köməyini göstərmişdir. Qısa bir müddət ərzində Naxçıvan Muxtar Respublikasının hər yerində nümunəvi baytarlıq xidməti göstərilməsi üçün tədbirlər görülməyə, lazımi miqdarda yeni dərman preparatlarının alınıb gətirilməsinə, kütləvi profilaktika tədbirlərinin aparılmasına şərait yaradılmışdır. Muxtar respublikada hazırda 1 Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, 8 Baytarlıq İdarəsi, 8 baytarlıq laboratoriyası və 76 baytarlıq məntəqəsi fəaliyyət göstərir. Muxtar respublikamızda yaradılan kənd mərkəzlərində baytarlıq məntəqələrinin istifadəyə verilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən uğurlu regional siyasət kimi baytarlığın da inkişafına təsir etmişdir. İndi təsərrüfatını genişləndirmiş, dövlət yardımı ilə cins mal-qara əldə etmiş kəndlini yarana biləcək çətinliklər zamanı dədə-baba müalicə və profilaktika üsullarının ümidinə buraxmaq olmaz. Baxmayaraq ki, hələ də ucqarlardakı bəzi baytar həkimləri təsərrüfatçıların müraciətlərinə başdansovdu yanaşaraq xəstə heyvanlar, quşlar üçün köhnədənqalma ayran və ya doşab müalicəsi, tüstü profilaktikası kimi “məsləhətlər” verirlər. Ancaq, ümumiyyətlə, bu sahədə muxtar respublikada çox işlər görüldüyünü qeyd etmək lazımdır.
Dövlət Baytarlıq Xidmətindən ən çox profilaktika tədbirlərinə üstünlük verildiyini bildirərək hər il bu istiqamətdə xeyli işlər görüldüyünü dedilər. Doğrudan da, profilaktika ilə heyvanları xəstələnməyə qoymamaq ən doğru yoldur. Baytar həkimlərimiz profilaktikanı ümumi baytarlıq mədəniyyətinin bir hissəsi kimi vurğulayaraq onun tələblərinə əməl olunmasının həm özləri, həm də təsərrüfatçılar qarşısında ən mühüm vəzifə olduğunu bildirdilər. Baytarlıq sahəsində profilaktika dedikdə heyvanlardan müxtəlif xəstəliklərə qarşı qan nümunələrinin alınıb yoxlanılması ilə dövri olaraq diaqnostik müayinələr aparılması, heyvanlarda rast gəlinən və insanlara da keçəbilmə təhlükəsi olan infeksion xəstəliklərə qarşı ilin bütün fəsillərində plana uyğun dövri peyvənd­ləmələr həyata keçirilməsi, sanitar-təmizlik, dezinfeksiya işlərinin yerinə yetirilməsi kimi hər mövsümdə görülməsi vacib olan işlər başa düşülür. Bunların yerinə yetirilməsi isə heyvandarlıqda ümumi qəbul olunmuş sanitar-təmizlik prinsipləri çərçivəsində olmalıdır. Belə ki, heyvanlara qulluq edən təsərrüfatçı xüsusi geyim, əlcək və ayaqqabılardan (uzunboğaz çəkmə) istifadə etməli, sağlamlığı şübhəli olan canlıları müayinə etmək üçün dərhal yaxınlıqdakı baytar mütəxəssisinə müraciət etməli, dezbaryerlər yaratmalıdır. Unutmaq olmaz ki, canlılar arasında yayılan xəstə­liklər, əsasən, yoluxucudur və onlar tez bir zamanda yayıla bilər. Bu isə insanların sağlamlığına birbaşa təhlükə doğurur.

Göründüyü kimi, məsuliyyətli bir peşə kimi baytarlıq xidməti qarşısında mühüm vəzifələr dayanır. Yaradılmış şərait hesabına əldə olunmuş uğurlar göz qabağında olsa da, kadr, maarifləndirmə kimi bir sıra məsələlərdəki çətinliklərin zamanla həll olunacağı qənaətinə gəlirik. Muxtar respublikamızın müasir iqtisadi inkişaf səviyyəsi və ölkəmizdə insan sağlamlığına yönəlmiş diqqət buna əminlik yaradır.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR