“Naxçıvan Tikiş” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi geniş çeşiddə geyimlərlə muxtar respublikada əhalinin müxtəlif idarələrdə çalışanlar üçün nəzərdə tutulan xüsusi geyim formalarına, məktəbli və tələbələr üçün geyim dəstlərinə tələbatlarını ödəyən mühüm yüngül sənaye müəssisələrindəndir.
“Naxçıvan Tikiş” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi digər geyimlərlə bərabər, məktəbli geyim formalarının tikilişi üzrə də muxtar respublikamızda öncül sahibkarlıq obyektlərindən biridir.
40 nəfərə yaxın işçinin çalışdığı müəssisədə olarkən müəssisə rəhbəri Rövşən Abdinov qeyd etdi ki, muxtar respublikamızda özəl sektorun inkişafına göstərilən qayğı onların da fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulmasına imkan verib. Belə ki, ötən dövr ərzində fabrik 2 dəfə Sahibkarlığa Kömək Fondu tərəfindən verilən güzəştli kreditlərdən bəhrələnib, burada Rusiya, Almaniya və Çin mənşəli avadanlıqlar quraşdırılıb.
Göstərilən qayğı üçün dövlətimizə minnətdarlıq edən müəssisə rəhbəri bildirdi ki, yeni avadanlıqların köməyi ilə kəsim, tikim və pres işlərinin kompüterlə idarə olunması, eyni zamanda enerjiyə, xammala daha çox qənaət etmək və məhsulun keyfiyyətini yüksəltmək mümkündür. Bu avadanlıqlar vasitəsilə tikilən kostyumlar, tələbələr üçün geyim dəstləri keyfiyyəti ilə seçilir. Fabrikdə çalışan usta və dərzilərdən Sünbül Nəbiyeva, Sona Abbasova və Bədir Fətullayeva bildirdilər ki, müəssisənin imkanlarından istifadə etməklə daha yaraşıqlı, müasir dəbli paltarlar tikirlər.
Yaradılmış şərait fabrikin uğurlu fəaliyyətinə təkan verib. Belə ki, fabrikdə ötən il 360 min manatdan artıq həcmdə daxili bazar yüksəkkeyfiyyətli tikiş məmulatları ilə təmin edilib. Cari ildə də uğurlu fəaliyyət davam etdirilir. Kollektiv öz işini müasir tələblər səviyyəsində qurmaqla onların qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışır. Bu baxımdan cəmiyyətin sədri Rövşən Abdinovun Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 24 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsi onların əməyinə verilmiş ən böyük qiymət olub. Müəssisə rəhbəri bundan sonra da muxtar respublikamızın sosial-iqtisadi inkişafı naminə səylə çalışacaqlarını, daha gözəl geyim dəstləri ilə alıcıların zövqünü oxşayacaqlarını bildirdi.
Əli CABBAROV