Muxtar respublikanın maye karbon qazına olan illik tələbatı 2800 tondur. İllik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır. Bu məqsədlə müəssisənin balansındakı maye karbon qazını daşımaq üçün 2 ədəd 12 tonluq və 1 ədəd 6 tonluq avtosisternlərdən, eləcə də 2009-cu ildə alınmış soyuducu kameralı “Mitsubishi” markalı quru buzdaşıyan texnikadan səmərəli istifadə olunur. 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 350 min manat güzəştli kredit verilmişdir ki, bu vəsait yeni texnikaların alınmasına yönəldilmişdir. İsveçin “SKAYNA” firmasının istehsalı olan 2 ədəd çəkici avtomaşın və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik 2 ədəd avtosistern alınıb gətirilmişdir. Bu da istehsal olunan məhsulun vaxtlı-vaxtında sifarişçilərin ünvanlarına çatdırılmasına əlverişli şərait yaradır.
“Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətinin direktoru Elman Seyidov bildirdi ki, müəssisədə xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Müəssisədə istehsal edilən yüksək keyfiyyətli maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” ASC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötmüşdür.
Bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Hazırda müəssisədə tələbata uyğun olaraq, istehsal edilən məhsulun 45 faizi muxtar respublikada, 55 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir. Cəmiyyətin direktoru onu da bildirdi ki, Bakı və Quba şəhərlərində müəssisənin balondoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda müəssisədə 27 nəfər çalışır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi planlaşdırılır.
Kərəm HƏSƏNOV