Bu ay şəhər sakinləri talon ilə hansı ərzaq məhsullarını alacaqlar? Bu sual ilə müxbirimiz Naxçıvan Şəhər Universal Ticarət Birliyinin direktoruna müraciət etmişdir. O demişdir ki, təchizat məsələsində çətinlik və problemlər olmasına baxmayaraq, biz hər ay imkan daxilində şəhər əhalisini bəzi ərzaq məhsulları ilə təmin edirik. Bakıdan Naxçıvana avtomaşınlar ilə malları daşıyıb gətirmək üçün xeyli nəqliyyat xərcləri çəkməli olsaq da, çalışırıq ki, əhali ərzaq normalarını vaxtında ala bilsin. May ayında şəhər əhalisinə yalnız adambaşına 0,5 kiloqram Türkiyədə istehsal olunmuş yağ verilmişdir. Şəkər tozunu isə bu ay vermək mümkün olmayacaq. Ona görə ki, Bakıda ticarət bazarlarında şəkər tozu olmadığına görə alıb gətirə bilmədik. Bakının özündə də əhaliyə ərzaq normaları verilmir. Qaldı ki, gündəlik tələbat malları – sabun, kibrit, yuyucu toz və digər çoxişlənən mallar da Azərbaycan Respublikasının ticarət bazalarında yoxdur. Azərbaycan Respublikasının Ticarət Nazirliyindən bizə bildirdilər ki, ərzaq malları və çoxişlənən mallar alınan kimi muxtar respublikanın normaları veriləcəkdir. Yeri gəlmişkən deyim ki, muxtar respublikanın yerli sənaye müəssisələrindən, ət-süd kombinatından, quşçuluq fabrikindən, şərab zavodlarından yeyinti məhsullarını da ala bilmirik. Bu müəssisələr istehsal etdikləri malları özlərinin firma mağazalarında satırlar. Bu məsələ ilə əlaqədar muxtar respublika Ali Məclisi qarşısında məsələ qaldırmışıq.
Əvvəlki aylardan ehtiyat saxladığımız və Bakıdan az miqdarda aldığımız şəkər tozu, yağ, sabun, yuyucu toz və digər malları şəhərin bağlı müəssisələrinə, uşaq evinə və veteranlar mağazalarına bölmüşük. Şəhər əhalisinə demək istəyirəm ki, Bakıdan ərzaq və çoxişlənən mallar alınan kimi əhaliyə çatdırılacaqdır.
“Şərq qapısı” qəzeti
11 iyul 1994-cü il
Muxtar respublika iqtisadiyyatının inkişafı insan sağlamlığı
amili ilə paralel aparılır
Tarixin müxtəlif dövrlərində ölkəmizə qarşı torpaq iddiaları ilə ərazilərini genişləndirmək fikrində olan nankor qonşularımız 1988-1990-cı illərdə yenidən eyni arzu ilə sərhədlərimizi pozub, məkrli işğal planlarını həyata keçirməyə cəhd etdilər. Həmin planların ölkə üçün ağır nəticələrindən biri də muxtar respublikamızın blokada vəziyyətinə salınması oldu. Artıq 28-ci ilini yaşadığımız blokadanın ilk illərində muxtar respublikamız çox böyük çətinliklərlə qarşılaşdı.
Yaranmış vəziyyət elektrik enerjisinin, təbii qazın kəsilməsi, istehsal müəssisələrinin fəaliyyətinin dayandırılması, yüzlərlə sakinin öz iş yerlərini itirməsi, insanların qaranlıqda, soyuqda qalması, hər ailədən ən azı 1-2 nəfərin evini tərk edib işləmək üçün qonşu dövlətlərə getmələri ilə nəticələndi. Mərkəzlə əlaqələrin tamamilə kəsilməsi muxtar respublikada ehtiyat qida məhsullarının qıtlaşmasına səbəb oldu. Bu isə insanları ağır həyat tərzi ilə üz-üzə qoydu. Yaşamaq üçün ən önəmli qida məhsulu sayılan çörəyin azlığı, ailənin çörəyə olan birgünlük ehtiyacını ödəmək üçün həmin günün yarıdan çoxunun çörək növbələrində itirilməsi o dövrlərin ən acınacaqlı hallarından biri idi.
Çətin həyat tərzi, təbii ki, insanların sağlamlığına da öz mənfi təsirini göstərirdi. İlk növbədə, psixoloji sarsıntılar, sonra isə soyuq evlərdə yaşamaq, lazımi səviyyədə keyfiyyətli məhsullarla qidalanmamaq əhalinin sağlamlığını təhlükə altına almışdı. Belə bir dövrdə qonşu dövlətlərdən hansı şəraitdə istehsal olunması bilinməyən ərzaq məhsullarının muxtar respublikaya gətirilməsi bu təhlükəni bir qədər də yaxınlaşdırırdı.
Elə məhz həmin illərdə muxtar respublikamızda blokadanın çətinliklərinin hər bir sahəyə mənfi təsir göstərməsinə baxmayaraq, burada iqtisadiyyatın gələcək inkişafı üçün hazırlanmış planlar mərhələli şəkildə həyata keçirilirdi. Muxtar respublika iqtisadiyyatının bütün mərhələlərində inkişafın insan sağlamlığı ilə paralel şəkildə aparılması isə diqqətçəkən məqamlardandır. Bunu bu gündən o dövrə nəzər salarkən daha aydın şəkildə görmək mümkündür. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider Heydər Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. Torpaq islahatının ölkədə birinci muxtar respublikamızda həyata keçirilməsində əsas məqsəd blokada vəziyyətində yaşayan Naxçıvanın iflic olmuş iqtisadiyyatının dirçəldilməsi, eyni zamanda əhalinin sağlamlığında başlıca şərt olan rifah halının yüksəldilməsi idi. Bu islahatlar qonşu dövlətlərə işləməyə gedənlər, işsiz insanlar, kənd çayxanalarında vaxtlarını keçirən hər kəsdə torpağına sahiblik hissi formalaşdırdı, eyni zamanda bu torpaqları əkib-becərərkən işsizlik stresindən, çayxanaların tüstüsündən, qonşu ölkələrdə işləyərkən antisanitariya vəziyyətinin hökm sürdüyü yaşayış şəraitindən kənarlaşmaqla sağlam həyat tərzinin də təməlini qoydu. İstehsal etdikləri keyfiyyətli məhsullarla həm ailələrini təmin etdilər, həm də bazarlarımızda bolluq yaranmasına nail oldular.
Sonrakı illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi muxtar respublika iqtisadiyyatının inkişafında müstəsna rol oynayaraq Naxçıvanın davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, məşğulluğun təmin edilməsi üçün geniş imkanlar açdı.
Qəbul olunan proqram, imzalanan fərman və sərəncamların hər biri ilə tanış olarkən bu sənədlərdə muxtar respublika iqtisadiyyatının inkişafı ilə yanaşı, insanların sağlamlığının da başlıca amil kimi götürülməsinin şahidi oluruq. Məsələn, ötən dövr ərzində əhalinin yerli məhsullarla təminatı istiqamətində görülən işlərin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyəti vardır. Kənardan gətirilən və mənşəyi məlum olmayan məhsullardan fərqli olaraq yerli məhsulların hansı keyfiyyətə malik olduğu hər kəsə məlumdur. Həmçinin yerli məhsullar idxalın qarşısını almaqla yanaşı, daxili bazarda qiymətlərin sabit qalmasına da xidmət edir. Bu isə məhsul istehsalçıları ilə bərabər, istehlakçıların da marağına uyğundur.
Aparılan iqtisadi təhlillərə görə, əgər 1995-ci ildə xarici ticarət dövriyyəsinin 90 faizi idxalın, cəmi 10 faizi ixracın payına düşürdüsə, ötən illər ərzində bu strukturda köklü dəyişikliklər baş verib, onun 92 faizini ixrac, cəmi 8 faizini idxal təşkil edib. 2017-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 1995-ci ilə nisbətən 24 dəfə artımla müşayiət olunub. Həmçinin 2017-ci ildə muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi 1995-ci ilə nisbətən 12 dəfə artıb. Diyarımızda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı son 22 ildə 11 dəfə artaraq 442-yə çatıb. 1995-ci ildə adambaşına düşən sənaye məhsulunun həcmi 27 manat təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 2140 manatdan çox olub.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Ölkə Prezidenti cənab İlham Əliyev bu göstəriciləri yüksək dəyərləndirərək may ayının 16-da Naxçıvan şəhərində Müəllimlər İnstitutunun açılış mərasimində etdiyi çıxışda demişdir: “...Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir”.
Bütün bu iqtisadi göstəriciləri və onların təhlillərini nəzərdən keçirərkən, diyarımızda ərzaq bolluğunun təmin olunması ilə yanaşı, həm də sakinlərin rifah halının yüksəldilməsinə, onların sağlam həyat tərzi əhatəsində yaşamasına hesablandığının şahidi oluruq. Muxtar respublika iqtisadiyyatının hərtərəfli şaxələndirilməsinin və ümumi inkişafının nəticəsi olaraq 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən müəyyən edilən investisiya reytinqində muxtar respublikamız ölkəmizin regionları arasında 18 parametr üzrə ən yüksək ümumi bal toplayaraq liderlik əldə edib. Bu, blokada Naxçıvanının dünənindən bu gününə kimi ötən dövr ərzində bu sahədə həyata keçirilən işlərin səmərəliliyinin təcəssümüdür.
Bir zamanlar böyük bir problem olan ərzaq təhlükəsizliyi bu gün muxtar respublikamıza tamamilə yaddır. Bu gün Naxçıvanda pərakəndə ticarət obyektlərində satılan məhsullar arasında yerli istehsal məhsulları üstünlük təşkil edir. Həmin məhsullar əhalinin tələbatını tamamilə ödəyir. Həmçinin daxili bazarlarla yanaşı, qonşu ölkələrə də ixrac olunan bu məhsulların alıcılıq qabiliyyəti yüksəkdir. Bu isə təbii ki, Naxçıvanın coğrafi mühiti ilə birbaşa əlaqədardır. İndi ölkə bazarlarında Naxçıvan məhsullarının əl-əl axtarılma səbəbi də, sözsüz ki, onların sağlam ekoloji mühitdə istehsalı ilə birbaşa bağlıdır.
Müasir dövrdə dünyada milyonlarla insanın aclıq şəraitində yaşadığı və bir o qədər də insanın tamamilə keyfiyyətsiz ərzaq məhsulları ilə qidalandığı haqqında məlumatlarla tez-tez rastlaşırıq. Bu gün muxtar respublika sakinləri yaxşı bilirlər ki, 108 adda ərzaq məhsulu tamamilə yerli imkanlar hesabına ödənilir. Bu məhsulların istehsalına uzun illərdən bəri blokada şəraitində yaşayan muxtar respublikamızda çox çətinliklə, pillə-pillə nail olunduğunu da yaxşı bilirlər. Və onu da hər kəs yaxşı bilməli və dəyərləndirməlidir ki, son iyirmi ildən artıq bir dövrdə qədim diyarımızda bütün sahələrin, eləcə də iqtisadiyyatın inkişafında insan sağlamlığı başlıca amil kimi götürülür.
Mətanət MƏMMƏDOVA