20 ildən artıqdır ki, muxtar respublikamızda yolların abadlaşdırılması, müasir standartlara cavab verməsi üçün ardıcıl tədbirlər görülüb və görülməkdədir. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanalarının istifadəyə verilməsi muxtar respublikada keyfiyyətli avtomobil yollarının çəkilməsinə imkan yaradır. Babək rayonu ərazisində yeni asfalt zavodunun qurulması da keyfiyyətli asfalt istehsalı və avtomobil yollarının çəkilməsi işini sürətləndirəcək.
Yeni zavodda daha keyfiyyətli asfalt istehsal ediləcək. Zavod Arazqırağı ərazidə inşa olunur. Aprel ayının əvvəlindən tikintisinə başlanılan zavodda ən yeni texniki göstəricilərə malik avadanlıqlar quraşdırılır. Zavoda qaz, elektrik və su xətlərinin çəkilişi başa çatdırılıb. Avadanlıqların quraşdırılması da yekunlaşmaq üzrədir. Bununla yanaşı, müəssisənin ərazisində də abadlıq işləri aparılır. Zavod istifadəyə verildikdən sonra saatda 240 ton yüksəkkeyfiyyətli asfalt istehsal olunacaq. Bu, muxtar respublikada ən böyük asfalt zavodu olacaq. Qeyd edək ki, zavodun yaxın günlərdə fəaliyyətə başlaması planlaşdırılır.
Xəbərlər şöbəsi