Naxçıvan Muxtar Respublikasında artıq ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin doqquzuncu tirajının qalibləri müəyyənləşib. 1 yanvar 2018-ci il tarixdən 1 iyun 2018-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar. Hədiyyə alanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarının sakinləri də vardır.
Dünən Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə çıxış edən vergilər nazirinin müavini, Baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş 2 mart 2016-cı il tarixli “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb. Qeyd olunub ki, 1 iyun 2018-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərində 1266 ədəd POS-terminal quraşdırılıb.
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev vurğulayıb ki, müasir dövrdə maliyyə infrastrukturunun əsas tərkib hissələrindən biri olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, muxtar respublikada nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, muxtar respublika üzrə 2018-ci ilin ilk 5 ayı ərzində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin həcmi 15 milyon 294 min manata çatıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 9-cu tirajında 312 muxtar respublika sakininə, o cümlədən Naxçıvan şəhəri üzrə 59 şəxsə qiymətli hədiyyələr təqdim olunacaq. Bu hədiyyələr 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər edən şəxslərə üç meyar əsasında müəyyənləşdirilib. Hədiyyə alanlar arasında təhsil, səhiyyə, mədəniyyət işçiləri, dövlət qulluqçuları, təqaüdçülər, tələbələr və digər şəxslər vardır.
Həmin gün Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarında da nağdsız ödənişlərdə fəallıq göstərmiş vətəndaşlara hədiyyələrin təqdim olunması tədbirləri keçirilib. Bu tədbirlərdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Hafiz İsmayılbəyli bildirib ki, muxtar respublikamızda nağdsız ödənişlərin həcminin artmasında yaradılmış infrastruktur imkanları ilə yanaşı, maarifləndirici tədbirlərin də mühüm əhəmiyyəti vardır. Belə ki, ötən dövrdə bu sahədə ictimaiyyətin maarifləndirilməsi istiqamətində geniş təbliğat-təşviqat işləri aparılıb.
Qeyd edək ki, analoji tədbirlər bu gün Babək, Culfa, Ordubad və Şahbuz rayonlarında da keçiriləcək.
Xəbərlər şöbəsi