23 Dekabr 2024, Bazar ertəsi

Yaşıl kart sığortası nədir? Bu sığorta növü hazırda, əsasən, Avropa ölkələrində geniş tətbiq olunan Yaşıl kart sistemi buna qoşulmuş bütün ölkələrdə tanınan vahid mülki məsuliyyət sığortası növüdür.
Səyahətçilər avtomobillərlə bir ölkədən başqa bir ölkəyə səyahət etdiyi zaman tətbiq olunan Yaşıl kart sığortası bir çox cəhətlərinə görə sürücülər üçün çox faydalıdır. Belə ki, ölkə ərazisində hərəkət zamanı tələb olunan standart mülki məsuliyyət sığortasından fərqli olaraq müəyyən müddətə belə sığorta şəhadətnaməsini alan avtonəqliyyat vasitəsi sahibləri xarici ölkələrə hər gedişi üçün yeni müqavilələr bağlamaqdan azad olurlar. Başqa sözlə, Yaşıl kart bu sistemə qoşulmuş ölkə­lərin ərazisində tanınan bir mülki məsuliyyət sığortası şəhadətnaməsi kimi hər bir sığortalıya rahat səyahət zəmanəti verir.

Bu sığorta növünün hüquqi bazasına gəldikdə, Yaşıl kart sistemi ilə əldə olunan beynəlxalq sığorta şəhadətnaməsinin yüksək səviyyədə etibarı vardır. Belə ki, hazırda “Yaşıl Kart” haqqında sazişin iştirakçıları olan 48 ölkənin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər bütün dövlətlərin ərazisində etibarlı sayılır. 1 yanvar 1953-cü il tarixindən tətbiq olunmağa başlanılmış bu sığorta sistemi Azərbaycan Respublikasında 2016-cı ilin əvvəlindən tətbiq olunur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa 2014-cü il 25 dekabr tarixdə edilmiş dəyişikliklərə əsasən Azərbaycanın Yaşıl Kart sisteminə qoşulması ilə bağlı Qanuna yeni müddəalar əlavə edilmişdir. Qanuna görə, Azərbaycan vətəndaşları xaricə səfərə çıxarkən ölkəmizdəki sığorta agentliyi ilə bağladıqları Yaşıl kart sığortası zəmanəti ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzi hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilir.
Bu yeni sığorta növü muxtar respublikamızın sakinlərinə də mühüm üstünlüklər vəd edir. Belə ki, hər gün çox sayda naxçıvanlı turist və işgüzar adamlar müxtəlif məqsədlərlə öz avtomobilləri ilə xarici ölkələrə səyahət edirlər. Bizimlə qonşu olan Türkiyə və İranda da bu sığorta sistemi tətbiq olunduğundan, ölkəmizdən çıxmadan gördüyümüz hazırlıq işləri zamanı Yaşıl kart sığorta müqaviləsini də bağlayıb rahat səyahətə yollanmaq olar. Bu sığorta növünün digər bir rahatlığı isə ondan ibarətdir ki, sürücülər və onlarla bərabər olan digər sərnişinlər sərhəd-keçid məntəqələrində vaxt itirmirlər. Bu isə turizm mövsümü başlayanda müəyyən pik saatlarda çox tez-tez müşahidə olunan haldır. Digər bir fayda isə səyahət edərkən bəzən bir deyil, iki və daha çox ölkənin ərazisinə daxil olduqda bu sığorta müqaviləsini bağlamış olan sürücülərin daha az sığortahaqqı ödəmələridir. Məsələn, bu gün daha çox istifadə olunan fərdi avtonəqliyyat vasitələrindən mühərrikinin iş həcmi 1501-2000 kubsantimetr olan atomobillərlə biraylıq xaricə səyahət edən sürücü müvafiq tarifə görə cəmi 17 manat ödəməklə əldə etdiyi Yaşıl kart sığorta şəhadətnaməsi ilə bütün səyahət müddəti boyu öz mülki məsuliyyətini sığortalamış olur. Yaşıl kart sığorta müqaviləsinin səyahətin müddətinə görə bağlanılması sürücülərə də rahatlıq gətirir. Belə ki, mövcud qanunla vətəndaşların xaricə səyahət müddətinə və intensivliyinə görə də 1, 3, 6 və 12 ayadək müddətdə sərfəli sığorta müqavilələri bağlamaq mümkündür.
Müasir dövrün tələblərinə uyğun olaraq ölkəmiz inkişaf etdikcə sığorta sistemində də beynəlxalq qanunlara qoşulur. Yaşıl kart sığorta sisteminin ölkəmizdə və muxtar respublikamızda tətbiqi də vətəndaşlarımızın səyahət imkanlarını artıran, xaricə səfərləri zamanı baş verə biləcək gözlənilməz hadisələr zamanı dəyən zərərlərin aradan qaldırılmasına zəmanət verən çox mühüm yeniliklərdəndir.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR