Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bu ilin ilk 5 ayı ərzində ticarət obyektlərindən 113 min 677 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsullar aşkar edilib. Bu məhsulların satışının qarşısı alınıb. Bunlardan 3375 manat dəyərində məhsul aidiyyəti orqanın iştirakı ilə məhv edilib, 144 manat dəyərində məhsul satışdan çıxarılıb. 54 min 990 manat dəyərində spirtli içkinin satışına qadağa qoyulub, 52 min 965 manat dəyərində içki istehsalçı müəssisəyə geri göndərilib. 2 min 203 manat dəyərində spirtli içki təkrar emala verilib.
Məlumatda o da bildirilib ki, süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısının alınması məqsədilə 19 adda süni məhsullar aşkar edilib. Bunlardan 8 adda süni məhsulların siyahısı nümunələri ilə birlikdə aidiyyəti orqana göndərilib. 93 təsərrüfat subyektində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə halları aşkar olunub və bu haqda tədbir görülüb. Muxtar respublikaya idxal olunan 9 kiloqram (45 manat dəyərində) “Halal” adı ilə markalanmış saxta əmtəə nişanı altında ət məhsullarının satışına qadağa qoyulub. 60 təsərrüfat subyektinə özünəməxsus əmtəə (xidmət) nişanının qeydiyyata alınması barədə məlumat xarakterli məktub göndərilib.
Bundan başqa, komitədə yaradılan işçi qrupu tərəfindən bazarlar və ticarət obyektlərində satılan məhsullardan 67 halda, bostanlardan götürülmüş 25 halda torpağın laboratoriya sınaqları aparılıb. Kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən 22 təsərrüfat subyektinin rəhbərlərinin iştirakı ilə komitədə yığıncaq keçirilib, maarifləndirmə işləri aparılıb. İki adda məhsulun markalanmasında tərkibində geni dəyişdirilmiş orqanizmin qeyd olunduğu müəyyən edilərək muxtar respublikaya idxalının qarşısının alınması üçün aidiyyəti orqan məlumatlandırılıb. Tikinti sektorunda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması, yanacaq ehtiyatının yaradılması ilə bağlı verilmiş tapşırıqların icrası məqsədilə 6 tikinti materialları satışı obyektində dövlət nəzarəti həyata keçirilib, nöqsanların aradan qaldırılması barədə iradnamə verilərək təkrar araşdırma zamanı nöqsanların aradan qaldırıldığı müəyyən olunub. İdxal olunan tikinti materiallarına 387, istehsal olunan tikinti materiallarına 117, maşın-mexanizm və avadanlıqlara 38 ədəd olmaqla, 542 uyğunluq sertifikatı verilib.
Xəbərlər şöbəsi