22 Dekabr 2024, Bazar

Sığorta sistemi inkişaf etmiş iqtisadi fəaliyyət sahələrindən biri hesab olunur. Azərbaycanda sığorta işinin təşkili ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə sığorta sisteminin əsası qoyulub. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi strategiyanın uğurla davam etdirildiyi ölkəmizdə 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilib.
Təbiətdə baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, ətraf mühitin çirklənməsi sel, daşqın və zəlzələ kimi təbii fəlakətlərin, həmçinin müxtəlif bədbəxt hadisələrin meydana gəlməsinə səbəb olur və belə fövqəladə hadisələrin qarşısını almaq külli miqdarda vəsait tələb edir. Əgər bu vəsaitlər cari xərclər hesabına təmin edilərsə, dövlətin büdcə xərclərinin strukturunda uyğunsuzluq yaranar. Ona görə də belə hadisələr nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədilə hər bir dövlət müəyyən ehtiyat fondlarının yaradılmasını zəruri hesab edir. Belə fondlar həm kütləvi istehlak məhsulları üzrə, həm də müxtəlif səviyyələrdə vəsait (pul) formasında yaradıla bilər. Əvvəlcədən nəzərdə tutulmayan xərcləri maliyyələşdirmək üçün pul formasında hökumət və yerli orqanların büdcələrinin nəzdində və müəssisələrin mənfəəti hesabına ehtiyat fondları yaradılır. Ölkə­lərin valyuta balansını tənzimləmək üçün isə mərkəzi banklar vasitəsilə valyuta ehtiyatı təşkil olunur. Əhalinin ərzaq təhlükəsizliyini qorumaq üçün kütləvi istehlak malları üzrə yaradılmış müxtəlif anbarlar da ölkənin ehtiyat fonduna daxildir.
İnkişaf etmiş dünya ölkələrində ən geniş yayılan ehtiyat fondlarından biri də sığorta fondudur. Sığorta müəyyən hadisə və hadisələr nəticəsində zərər yarandıqda sığortaçının baş vermiş sığortalıya müəyyən məbləğ ödəmək öhdəliyi götürdüyü müqavilələr əsasında pul fondlarının yaradılması və istifadəsi prosesini özündə əks etdirir. Sığorta işinin səmərəli təşkilinin və beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsinin ölkə iqtisadiyyatının bazar münasibətləri şəraitində möhkəmlənməsində mühüm iqtisadi əhəmiyyəti vardır. Çünki sığorta istehsalın fasiləsizliyini təmin etməklə təkrar istehsal prosesi və maddi itki­lərin əvəzinin ödənilməsi ilə bağlı olan bir prosesdir. Məhz öncədən nəzərdə tutulmuş sığorta fondunun köməyi ilə milli iqtisadiyyata və əhaliyə dəymiş zərəri aradan qaldırmaq və normal iş, həyat prosesini bərpa etmək mümkündür. Sığorta zərərin aradan qaldırılmasının ən səmərəli metodudur. Sığortaolunan obyektlərin sayı nə qədər çox olarsa, bu səmərəlilik daha da artar və hər bir sığortaçı az xərclə böyük zərəri aradan qaldırmış olar. Əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edən sığorta büdcəni dəyən zərərlərin ödənilməsindən azad edir, uzunmüddətli investisiyaların mənbəyinə çevrilir və dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir.

Sığorta fondunun məqsədi toplanmış vəsaitlər hesabına dəymiş zərərin həqiqi məbləğini ödəməkdir. Sığorta əhalinin əmlakını, həyat və sağlamlıqlarını müdafiə etməklə sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsini cəmiyyətin hesabına – sosial sığortanın təşkil edilməsi yolu ilə həyata keçirir. Bu kimi zərərlərin ödənilməsi iqtisadiyyatın inkişafından və maliyyə imkanlarından asılı olaraq, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Sosial sığorta vasitəsilə həyata keçirilən dövlət sosial siyasətinin əsas məqsədi əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdir. 
Qanunvericiliyə əsasən, sığorta həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Həyat sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Dünya ölkələrində sığortanın bu sahəsi daha yaxşı inkişaf edərək sığorta şirkətlərinin fəaliyyətinin yarıdan çox faizini təşkil edir. Bu ölkələrdə vətəndaşlar üzərlərində şəxsiyyət vəsiqəsindən əlavə, özlərinin mənəvi rahatlıqlarını təmin edən sığorta haqqında şəhadətnaməni də gəzdirirlər.
Qeyri-həyat sığortası sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya dəyən zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır.
Sığorta münasibətləri icbari və könüllü formalarda həyata keçirilir. İcbari sığorta dövlət tərəfindən qanunvericilik əsasında reallaşdırılmaqla cəmiyyətin maraqlarının təmin edilməsi üçün hüquqi və fiziki şəxslərin sığorta edilməsidir. Sığortanın icbariliyi maddi zərərlərin ödənilməsində təkcə zərərçəkənin deyil, həm də ictimai marağın olmasından irəli gəlir. Hər bir ölkədə icbari sığorta obyektləri müxtəlifdir. Könüllü sığorta isə sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur.
Bazar iqtisadiyyatı şəraitində sığorta istehlakın və istehsalın sabitliyinin təmin edilməsində tənzimləmə rolunu oynayır. İqtisadi münasibətlərdə itki, zərər, risk ehtimalları getdikcə artdığı üçün müasir şəraitdə sığorta bazarının inkişaf etdirilməsi vacib məsələlərdəndir. Sığorta bazarının subyektlərini sığorta xidmətinin satıcıları və bu xidmətin alıcıları təşkil edir. Bazarın vəziyyəti sığorta xidmətinə tələb və təklifin tarazlıq səviyyəsi ilə müəyyən olunur. Tələbin təklifdən üstün olması bazarın inkişafına əlverişli şərait yaradır ki, bu da istehlakçının risk şəraitini nə dərəcədə qiymətləndirməsindən asılıdır.
Maliyyə sabitliyinin təmin edilmiş olduğu sığorta bazarı maliyyə risklərinin idarə edilməsinə, vəsait­lərin etibarlı şəkildə yerləşdirilməsinə və uzunmüddətli saxlanmasına dəstək verməklə ölkənin iqtisadi inkişafına və sosial rifahına yardım etmiş olur. Bu baxımdan sığorta şirkətlərinin fəaliyyəti ölkə iqtisadiyyatında xüsusi əhəmiyyət kəsb edir. Sığortaçıların fəaliyyəti üçün lazımi şəraitin yaradılması, ixtisaslı kadr potensialı vasitəsilə yüksək səviyyəli xidmət, sığortaolunanların marağının müdafiə olunması üçün öhdəliklərin lazımınca yerinə yetirilməsi, sığorta ilə bağlı geniş maarifləndirmə tədbirlərinin aparılması fiziki və hüquqi şəxsləri öz əmlak və əmlak mənafelərini, həyat və sağlamlıqlarını sığortalamağa sövq edən əsas amillər sayılır. Məhz bu tədbirlərin, sözün həqiqi mənasında, reallıqla həyata keçirilməsi insanların şüurunda “sığorta həyat üçün vacib bir vasitədir” fikrini formalaşdırır və bu fikrə inam aşılayır.

Əlbəttə, meydana çıxan zərərlərin ödənilməsinə sözsüz təminat verilməsi ilə arxayın və rahat həyat tərzi yaşamaq hər bir vətəndaşın arzusudur. Gələcəyindən narahat və daim qorxu içində yaşamamaq üçün ölkəmizin sığorta bazarının inkişafı naminə hər birimiz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıyıq. Belə olarsa, sığorta sistemi öz inkişaf dinamikası ilə müstəqil Azərbaycan Respublikasının inkişafında, əhalinin maddi rifahının yüksəldilməsində, onların sosial müdafiəsinin təmin olunmasında və Ümumi Daxili Məhsul istehsalında özünəlayiq yer tutacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin yeni binasının açılış tədbirində dediyi kimi: “İqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətləri sığortasız təsəvvür etmək çətindir”.


Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR