Məqsəd təhsildə yüksək keyfiyyətə nail olmaqdır
Son illərdə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında təhsil ocaqlarının tikintisinə xüsusi önəm verilir. Bu isə sabahın layiqli və kamil mütəxəssislərinin yetişməsinə şərait yaradır.
Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da məktəb tikintisi ön plandadır. Son illər Şərurda 31 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu baxımdan ötən il də istisna deyil. Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414, Dərəkənddə 216 şagird yerlik məktəb binalarının inşası başa çatdırılmış, Qarxun və Qorçulu kəndlərindəki məktəb binaları əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Yeni dərs ilində rayonun dörd kəndində təzə məktəb binası öz qapılarını müəllim və şagirdlərin üzünə açacaqdır.
Yeni obyektlərin biri ilə tanış olmaq üçün çay kənarı ilə gedən yolla dağlara doğru qalxırdıq. Şahbulaq Şərur rayonunun sərhəddə yerləşən ən qədim kəndlərindən biridir. Kənd məktəbinin də yaşı çoxdur. Lakin uzun illər baxımsızlıq üzündən yararsız hala düşmüşdü. Ona görə də Şahbulaq kəndində hər şəraiti olan təzə məktəb binası tikilir. Zirzəmi ilə birlikdə üçmərtəbəli bina kəndin ən mənzərəli guşəsində, yaşıllıqlar qoynunda ucaldılır. Məktəb binasının tikintisində son tamamlama işləri görülür.
Məktəbin tikintisi Şahbulaq kəndində böyük sevincə səbəb olub. Müəllimlər, valideynlər, yuxarı sinif şagirdləri tez-tez tikinti aparılan əraziyə gəlir, işin gedişi ilə maraqlanır, inşaatçılara əllərindən gələn köməyi etməyə çalışırlar. Kənd ağsaqqalı Allahverdi Cəfərov dedi ki, balalarımız üçün yaradılan bu əvəzsiz şəraitə baxdıqca ürəyim dağa dönür. Ucqar dağ kəndinə göstərilən bu qayğı və diqqətə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Dəmirçi Şərur rayonunun iri kəndlərindən biridir. Burada altı min nəfərdən çox əhali yaşayır. İki tam orta məktəb fəaliyyət göstərir. Yeni dərs ilindən həmin ümumtəhsil müəssisələri birləşəcək, müasir binada fəaliyyət göstərəcək. Artıq 633 şagird yerlik ikimərtəbəli məktəb binası 1008 şagird yerlik üçmərtəbəli təhsil ocağına çevrilib. Təzə məktəbə layiq yeni avadanlıqlar qurulacaq. 55 sinif otağı, bir neçə laboratoriya, fənn kabinələri, 3 elektron lövhəli sinif, 3 kompyuter otağı, kitabxana, yeməkxana, idman zalı üçün hər cür şərait yaradılır.
Xanlıqlar kəndindəki məktəb binasının əsaslı təmir və yenidənqurma işlərini Şərur Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları həyata keçirirlər. Tikintinin mühəndisi Mübariz Ağayev deyir ki, üç aydan çoxdur, 396 şagird yerlik məktəb binasının əsaslı təmir və yenidən qurulmasına başlanılıb. Yeni dərs ilinə məktəbin təhvil verilməsi planlaşdırılır. Zirzəmi ilə birlikdə üçmərtəbəli məktəb binası 23 sinif otağından, 3 laboratoriya, hərbi kabinə, kompyuter sinfi, elektron lövhəli sinif, direktor və müəllimlər otaqlarından, kitabxana, idman zalından ibarətdir. Məktəbin müəllimi Bəsti Cəlilova ilə həmsöhbət olduq. Onun dediklərindən:
– Doğrusu, köhnə, yararsız məktəb binasında o qədər əziyyət çəkmişik ki, belə bir gözəl binada yeni dərs ilinin başlanmasını səbirsizliklə gözləyirik. Sevincimizin həddi-hüdudu yoxdur. Biz dövlətimizin bu qayğısına əməli işimizlə cavab verməyə çalışacağıq.
Sərxanlı kənd tam orta məktəbinin əsaslı təmir və yenidənqurma işləri isə “Artay LTD” Tikinti Şirkətinin Naxçıvan filialına həvalə olunub. 234 şagird yerlik məktəb binasının fasadı yenidən qurulur, bəzəkli üzlük daşlarla hörülür. Fənn kabinələri, sinif otaqları müasir üslubda təmir edilir, qapı və pəncərələr dəyişdirilir, dəhlizlər genişləndirilir, köhnə tikililər, uyğunlaşdırılmış sinif otaqları sökülür, döşəmə, tavan və pilləkənlər təzələnir, dam örtüyü, istilik sistemi dəyişdirilir. Məktəb üçün əlavə otaqlar, idman zalı tikilir.
Cəfər ƏLİYEV