Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.
Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi ildən-ilə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatda əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir.
Ölkəmizin müasir sənayeləşmə hərəkatına Naxçıvan Muxtar Respublikası da öz töhfələrini verir. Muxtar respublikanın şəhər və rayonlarında yaradılmış sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsul istehsalına da şərait yaradır. Gəmiqaya Sənaye Kompleksi, Gəmiqaya Sement Zavodu, Cahan Sənaye Kompleksi, Dizayn Sənaye Kompleksi, Naxçıvan Sənaye Kompleksi, Naxçıvan Avtomobil Zavodu və digər müəssisələrin yaradılması muxtar respublika sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçirilməsinə geniş imkanlar açmışdır.
Son illərdə yeni və müasir avadanlıqlarla təchizat, son texnologiyaların tətbiqi maşınqayırma müəssisəsinin həm istehsal gücünü, həm də yeni çeşiddə məhsullar istehsal etmək imkanını artırmışdır. Hazırda maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir. Əsasən də avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda minik avtomobilləri istehsal edən yeganə müəssisə olan Naxçıvan Avtomobil Zavodu maşınqayırma sənayesinin inkişafında xüsusi çəkiyə malikdir. Naxçıvan Avtomobil Zavodu nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir.
Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Həmçinin avtomobilin müəyyən hissələrinin Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur. Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır.
Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları açılmışdır. Yaxın vaxtlarda isə Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzinin yaradılması başa çatdırılacaqdır. Bu, həmin rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.
Hazırda ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, yaxın illərdə yerli və müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi nəticəsində milli brendlər daxili bazarda xüsusi yer tutmağa başlamışdır. Dünyanın ən nəhəng maşınqayırma müəssisələrinin Azərbaycanda öz istehsal sahələrini yaratmaq niyyətlərinin gerçəkləşməsi isə bu sahənin yüksək inkişafını təmin edəcəkdir. Onu da nəzərə almaq lazımdır ki, maşınqayırma sənayesinin davamlı şəkildə inkişafı minlərlə yeni iş yerinin açılması deməkdir. Bu isə insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Peşə bayramlarını qeyd edən maşınqayırma sənayesi işçiləri bundan sonra da istehsal çeşidlərinin və həcminin artırılması, ixrac potensialının genişləndirilməsi sayəsində səylərini artıracaqlar.
Çinarə BALAYEVA
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti